XİN başçıları gələn ay İsveçrədə görüşəcəklər Siyasət

XİN başçıları gələn ay İsveçrədə görüşəcəklər

Elmar Məmmədyarov: "Biz sülh sazişinin üzərində işləməli və qalan məsələləri müzakirə etməliyik"

İsveçrədə dekabrın əvvəlində Azərbaycan və Ermənistan xarici işlər nazirləri səviyyəsində görüş olacaq. Bu barədə xarici işlər naziri Elmar Məmmədyarov dünən Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyatro ilə təşkil edilmiş birgə mətbuat konfransında bildirib.
E.Məmmədyarov Azərbaycan və Ermənistan prezidentlərinin Paris görüşünün pozitiv addım olduğunu söyləyib: "Paris görüşündə geniş müzakirələr aparılıb. Azərbaycan və Ermənistan prezidentləri həm həmsədrlər, həm də liderlər səviyyəsində görüşüblər. Biz sülh sazişinin üzərində işləməli və qalan məsələləri müzakirə etməliyik.
Azərbaycan və Ermənistan xarici işlər nazirləri səviyyəsində görüş dekabrın əvvəlində İsveçrədə baş tutacaq. Ola bilsin, bu ərəfədə prezidentlər səviyyəsində də görüş olsun."
Nazir Məmmədyarov prezidentlərin növbəti görüşünün gələn il Nyu-Yorkda keçirilməsinin planlaşdırılmasının belə bir görüşün həmin tarixdən əvvəl keçirilməyəcəyi demək olmadığını vurğulayıb: "Bu görüşlərdən ən əhəmiyyətlisi isə Ermənistan qoşunlarının Azərbaycan ərazisindən çıxarılmasının müzakirə olunduğu görüşdür. Belə olan halda biz sülh prosesini işləyəcəyik."