İspaniya mətbuatı ermənilərin Azərbaycanın diplomatik nümayəndəliklərinə qarşı törətdiyi vandalizm aktlarını qınayır Siyasət

İspaniya mətbuatı ermənilərin Azərbaycanın diplomatik nümayəndəliklərinə qarşı törətdiyi vandalizm aktlarını qınayır

İspaniyanın böyük oxuyucu auditoriyasına malik “Patrimonio Actual” və “Diplomat in Spain” internet portallarında radikal erməni qüvvələri tərəfindən Azərbaycan Respublikasının xarici ölkələrdəki diplomatik nümayəndəliklərinə, Azərbaycan diasporunun üzvləri tərəfindən keçirilən aksiyalar zamanı dinc nümayişçilərə qarşı son dərəcə aqressiv təxribatçı əməllər törədilməsi kəskin şəkildə qınanılıb.

AZƏRTAC xəbər verir ki, məqalələrdə bu əməllərin özündə vandalizm və terror elementlərini ehtiva etməklə cinayət məsuliyyəti doğurduğu qeyd olunur.

Vurğulanır ki, radikal erməni qüvvələri tərəfindən bu cür vandalizm əməlləri əvvəllər də törədilib. 1970-1980-ci illərdə ASALA və digər erməni terror təşkilatları 70-dən çox insanı qətlə yetirib, ümumilikdə 22 ölkədə 235-dən çox terror aktı həyata keçirib.

Məqalələrdə xüsusi olaraq diqqətə çatdırılır ki, 1991-ci ildə Ermənistan Azərbaycana qarşı ərazi iddialarını həyata keçirmək məqsədi ilə terroru dövlət siyasəti vasitəsinə çevirib və Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və yeddi ətraf rayonunun işğalı prosesində ölkənin müxtəlif regionlarında terror vasitələrindən geniş istifadə edib, azərbaycanlı əhaliyə qarşı soyqırımı və etnik təmizləmə cinayətləri törədib.

Yazılarda radikal erməni qruplarının azərbaycanlı diplomatlara, eləcə də bu ölkələrdəki azərbaycanlı icmaların üzvlərinə qarşı yönəlmiş, nifrətə əsaslanan cinayət əməlləri qətiyyətlə pislənilir, azərbaycanlılara qarşı erməni təxribatlarının törədildiyi ölkələrin aidiyyəti dövlət qurumlarının məsələyə tam məsuliyyətlə yanaşmalarının vacibliyi qeyd olunur.