Eldar Namazovla Şahnazaryanı hansı maraqlar birləşdirir? Siyasət

Eldar Namazovla Şahnazaryanı hansı maraqlar birləşdirir?

"Azərbaycan Naminə" İctimai Forumun rəhbərini Ermənistanın sabiq milli təhlükəsizlik naziri Qarabağa eyni prizmadan baxır

Cavid

"Azərbaycan Naminə" İctimai Forumun rəhbəri Eldar Namazovun Finlandiyada Ermənistanın keçmiş milli təhlükəsizlik naziri David Şahnazaryanla birgə bəyanat yayması ölkədə etirazla qarşılanıb. Heç kimdə şübhə doğurmur ki, bu, Dağlıq Qarabağ münaqişəsinin həllində Ermənistanın xeyrinə olan addımdır.
Onların hər iki ölkənin rəhbərliyinə olan müraciətini Azərbaycan və Ermənistanın bir qrup vətəndaş cəmiyyəti nümayəndələri də imzalayıb. Sənədə Azərbaycan tərəfdən Zərdüşt Əlizadə, Arzu Abdullayeva, Əli Abbasov, Leyla Əliyeva, erməni tərəfdən isə Aqasi Enokyan, Aykak Arşamyan, Karen Ohacanyan və Nataliya Martirosyan imza atıb. Bəyanatda deyilir: "Biz tərəflərin siyasi rəhbərlərinə tənzimlənmə prinsiplərinin ayrı-ayrı müddəalarının müxtəlif şəkildə şərh edilməsinə və bir sıra məsələlər üzrə fikir ayrılıqlarının mövcudluğuna baxmayaraq, təxirə salmadan Dağlıq Qarabağ münaqişəsinin ATƏT-in Minsk qrupunun həmsədri Ceyms Uorlikin 7 may 2014-cü il tarixli təşəbbüsü və ATƏT-in Minsk qrupu həmsədrlərinin 12 may 2014-cü il tarixli Bəyanatı əsasında Dağlıq Qarabağ məsələsinin nizamlanmasında Sülh Sazişinin işlənib hazırlanmasına başlamağa çağırırıq".
Bəyanatda yer alan məqamlardan biri də "tərəflərə silah satmamaq" barədə çağırışdır ki, bu öz torpaqlarını işğaldan azad etmək hüququ olan Azərbaycana qarşı yönəlib. Və utanmada da Eldar Namazov iddia edib ki, ermənilərlə imzaladığı sənəd Azərbaycan xalqının maraqlarını əks etdirir.
Yeni Azərbaycan Partiyası icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov isə deyib ki, Eldar Namazovun Dağlıq Qarabağla bağlı, ümumiyyətlə Azərbaycanın adı ilə bağlı hər hansı bir sənədə imza atmağa heç bir hüququ yoxdur.
S.Novruzov qeyd edib ki, E.Namazov ictimai təşkilatın rəhbəri ola bilər, lakin yalnız öz adından danışa bilər: "Azərbaycan xalqının, Azərbaycan dövlətinin adından isə kimlərləsə sənəd imzalamağa heç bir hüququ yoxdur. Bu məsələnin hüquqi tərəfi. Digər dərəfdən, Eldar Namazovun mənəvi baxımdan da Dağlıq Qarabağla bağlı hər hansı bir sənəd imzalamağa haqqı çatmır. Çünki xalqın məsələləri, problemləri ilə bağlı Eldar Namazov həmişə antiazərbaycan mövqeyində olub. Onun bütün fəaliyyətindən bəllidir ki, o, heç vaxt Azərbaycanın milli maraqlarını müdafiə etməyib. Hansısa xarici qüvvələrin maraqlarının müdafiəçisinə çevrilib və daim də ara qarışdırmaqla məşğul olub".
O, əlavə edib ki, ümumilikdə E.Namazovla bu sənədi imzalayanın ağlı yoxdur: "Həm də o Şahnazaryan Leyla Yunusun yaxın dostudur. Səhv etmirəmsə, Şahnazaryan 90-cı illərdə Ermənistanın milli təhlükəsizlik naziri işləyib və onun da fəaliyyəti Azərbaycan əleyhinə materiallar toplayaraq müxtəlif instansiyalara ötürməkdir. Eldar Namazov kimiləri də birbaşa onun material verənləridir".
Milli Məclisin deputatı Sahib Alıyev da bildirib ki, nə Eldar Namazovu, nə də onun yanındakıları heç kim Azərbaycan adından danışmaq üçün vəkil seçməyib: "Açıq-aydın görünür ki, orada Azərbaycanın və azərbaycanlıların mövqeyi yox, bu görüşü təşkil edənlərin mövqeyi səslənir".
O vurğulayıb ki, danışıqlarda həm Azərbaycana, həm də ermənilərə, işğalçıyla eyni cür yanaşma var: "Bəyanatda qeyd olunur ki, maksimalist tələblərdən imtina edib güzəştlərə yaxınlaşmaq lazımdır. Azərbaycan tərəfinin hansı maksimalist tələbi var? Bizim tələbimiz BMT qətnamələrinin yerinə yetirilməsidir ki, bu da beynəlxlaq birliyin tələbidir, yəni heç bir maksimalizm yoxdur".
Deputat hesab edir ki, diqqət çəkən daha bir məqam danışıqlardakı inam atmosferinin yaradılması çağırışları ilə bağlıdır: "Eldar Namazov və başının dəstəsi Finlandiyaya, ermənilərlə bir stol arxasında əyləşməyə dəvət edilən gün Ermənistanın müdafiə naziri Ohanyan Azərbaycana çağırış edir ki, inam atmosferi yaratmaq lazımdır. Və bunu yaratmaq üçün onun irəli sürdüyü ilk şərt snayperlərin ön cəbhədən çəkilməyidir. Bu sinxronluğun təsadüfü olduğunu düşünmürəm. Şübhəm yoxdur ki, Ohanyan 4 il bundan əvvəl Eldar Namazovun və başının dəstəsinin Tiflisdə imzaladıqları başqa bir bəyanatdan xəbərsiz deyil. Həmin bəyanatda da snayperlərin ön cəbhədən çəkilməsi tələbələrdən biri kimi qeyd olunurdu. Əlavə bir tələb isə münaqişənin yalnız sülh yolu ilə həllolunması ilə bağlı tərəflər öhdəlik götürsün".
S.Alıyevin fikrincə ermənilərin özbaşına torpaqları tərk edəcəyini gözləmək sadəlövhlükdür: "Əgər erməni görsə ki, işğal etdiyi Azərbaycan torpağında qazdığı səngərdə rahat yata bilər o bu torpaqdan çəkiləcək? Belə addımı atmaqla Azərbaycan nə vaxta qədər gözləyəcək ki, ermənilər insafa gəlib torpaqları tərk edəcəklər? Bu baxımdan Eldar Namazovun hərəkəti pislənməlidir. Hər halda onları bu görüşə aparıb oturdanlar xalqın mövqeyindən xəbərdardır. Yenə də bu cür adamların vasitəsilə şou yaratmaq, bizə diktə etmək istəyirlər ki , snayperlərin ön cəbhədən geri çağırın. Belə çağırışlara Zakir Həsənovun yaxşı cavabı oldu. Snayperlərin ön cəbhədən çəkilməsi yalnız o zaman baş tuta bilər ki, ermənilər işğal etdikəri torpaqlarımzıdan tamamilə və qeyd-şərtsiz çıxarılsın".
Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı deyir ki, bu cür bəyanatlar yalnız ermənilərin xeyrinə işləyir: "Əgər o sənəddə status-kvonun ləğvindən söhbət getsəydi, bu nəsə olardı. Status-kvo ləğv edilmədən belə tip sənədlərin imzalanması heç nədir. Burada yalnız maddi maraqlar var. Çünki vasitəçilər Azərbaycan və Ermənistan tərəfi arasında diaolqun yaranmasına milyonlar xərcləyir. Bu bəyanatı imzalayanlar da ondan yararlanır".
Bəyanatı imzalayan Ermənistanın sabiq milli təhlükəsizlik naziri David Şahnazaryanın adı bir müddət öncə Leyla və Arif Yunuslar, həmçinin Rauf Mirqədirov məsələsində də çəkilirdi. Onların xalq diplomatiyası adı altında birgə casusluq layihələri həyata keçirdiyi məlum olmuşdu.
Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının rəhbəri, hüquq müdafiəçisi Sahib Məmmədov deyib ki, o belə təşəbbüslərin əleyhinədir: "Vətəndaş cəmiyyətləri arasında dialoq və xalq diplomatiyası kimi təşəbbüslər hazırkı vəziyyətdə Ermənistan üçün əlverişlidir. Rəsmi səviyyədə sülh prosesi heç bir nəticə vermirsə, o zaman bizim dialoqlarımızın heç bir mənası yoxdur. Təbii ki, biz əbədi olaraq düşmən də qala bilmərik. Amma Azərbaycan ərazilərinin 20 faizə yaxını işğal altındadır. Dağlıq Qarabağ ətrafındakı rayonların boşaldılsa və erməni tərəfi işğal sitasətindən əl çəksə o zaman vətəndaş cəmiyyətinin nümayəndələri da yaradılmış dinc şəraitdə mehriban qonşuluq naminə çalışa və nəticə əldə edə bilər".
Bəyanatda yer alan "tərəflərə silah satmamaq" barədə çağırış da S.Məmmədovda təəccüb doğurub: "Mən onları başa düşmürəm. Torpaqları işğal altında olan ölkə kimi, öz müdafiə gücünü artırmaq Azərbaycanın hüququdur. Bizim ölkə niyə Ermənistanla müqayisədə zəif olsun ki? Digər tərəfdən, "xalqların müqəddəratı hüququ" ifadəsindən istifadə edərkən, diqqətli olmaq lazımdır. Ermənilərin dövləti var və ermənilərin kompakt yaşadığı hər yerdə ikinci, üçüncü, dördüncü erməni dövlətinin yaradılması məntiqə sığmır. Mənim fikrimcə, ərazi bütövlüyü hər şeydən öndə gəlməli və üstün tutulmalıdır. O cümlədən, bu münaqişənin həllində bu vacib məqam unudulmamalıdır. Ermənistan Azərbaycanın ən yüksək status vermək təklifini qəbul edib sülhə doğru addım atarsa, münaqişə bir neçə il ərzində tamamilə aradan qalxa bilər".