“Putinin sözlərindən belə çıxdı ki Vaşinqton bütün işlərini Azərbaycan üzərindən görüb” Siyasət

“Putinin sözlərindən belə çıxdı ki Vaşinqton bütün işlərini Azərbaycan üzərindən görüb”

Qabil Hüseynli: "Vladimir Putinin dedikləri Rusiyanın Azərbaycana qarşı psixoloji təzyiq vasitəsidir"

Elxan Şahinoğlu: "Hətta belə faktlar olubsa belə Putin Azərbaycanın adını hallandıramaya bilərdi"

Rusiya prezidenti Vladimir Putin 2000-ci illərin əvvəllərində ABŞ kəşfiyyatının Azərbaycandakı nümayəndələrinin Şimali Qafqazdakı terrorçularla təmasda olduğunu bəyan edib. Kreml başçısı "Rossiya 1" telekanalında nümayiş olunan "Prezident" filmində bu barədə danışıb.
Mövzu ilə bağlı danışan politoloq, keçmiş dövlət müşaviri Qabil Hüseynli bildirib ki, ABŞ kəşfiyyatının Rusiyanı Azərbaycan üzərindən izləməsi ehtimalı azdır. Ekspertin fikrincə, Amerikanın ən üstün cəhəti peyk vasitəsi ilə kəşfiyyat işləri aparmaqdan ibarətdir: "Onlar peyk vasitəsi ilə hərəkət edən maşının seriya nömrəsini müəyyən edə bilirlərsə və Rusiyada bütün kabinetlərdə aparılan siyasi danışıqları tuta bilirlərsə, daha Azərbaycan üzərindən hansısa nəzarətə ehtiyac yoxdur". Qabil Hüseynli bildirib ki, Vladimir Putinin dedikləri Rusiyanın Azərbaycana qarşı psixoloji təzyiq vasitəsidir.
Politoloqun fikrincə, Rusiya liderinin bəyanatı keçmişə işarədir: "Rus-çeçen müharibəsi zamanı Çeçenistandan bəzi yaraqlılar Azərbaycana gətirilirdi və onlar burda qalırdılar. O da düzdür ki, Azərbaycandakı xarici ölkə səfirliklərinin özlərinin kəşfiyyat işlərinə baxan adamları olur". Sabiq dövlət müşaviri söyləyib ki, Azərbaycan istənilən terror şəbəkəsi ilə əlaqələrin üzrə çıxarılması, onun qarşısının alınması gücünə malikdir. Qabil Hüseynli onu da əlavə edib ki, Azərbaycan öz üzərindən qonşuların əleyhinə kəşfiyyat işlərinin aparılmasına imkan verməz.
Politoloq Elxan Şahinoğlu belə isə deyib ki, Putin 1990-cı illərin sonunda ABŞ kəşfiyyatı ilə çeçen mücahidlər arasında kəşfiyyat əlaqələri haqqında danışarkən bir anlığa fasilə verdi və...Azərbaycanın bu əlaqələrdə adının çəkilməsinə üstünlük verdi: "Yəni Putinin sözlərindən belə çıxdı ki, Vaşinqton bütün işlərini Azərbaycan üzərindən görüb. Hətta belə faktlar olubsa belə Putin Azərbaycanın adını hallandıramaya bilərdi, söyləyərdi ki, "üçüncü ölkələrdən biri vasitəsilə...". Putin Azərbaycanın adını mənfi mənada çəkməklə bizə mesaj verir ki, Rusiyanın bölgədə müttəfiqi Ermənistandır və Dağlıq Qarabağ məsələsində İrəvanın mövqeyini dəstəkləyir, Azərbaycana isə inanmır. Məsələ bu qədər bəsitdir" – deyə E.Şahinoğlu qeyd edib.

Əli