“Uydurulmuş tarix məğlub olacaq” Siyasət

“Uydurulmuş tarix məğlub olacaq”

Elxan Şahinoğlu: "Ərdoğanın Sarkisyanı Çanaqqala savaşının 100-cü ildönümünün anım mərasiminə dəvət etməsi diplomatik gedişdir"

Fəzail İbrahimli: "Mərasimin məhz 24 aprelə təsadüf etməsi beynəlxalq aləmə mesajdır"

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan erməni həmkarı Serj Sarkisyanı "erməni soyqırım" günündə Çanaqqala Zəfərini bayram etmək üçün ölkəsinə dəvət etməsi birmənalı qarşılanmadı və hələ də müzakirə mövzusu olaraq qalır. Bu dəvətlə bağlı müxtəlif fikirlər səsələndirilir. Bəziləri bunu düzgün, bəziləri isə yanlış hesab edirlər... Qeyd edək ki, rəsmi Ankara I Dünya müharibəsi zamanı 1915-16-cı illərdə baş verən Şanaqqala savaşının 100-cü il dönümünü qeyd etməyə hazırlaşır. 23-24 aprel tarixlərində baş tutacaq tədbirə 102 ölkənin dövlət və hökumət başçısı dəvət olunub. Dəvətlilər siyahısında ABŞ prezidenti barak Obama və Ermənistan prezidenti Serj Sarkisyan da var.
Xatırladaq ki, işğalçı ölkə rəhbəri Serj Sarkisyan Türkiyə prezidentinin 24 aprel Çanaqqala zəfər bayramına qatılmaq üçün göndərdiyi dəvətə "ittiham" məktubu ilə "cavab verib. O, Ərdoğanı Çanaqqala qalibiyyətinin yüz illiyinin 24 apreldə keçirilməsinə görə qınayıb. Türkiyə rəhbərinin bu addımı ilə qondarma soyqırımın üzərindən dünyanın diqqətini yayındırmaq niyyəti olduğunu bildirib.
Politoloq Hikmət Hacızadə Ermənistan prezidenti Serj Sarkisyanın Ərdoğanın 24 aprel Çanaqqala dəvətinə sərt reaksiyasına münasibət bildirərkən "Türkiyə rəhbəri erməniləri bu minvalla yola gətirmək istəyir",- deyə bildirib. Hikmət Hacızadə Türkiyə prezidentinin ermənilərlə yaxınlaşmasının xüsusi səbəbləri olduğunu açıqlayıb: "Rəcəb Tayyib Ərdoğan ermənilərlə hər cür münasibət qurub. Türkiyə rəhbəri bu addımları ilə erməniləri yumşaldaraq Rusiyadan qoparmaq istəyir. Türkiyə prezidentinin böyük planı belədir".
Hikmət Hacızadə Serj Sarkisyanın Ərdoğanın dəvətini qıcıqla qarşılamasının arxasında da iki siyasi amilin dayandığını vurğulayıb: "Sarkisyan isə bu bəyanatı ilə həm ölkənin daxilində reytinq yığmaq, həm də gərginliyi azaltmaq istəyir. Bunun da səbəbi var. O, bununla Kremlə çatdırır ki, "darıxmayın, mənim Turkiyə tərəfə keçmək fikrim yoxdur".
Politoloq Elxan Şahinoğlu isə hesab edir ki, Ərdoğanın Çanaqqala Zəfərininin 100 illinə Sarkisyanı dəvət etməsi təsadüf deyil. O, bu addımın arxasında siyasi çalarların dayandığı deyib: "Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Ermənistan prezidenti Serj Sarkisyanı Çanaqqala savaşının 100-cü il dönümünün anım mərasiminə dəvət etməsi çox doğru addımdır, diplomatik gedişdir".
Elxan Şahinoğlu vurğulayıb ki, Ermənistanın xarici işlər naziri Vardan Oskanyan da Türkiyədə olanda Ermənistan prezidentinin məktubunu Ərdoğana təqdim edib, onu "soyqırım" tədbirlərinə dəvət etmişdi: "Aydın məsələ idi ki, bu, təxribatdır və Türkiyə prezidenti heç bir halda bu tədbirə getməz. Apreldə ermənilər "soyqırım"ın 100 illiyini qeyd edəcək və bu istiqamətdə konfanslar, seminarlar keçirəcək, Türkiyə əleyhinə qanunların qəbul olunmasına çalışacaqlar. Ərdoğan da cavab olaraq məhz həmin tarixdə Çanaqqala savaşının 100 illiyini keçirir və bir çox dövlət başçısını bu tədbirə dəvət edib. O cümlədən ABŞ prezidenti və Ermənistan prezidenti də bu siyahıdadır. Aydın məsələdir ki, Sarkisyan da bu tədbirə gəlməyəcək".
Politoloq hesab edir ki, Türkiyə prezidentinin bu addımı erməni lobbisinin qondarma "soyqırım"ın il dönümü ilə bağlı çalışmalarını neytrallaşdırmaq məqsədi daşıyır: "Çanaqqala savaşının il dönümünün yüksək səviyyədə qeyd edilməsi və Azərbaycan prezidentinin də bu tədbirə dəvət edilməsi onu göstərir ki, rəsmi Ankara erməni lobbisinin çalışmalarını neytrallaşdırmağa çalışır və buna müəyyən qədər nail olacaq. Belə ki, Azərbaycan prezidenti bu fikrin üstündə xüsusi dayandı ki, məhz bu tarixdə Çanaqqala savaşının qeyd olunması çox önəmlidir. Əslində bu, iaşrə idi, ermənilər yenə təxribat hazırlayacaq və biz bu şəkildə onların təxribatına cavab verəcəyik". Elxan Şahinoğlu qeyd edib ki, İlham Əliyevin Türkiyəyə son rəsmi səfəri də bu baxımdan çox əhəmiyyətlidir. Çünki Türkiyə-Ermənistan diplomatik münasibətlərinin bərpa olunacağı ilə bağlı fikirlər dolaşırdı: "Belə fikir gəzirdi ki, guya aprel ayına qədər Türkiyə hökuməti Ermənistanla diplomatik münasibətləri bərpa edəcək. Amma həm İlham Əliyevin səfəri, həm Çanaqqala savaşının yüz illiyinin qeyd edilməsi və bu tədbirə Azərbaycanın dövlət başçısının dəvəti bir daha onu göstərir ki, Ərdoğan Ermənistan siyasətini dəyişməyib. Və Dağlıq Qarabağ münaqişəsi həll olunmayana qədər heç bir halda Ermənistanla sərhədi açmayacaq və bu ölkə ilə diplomatik münasibət qurmayacaq".
Millət vəkili Fəzail İbrahimli isə məsələyə fərqli prizmadan yanaşır. Çanaqqala savaşının türklərin şərəf və ləyaqət döyüşü olduğunu deyən millət vəkilinin sözlərinə görə, mərasimin məhz 24 aprelə təsadüf etməsi beynəlxalq aləmə mesajdır: "Hamıya məlumdur ki, Çanaqqala savaşı həmin tarixdən daha əvvəl olub. Mərasim isə məhz 24 apreldə, ermənilərin qondarma soyqırımı qeyd etdikləri gündə təşkil ediləcək. Bir tərəfdə qalib Türkiyə, bir tərəfdə isə məğlub ermənilər".
Ərdoğanın Sarkisyanı da həmin mərasimə dəvət etməsinin sadəcə diplomatik jest olduğunu deyən millət vəkili həmin gün Ermənistanda da "soyqırımı" anma mərasiminin keçiriləcəyini bildirib: "Çanaqqala savaşının 100 illiyi münasibətilə mərasimin məhz 24 aprelə təyin edilməsi böyük düşüncənin məhsuludur. Bir tərəfdə real tarix, bir tərəfdə isə uydurulmuş tarix. Uydurulmuş tarix məğlub olacaq".

Əli