Qüdrət Həsənquliyev Azərbaycanın İtaliyadakı səfirini tənqid edib Siyasət

Qüdrət Həsənquliyev Azərbaycanın İtaliyadakı səfirini tənqid edib

"Bizim səfir tədbirə gəldi və cəmi bir neçə dəqiqə oturdu, Senat sədrinin müavini çıxış edəndən sonra isə onun arxasınca çıxıb getdi"

Cavanşir Həsənli

Milli Məclisin dünənki iclasında Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev cari məsələlər ətrafında çıxışı zamanı Azərbaycanın İtaliyadakı səfirliyinin fəaliyyətindən narazılığnı ifadə edib.
Qüdrət Həsənqulyev qeyd edib ki, bu günlərdə Azərbaycan Milli Məclisi ilə İtaliya parlamenti Romada multikultiralizm və İslam mövzusunda birgə geniş konfrans keçirib. Orada bizim parlament nümayəndələri - komitə sədri Əli Hüseynli, Azər Kərimov, Mixail Zabelin, Yevda Abramov və mən, Azərbaycandan olan icma rəhbərləri, həmçinin İtaliya parlamentariləri iştirak edirdi. Mən bu tədbirdə xüsusi zəhməti olan Azər Kərimlinin xidmətlərini qeyd etmək istəyirəm. Senat sədrinin iki müavini, bu sahədəki alimlər, mütəxəssislər həmin tədbirdə cıxış etdilər. Bizim Vatikanda görüçlərimiz oldu. Roma Papasının Türkiyədə verdiyi açıqlama ilə bağlı öz narazılığımızı bildirdik. Onun II İlya ilə görüşündə guya "gürcülərlə ermənilər İslam dünyasının ortasında bir vadidir və onlar bir-birilərini müdaiə etməlidirlər" kimi dəqiq bilmədiyimiz açıqlamaları ilə bağlı narazılığımızı bildirdik və xahiş etdik ki, narahatlığımız Papaya çatdırılsın.
Millət vəkili bildirdi ki, səfər zamanı təəssüf doğuran bir məqam oldu və bu məsələnin üstündən sükutla keçmək olmur: "Rusların bir sözü var, "za derjavu obidno". Bizim səfir o tədbirə gəldi və
cəmi bir neçə dəqiqə oturdu, Senat sədrinin müavini çıxış edəndən sonra isə onun arxasınca çıxıb getdi. Amma biz görürük ki, Avropadan bura qonaqlar gələndə müvafiq ölkələrin səfirləri onları qarşılayıb yola salırlar. Onların görüşlərində iştirak edirlər. Bizim keçmiş həmkarımız, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı ilə birgə Vatikanda görüş keçirdik. Səfir bizi müşayiət etmədi, hələ qarşılayıb yola salmağı demirəm, heç olmasa otelə gəlib səfirliyə çay süfrəsinə belə dəvət etmir. Heç olmasa tədbir zamanı kofe fasiləsinə qədər gözləyib, normal bir salaşmır da. Hesab edirəm ki, belə münasibət yolverilməzdir və məncə, bu məsələ Xarici İşlər Nazirliyinin diqqətinə çatdırılmalıdır".
Məsələyə reaksiya verən spiker Oqtay Əsədov isə İtaliyadakı səfir Vaqif Sadıqovun kifayət qədər təcrübəli diplomat olduğunu qeyd edib. O bildirib ki, bu məsələni araşdıracaq.
Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov isə deyib ki, məsələ texniki xarakter daşıyır: "Azərbaycanın İtaliyadakı səfiri Vatikanda akkreditasiyadan keçməyib. Vatikanın şərtlərinə görə, İtaliyadakı fövqəladə və səlahiyyətli səfir Vatikanda eyni statusa malik ola bilməz. Hər bir ölkə ya Vatikana ayrıca səfir təyin etməlidir, ya da o səlahiyyəti başqa ölkədən olan səfirinə verməlidir. Azərbaycanın Vatikandakı fövqəladə və səlahiyyətli səfiri isə Fransadakı səfirimiz Elçin Əmirbəyovdur".