“Qərb diplomatları erməni terrorçularından, kriminallarından çəkinirlər” Siyasət

“Qərb diplomatları erməni terrorçularından, kriminallarından çəkinirlər”

Mübariz Əhmədoğlu: "Məhz bu faktora görə, onlar Ermənistana yalnız müsbət, sivil, demokratik don geyindirməyə çalışırlar

"Ermənistanda hakimiyyət uğrunda mübarizə başlayıb. Başda prezident Serj Sarkisyan olmaqla, "Qarabağ klanı" hakimiyyət uğrunda indiki başlanmış mübarizənin qarşısını ala bilməyəcək. Sürətini zəiflədə bilər. Bundan başqa bir şeyə nail olmayacaq. Çünki "Qarabağ klanı" özünün ən gizli saxladığını açıq ortalığa qoymağa məcbur olub". Bunu Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu deyib.
Onun sözlərinə görə, söhbət erməni kriminallarının siyasi proseslərə müdaxiləsinin başlanmasından gedir.
M.Əhmədoğlu qeyd edib ki, "Qarabağ klanı"nın banisi Robert Koçaryan Ermənistanda Levon Ter-Petrosyanı yıxıb hakimiyyətə gəldiyi andan oradakı bütün siyasi prosesləri kriminallar idarə edir: "Hətta Koçaryanın özünün dövlət çevrilişi etməsində kriminalların mühüm rolu oldu. Ermənistan cəmiyyətində kriminal avtoritetlərə həmişə böyük hörmət olub. Ermənistan tarixində heç bir alim, şair, yazıçı təbəqəsi nüfuzuna görə kriminal təbəqə ilə yarışa bilməz. Ermənistanda erməni xalqının dövlətçiliyi olmayıb, kilsə tərəfindən idarə olunub. Kilsənin açıq tövsiyə və göstərişlərlə yanaşı gizli əməlləri də olub. Əhalini müəyyən istiqamətlərə yönəltmək üçün kilsə adı altında bu işləri gizli qüvvələr və indiki kriminal avtoritetlərin metodu ilə reallaşdırıb. Dövlət ədalətinin nə olduğunu bilməyən erməni xalqı ədalət üçün örnək kimi kriminal avtoritetləri qəbul edirlər".
M.Əhmədoğlu vurğulayıb ki, indi Ermənistanda Q.Sarukyanın siyasi lider kimi sıradan çıxması ilə "Qarabağ klanı"nın qarşısına çıxa biləcək irəvanlı qalmadı:
"Ermənistanda hazırda ən mütəşəkkil qüvvə "Qarabağ klanı"dır. Amma "Qarabağ klanı"ın səriştəsizliyi özünün ən böyük müxalifətidir. Eləcə də "Qarabağ klanı"nın tarixən saxtalıq əsasında formalaşması da onlara kənardan olan inamı azaldıb, Rusiya və digər dövlətləri özlərinin düşməninə çeviriblər. Belə vəziyyətdə hətta 100 nəfərlik adamın yürüş təşkil etməsi Ermənistan dövlətçiliyi üçün birbaşa təhlükədir. "Qarabağ klanı"nı Ermənistan dövlətçiliyi Qarabağ ermənilərinin dövlətçiliyinin dayağı kimi maraqlandırır. "Qarabağ klanı" üçün Ermənistan dövlətçiliyinin başqa mahiyyəti yoxdur. Eyni zamanda, bu dövlətdən istifadə edərək özlərini beynəlxalq hüququn subyekti kimi göstərə bilirlər. Ona görə "Qarabağ klanı" yaxın vaxtlarda hakimiyyətdən gedəcəksə, həm də Qarabağ əldən çıxacaq. Bütün bunları başa düşən S.Sarkisyan son addımına əl atdı. O, Ermənistanın idarəçiliyi üçün kriminalları yenidən "Qarabağ klanı"na müttəfiq elan etdi. İndi Ermənistanın daxilində müxalifətçilər hər hansı aktivlik göstərən kimi qarşılarında hüquq mühafizə orqanlarından əvvəl kriminal elementləri görürlər. Hüquq mühafizə orqanları kriminalların fəaliyyətinin tamamlayıcısı rolunda çıxış edir".
Politoloq əlavə edib ki, Ermənistanda kriminal ünsürlər şəhərlərdə küçə- küçə, rayonlarda isə məhəllə və kənd üzrə əhalini seçkilərdə kimə necə səs verməyə yönəldirdi:"Son vaxtlar Ermənistanda baş verən kriminal "razborkalarda" baş nazirin, ayrı- ayrı nazirlərin adının hallanması da təsadüfi deyil. Hansı vəzifəli şəxs kriminal elementlərə yaxın olacaqsa, siyasi bölgüdə onun payı da bir o qədər çox olacaqdır. Eləcə də kriminal elementlər Ermənistanın dini sferasını da müəyyənləşdirir. Kriminal idarəçilik prinsipi Erməni Apostol Kilsəsinə dünyanın müxtəlif ölkələrinə səpələnmiş erməni kilsələrini məqsədyönlu idarə etməyə imkan yaradır. Erməni din xadimlərinin sivillikdən xəbəri yoxdur. HSBC bankının gizli hesabları açılarkən Erməni Apostol Kilsəsinin başçısı II Qareginin hesabında 1.1 milyon dollar pul aşkarlandı. II Qaregin Ermənistanda ən varlı adamlardan biridir. Xeyli torpağı, əmlakı var. ABŞ-da və Fransada olan mülklərinin də miqdarı orta səviyyəli milyonerin mülkləri ilə müqayisə oluna bilər. Suriya ermənilərinin həftələrlə çörək tapa bilmədiyi vaxtlar olub. Erməni Apostol Kilsəsi cəmi 200 min dollar Suriya ermənilərinə yardım edib. Bunu kriminal idarəçilik prinsipindən başqa şeylə izah etmək mümkün deyil".
M.Əhmədoğlu vurğulayıb ki, qərb diplomatları, siyasi xadimləri erməni terrorçularından, kriminallarından çəkinirlər:"Məhz bu faktora görə, onlar Ermənistana yalnız müsbət, sivil, demokratik don geyindirməyə çalışırlar. Hər halda Ermənistan dövlətçiliyinin sıradan çıxması Ermənistanın daxilindən və xaricindən qaynaqlanır. Bəzən düşünürsən ki, erməni xalqına qarşı böyük xəyanət hazırlanıb. Erməni diasporunun güclü olduğu iri dövlətlər ermənilərdən beziblər, erməniləri tərifləyə-tərifləyə məhvə doğru sürükləyirlər. Bu məsəldə S.Sarkisyan onların çox yaxşı müttəfiqidir".

Əli