Nüfuzlu Avropa təşkilatı Qarabağın işğalına son qoyulmasını tələb edir Siyasət

Nüfuzlu Avropa təşkilatı Qarabağın işğalına son qoyulmasını tələb edir

"İşğalçılar zəbt etdikləri zonalarda tarixi və mədəni irsi qəsdən dağıdıb, etnik təmizlənmə həyata keçiriblər"

Norveçin təhsil, mədəniyyət, musiqi, siyasət və din sahələrində fəaliyyət göstərən 25 qeyri-hökumət təşkilatını özündə birləşdirən Beynəlxalq və Çoxmədəniyyətli Könüllülük Mərkəzi (SAİFF) "Qarabağa Azadlıq" adlı bəyanat qəbul edib.
APA-nın məlumatına görə, bu barədə mərkəzin sədri Anna Opland Stenersen tərəfindən yayılmış bəyanatda deyilir.
Bəyanatda qeyd olunub ki, SAİFF-in İdarə Heyəti tarixi faktları və BMT Təhlükəsizlik Şurasının qətnamələrini diqqətlə araşdırdıqdan sonra aşağıdakı qənaətə gəlinib:
"Azərbaycanın qədim tarixi regionlarından biri olan Qarabağda ermənilərin işğalından əvvəl 600-dən çox tarixi abidə və 1050-dən artıq qədim tikili olub. Təkcə Qafqazın konservatoriyası kimi tanınan Şuşada 36 təhsil ocağı, 435 mədəni və dini mərkəz, 10 muzey və qala məqsədyönlü şəkildə dağıdılıb.
Ermənistan hələ 1988-ci ildə, Sovet İttifaqının süqutundan əvvəl, Moskvanın köməyinə arxalanaraq ərazi iddiaları ilə çıxış edib və Rusiyanın intensiv dəstəyi ilə hərbi əməliyyatlara başlanıb. 1994-cü ildə atəşkəs elan olunana qədər Ermənistan Dağlıq Qarabağı və ətrafdakı 7 rayonu - Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı və Zəngilanı işğal edib".
Daha sonra bildirilib ki, Ermənistan silahlı qüvvələrinin Qarabağı işğal etməsindən 22 il keçir. BMT Təhlükəsizlik Şurasının Ermənistan qoşunlarının Azərbaycan ərazisindən çıxarılması ilə bağlı 4 qətnaməsinin olmasına baxmayaraq, ədalət bu günə qədər öz yerini tapmayıb: "İşğalçılar zəbt etdikləri zonalarda tarixi və mədəni irsi qəsdən dağıdıb, etnik təmizlənmə həyata keçiriblər. Bütün bunlar "Konfliktlər zamanı mədəni mülkiyyətin qorunması barədə" 1954-cü il Haaqa və "Dünya mədəni və təbii irsinin qorunması"na dair UNESCO-nun 1972-ci il konvensiyalarının prinsiplərinin pozulduğunu təsdiq edir.
SAİFF-in İdarə Heyəti Azərbaycanın mədəniyyətinə, musiqisinə, adət-ənənələrinə və insanlarına həmrəylik və beynəlxalq dəstək aktı olaraq "Qarabağa Azadlıq" adlı bəyanat imzalayır və bu regionun daha yaxşı gələcəyi naminə dünya birliyinin digər üzvlərinə qoşulur".