Bosniyanın “Kruq-99” Müstəqil İntellektuallar Assosiasiyası Ermənistanın Azərbaycana qarşı təcavüzünü pisləyib Siyasət

Bosniyanın “Kruq-99” Müstəqil İntellektuallar Assosiasiyası Ermənistanın Azərbaycana qarşı təcavüzünü pisləyib

Ermənistanın Azərbaycana qarşı təcavüzü – aqressiv davranışın nümunəsi və soyqırımı cinayətinə görə cəzasızlığın nəticəsidir.

Bosniyanın “Kruq-99” Müstəqil İntellektuallar Assosiasiyasının prezidenti Adil Kulenoviçin press-relizi bu sərlövhə altında yayılıb

(bax: https://www.krug99.ba/agresiji-na-azerbejdzan-predstavlja-obrazac-agresivnog-ponasanja-i-posljedice-nekaznjivosti-zlocina-genocida/)

Assosiasiyanın saytında yayılan sənəddə Ermənistan silahlı qüvvələri tərəfindən atəşkəs rejiminin pozulması və Azərbaycanın mülki obyektlərinə zərbələr endirilməsi barədə danışılır. Sənəddə bildirilir ki, bununla bağlı “Kruq-99” Müstəqil İntellektuallar Assosiasiyası Ermənistanın Azərbaycan Respublikasının suverenliyinə və ərazi bütövlüyünə qarşı açıq-aşkar təcavüzünə və Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınan ərazilərini dəyişmək cəhdinə görə Ermənistanın siyasi və hərbi rəhbərliyini pisləyir.

Məlumatda qeyd olunur ki, münaqişənin və müharibənin genişlənməsi, şübhəsiz, təkcə Qafqazda və dünyanın siyasi yarımkürəsinin bu hissəsində münaqişələrə gətirib çıxarmayacaq. Strateji məqsədi bu gün daha aşkar görünən Ermənistan bu münaqişəyə üçüncü tərəfləri cəlb etmək təhlükəsi yaradır.

Bosniya və Herseqovina ictimaiyyəti suveren Azərbaycan Respublikasına qarşı təcavüzə xüsusi həssaslıq göstərir. Ermənistanın aqressiv davranış nümunəsi onun 1992-ci ilin fevralında Xocalıda törətdiyi soyqırımına görə cəzasızlığından irəli gəlir.

Sənəddə deyilir: “Biz beynəlxalq ictimaiyyəti qətiyyət nümayiş etdirməyə və Ermənistanın təcavüzünü pisləməyə, vəziyyətin gərginləşməməsi və beynəlxalq hüququn norma və prinsiplərinə, həmçinin BMT Təhlükəsizlik Şurası tərəfindən 1993-cü ildə qəbul edilən 822, 853, 874 və 884 nömrəli qətnamələrə müvafiq surətdə münaqişənin nizamlanmasının dinc yollarının axtarılması üçün daha çox səy göstərməyə çağırırıq”.

Təşkilatın press-relizində qeyd olunur ki, “Kruq-99” Müstəqil İntellektuallar Assosiasiyası Ermənistanın Azərbaycan Respublikasına qarşı təcavüzünün dayandırılması barədə öz tələbini bir daha təsdiqləyərək, münaqişənin siyasi vasitələrlə, Azərbaycan Respublikasının suverenliyinə və beynəlxalq səviyyədə tanınan sərhədləri çərçivəsində ərazi bütövlüyünə hörmət əsasında nizamlanmasına çağırır.