Fransadan qanunsuz səfərə şərh Siyasət

Fransadan qanunsuz səfərə şərh

XİN: "Paris Dağlıq Qarabağ münaqişəsinin diplomatik yolla həllinin tapılması üçün götürdüyü öhdəliyə loyal münasibətdə qalmaqdadır"
Fransa Xarici İşlər Nazirliyinin (XİN) nümayəndəsi Burq-Le-Valans şəhərinin merinin Dağlıq Qarabağa qanunsuz səfərini şərh edib.
XİN nümayəndəsi Parisdə keçirilən brifinqdə Fransanın ATƏT-in Minsk qrupunun həmsədri olması nəzərə alınaraq, qanunsuz səfərlərin narahatlıq doğurmasına dair sualı şərh edərkən bildirib: "Belə təşəbbüslər Dağlıq Qarabağın müstəqilliyini tanımayan Parisin rəsmi mövqeyini dəyişmir". Bu barədə Ermənistan KİV-i məlumat yayıb.
Onun sözlərinə görə, Fransa ATƏT-in Minsk qrupunun həmsədri kimi münaqişənin diplomatik və siyasi yolla nizamlanmasının axtarışı prosesinə cəlb edilib.
O, qeyd edib ki, danışıqlara yeni impuls vermək üçün Fransa Prezidenti bu ilin mayında Bakıya və Yerevana səfəri zamanı Azərbaycan və Ermənistan prezidentlərinə payızda Parisdə görüşməyi və vəziyyətdən çıxış yollarını müzakirə etməyi təklif edib.
Bundan əvvəl Azərbaycan XİN-in mətbuat xidmətinin rəhbəri vəzifəsini icra edən Hikmət Hacıyev Trend-ə bildirmişdi ki, Fransanın Burq-Le-Valans şəhərinin meri Marlen Muryenin Azərbaycan Respublikasının razılığı olmadan işğal edilmiş Azərbaycan ərazilərinə səfəri qeyri-qanunidir və onun bu əməli "Dövlət sərhədi haqqında" Azərbaycan Respublikasının Qanununun pozulmasıdır.