ATƏT PA-nın Büro iclası keçirilib Siyasət

ATƏT PA-nın Büro iclası keçirilib

Azay Quliyev: Ukraynadakı separatçılara qarşı tətbiq edilən sanksiyalar Dağlıq Qarabağdakı separatçılara da şamil edilməlidir

Bazeldə ATƏT PA-nın növbəti Büro iclası işini davam etdirib. ATƏT PA-nın gündəliyində duran məsələlər, Ukrayna böhranı, bölgədə təhlükəsizlik, Helsinki prinsiplərinə sadiqlik və s. kimi məsələlər avropalı deputatların gərgin müzakirələri ilə keçib.
Azərbaycanı təmsil edən Milli Məclisin deputatı, ATƏT PA-da Siyasi məsələlər və təhlükəsizlik komitəsi sədrinin müavini Azay Quliyev cıxış edərək gündəlikdə duran məsələlərə münasibət bildirib. Azərbaycanlı deputat qeyd edib ki, Ukraynadakı hadisələrin get-gedə gerginləşməsi bölgə üçün xoş heç nə vəd etmir. "ATƏT PA tezliklə Ukrayna böhranının həlli ilə əlaqədar yaradılmış "Bakı Qrupunun" fəaliyyətini bərpa etməli və hadisələrin daha dramatik məcraya yönəlməməsi üçün prosesə ciddi müdaxilə etməlidir" - deyən Azay Quliyev Avropa İttifaqının Ukraynadakı separatçılara qarşı tətbiq etdiyi sanksiyaları alqışladığını və bundan sonra separatçı liderlərin Avropa İttifaqı ərazisinə girişlərinin qadağan edilməsini müsbət qiymətləndirib.
A.Quliyevin sözlərinə görə, bu addım separatçı rejimlərə bir siqnal olmalı və onları belə qanunsuz hərəkətlərdən çəkindirməlidir. Bundan sonra azərbaycanlı millət vəkili avropalı parlamentarilərin diqqətini Dağlıq Qarabağ münaqişəsinə yönəldib. O, bu qadağa və sanksiyaların Dağliq Qarabağ separatçılarına da şamil olunmasının vacibliyini vurğulayıb. Deputat təəssüflə qeyd edib ki, bəzi dövlətlər nəinki, Qarabağ separatçılarına qadağalar tətbiq edir, tam əksinə onları öz ölkələrinə dəvət etməklə bölgədə radikal separatizmi daha da alovlandırır.
"Gələn il Helsinki yekun aktının qəbulunun 40 illiyi Helsinkidə qeyd ediləcək. ATƏT PA bu tarixi günə ciddi hazirlaşmalı və Helsinki prinsiplərinin necə yerinə yetirilməsi vəziyyəti haqqında ətraflı hesabat hazırlanmalıdır" - deyən Azay Quliyev konkret təkliflə çıxış edib: "Yaxşı olar ki, bu hesabatı hazırlayan Joa Soaris Helsinki prinsiplərinin Azərbaycana, Moldavaya, Gürcüstana və Ukraynaya münasibətdə pozulması hallarına daha çox diqqət yetirsin və ATƏT PA öz mandatı çərçivəsində bu pozuntuların qarşısını almaq üçün həlledici qərarlar qəbul etsin".
Belə bir qətnamənin hazırlanmasının vacibliyini qeyd edən azərbaycanlı millət vəkilinin "ATƏT PA-nın Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Joa Suaresi və PA rəhbərliyini bu sənədin hazırlanması və qəbulunda yaxından iştiraka dəvət edirəm" fikri avropalı həmkarları tərəfindən razılıqla qarşılanıb.