“Haber Türk”: Azərbaycana qarşı son hücumlara adi münaqişə kimi baxmaq olmaz Siyasət

“Haber Türk”: Azərbaycana qarşı son hücumlara adi münaqişə kimi baxmaq olmaz

Türkiyənin “Haber Türk” televiziya kanalında 15 İyul – Demokratiya və Milli Birlik Gününə həsr olunan xüsusi verilişdə Ermənistanın Azərbaycanla sərhədin Tovuz rayonu istiqamətində təxribat xarakterli hücumlarından bəhs olunub.

AZƏRTAC xəbər verir ki, verilişin qonaqlarından biri - Bozok Universitetinin dekanı, görkəmli araşdırmaçı professor Kürşad Zorlu mövzu ilə bağlı tamaşaçıları ətraflı şəkildə məlumatlandırıb. Alim diqqətə çatdırıb ki, təcavüzkar Ermənistan illər uzunu həyata keçirdiyi işğalçılıq siyasətini pərdələmək üçün yeni hiylələrə əl atır. Əsaslandırılıb ki, Azərbaycan torpaqlarının iyirmi faizinin işğalda saxlanılması, 2016-cı ildə Türkiyədə törədilən dövlət çevrilişi cəhdi, eləcə də son günlər Ermənistanın Tovuz istiqamətindən Azərbaycana yeni bir savaş cəbhəsi yaratması kimi hadisələrin hamısının arxasında dayanan əsas niyyət Azərbaycan və Türkiyə dövlətçiliyini hədəf almaqdır.

Hazırda regionda gedən prosesləri şərh edən alim deyib ki, Azərbaycan və Türkiyənin strateji əməkdaşlığı, gerçəkləşən layihələr bir sıra qüvvələri ciddi narahat edir. Ona görə də Azərbaycana qarşı son hücumlara adi münaqişə kimi baxmaq olmaz.