Putinin Cənubi Qafqaz siyasətində şantaj xətti… Siyasət

Putinin Cənubi Qafqaz siyasətində şantaj xətti…

Rusiya prezidenti ABŞ kəşfiyyatının Azərbaycandakı nümayəndələrinin Şimali Qafqazdakı terrorçularla təmasda olduğunu bəyan edib

Cavid

Rusiya prezidenti Vladimir Putinin hakimiyyətə gəlməsinin 15 illiyi ilə bağlı çəkilmiş film ekranlara çıxıb. "Rossiya 1" telekanalında göstərilən filmin əsasında Rusiya liderinin jurnalist Vladimir Solovyevə verdiyi iki saatlıq müsahibə dayanır.
Putinin filmdə Çeçenistan müharibəsi, "Kursk" sualtı qayığının məhvi, Duörovka terroru, Krımın işğalı kimi dramatik hadisələrdən danışıb. Filmdə 1999-cu ilin avqust ayında bu yana Rusiyada baş vermiş hadisələr əhatə olunur.
Daha öncə filmlə bağlı yalan məlumatda bildirilmişdi ki, Vladimir Putin Beslanda və Dubrovkadakı teatr mərkəzində baş vermiş terror hadisələrini hakimiyyətinin ən ağır anları sayıb.
"Bunlar, əlbəttə, dəhşətli terror hadisələridir. Bu, Beslan və Dubrovkadakı mərkəzdir", - deyə Vladimir Putin vurğulayıb.
"Aydın idi ki, məsuliyət böyükdür. Mən özüm üçün qərara aldım ki, başqa seçimim yoxdur. Axıra kimi getməliyəm", - deyə prezident bildirib.
1 sentyabr 2004-cü ildə Ruslan Xaçbarovun rəhbərlik etdiyi 30 nəfərlik dəstə Osetiyanın Beslan şəhərinə hücum edərək 1128 adamı girov götürüb. Girovlar üç gün ərzində ac və susuz idman zalında saxlanmışdı. Hadisə zamanı 335 nəfər ölmüşdü, onlardan 318-i girov olub. Girovlardan 186-sı uşaq olub. 810 nəfər isə yaralanmışdı.
Movsar Barayevin başçılıq etdiyi silahlı qruplaşması 23-26 oktyabr 2002-ci ildə Moskvada "Nord-Ost" müzikli gedən mədəniyyət evinə hücum etmişdi. Terrorçular 900 nəfəri girov götürüb. Hadisə zamanı 130 nəfər girov dünyasını dəyişib.
Həmin filmdə Putin həmçinin Qərb ölkələrini Rusiyanın inkişafının qarşısnı almağa səy göstərməkdə ittiham edib. Putin bildirib ki, Rusiyanın Ukraynaya münasibətdə yürütdüyü siyasət beynəlxalq hüququ və "oyun qaydalarını" pozmur.
Onun fikrincə, Moskvaya qarşı beynəlxalq sanksiyalar Rusiaynın irəliləyişinin qarşısını kəsmək məqsədi güdür.
Vladimir Putin hesab edir ki, Rusiya öz maraqlarını müdafiə etməyə cəhd göstərəndə Qərb ölkələri bunu geosiyasi rəqabət niyyəti kimi qəbul edirlər.
Putinin sözlərinə görə Qərb Rusiyaya qarşı bu cür siyasəti hələ çar dövrlərindən yürütməkdədir: "Onlar istəyir ki, Rusiya onların qarşısında həmişə yardım dilənən bir ölkə kimi olsun".
Maraqlıdır ki, filmdə Putin prezident vəzifəsindən sonra şəxsi həyatı haqqında danışıb.
O deyib: "Mən prezident olmadığım dövrdə heç vaxt xarici dünya ilə əlaqəni itirməmişəm. Mən həyatımı dövlət başçısı vəzifəsindən getdikdən sonra da tamamilə yaxşı təsəvvür edirəm."
Onun sözlərinə görə, insan həyatı təkcə prezidentlikdən ibarət deyil. Ali vəzifədən sonra insan həyatı lakmus kağızına bənzəyir. Əgər insan saray interyerindən çıxıb adi mənzilə qayıda və orada yaşamağı bacarırsa, hesab edirəm, o, xarici dünya ilə əlaqələri kəsməməlidir.
Onu da qeyd edək ki, həmin filmdə Rusiya prezidenti V.Putin 2000-ci illərin əvvəllərində ABŞ kəşfiyyatının Azərbaycandakı nümayəndələrinin Şimali Qafqazdakı terrorçularla təmasda olduğunu bəyan edib.
Mövzu ilə bağlı politoloq, keçmiş dövlət müşaviri Qabil Hüseynli şərh verib. O, bildirib ki, ABŞ kəşfiyyatının Rusiyanı Azərbaycan üzərindən izləməsi ehtimalı azdır. Ekspertin fikrincə, Amerikanın ən üstün cəhəti peyk vasitəsi ilə kəşfiyyat işləri aparmaqdan ibarətdir: "Onlar peyk vasitəsi ilə hərəkət edən maşının seriya nömrəsini müəyyən edə bilirlərsə və Rusiyada bütün kabinetlərdə aparılan siyasi danışıqları tuta bilirlərsə, daha Azərbaycan üzərindən hansısa nəzarətə ehtiyac yoxdur". Qabil Hüseynli bildirib ki, Vladimir Putinin dedikləri Rusiyanın Azərbaycana qarşı psixoloji təzyiq vasitəsidir. Politoloqun fikrincə, Rusiya liderinin bəyanatı keçmişə işarədir: "Rus-çeçen müharibəsi zamanı Çeçenistandan bəzi yaraqlılar Azərbaycana gətirilirdi və onlar burda qalırdılar. O da düzdür ki, Azərbaycandakı xarici ölkə səfirliklərinin özlərinin kəşfiyyat işlərinə baxan adamları olur". Sabiq dövlət müşaviri söyləyib ki, Azərbaycan istənilən terror şəbəkəsi ilə əlaqələrin üzrə çıxarılması, onun qarşısının alınması gücünə malikdir. Qabil Hüseynli onu da əlavə edib ki, Azərbaycan öz üzərindən qonşuların əleyhinə kəşfiyyat işlərinin aparılmasına imkan verməz.