“Azərbaycan belə mərhələləri dəfələrlə keçib” Siyasət

“Azərbaycan belə mərhələləri dəfələrlə keçib”

Aydın Mirzəzadə: "Parlament seçkiləri ərəfəsində də antiazərbaycan kampaniyasının yeni mərhələsi başlayacaq"

"İş burasındadır ki, Azərbaycan cəmiyyəti artıq kifayət qədər püxtələşmiş, kifayət qədər demokratik ənənələrə malik olan bir cəmiyyətdir". Onu kənardan hansısa bir çağırışla və yaxud da xarici bir QHT-nin bəyanatı ilə dəyişmək qeyri-mümkün olan məsələdir.
Bunu gün.Az-a açıqlamasında Milli Məclisin (MM) deputatı Aydın Mirzəzadə dilə gətirib.
Onun dediyinə görə, Azərbaycan seçicisi konkret siyasətə, konkret fəaliyyətə qiymət verir və ölkə prezidenti İlham Əliyevin fəaliyyəti 12 il ərzində Azərbaycanın bütün sahələri üzrə uğurlar əldə etməsinə səbəb olub.
O qeyd edib ki, məhz bunun nəticəsidir ki, bir lider kimi onun ciddi alternativi ortada görünmür.
"Eyni zamanda, onun rəhbərlik etdiyi Yeni Azərbaycan Partiyasının da bütün Azərbaycan coğrafiyası üzrə təşkilatları var. O, Azərbaycanın nüfuzlu şəxslərini öz ətrafında, öz sıralarında birləşdirir. O, daima cəmiyyətlə sıx təmasdadır. Cəmiyyətin nəbzini tutmağa çalışır.
Buna görə də qarşıdan gələn növbəti parlament seçkilərində Heydər Əliyev kursunun və Yeni Azərbaycan Partiyasının namizədlərinin yüksək səviyyədə dəstəklənməsi gözləniləndir.
Necə ki, ilk Avropa Oyunları qarşısında antiazərbaycan kampaniyası vüsət alır, bir müddət o soyuyacaq və payızda isə yenidən antiazərbaycan kampaniyasının yeni bir mərhələsi başlayacaq. Bu, seçkilərə hesablanır, yəni, radikal müxalifət mövqeyində duran təşkilatlar xaricdə bu və ya digər qəzetdə çap olunan hansısa bir məqaləyə istinad edəcək, hansısa bir QHT-nin dəstəyini Azərbaycan seçicisinə bir arqument kimi təqdim etməyə və bununla da reytinq qazanmağa çalışacaqlar. Amma bütün bunların hamısı əbəsdir. Azərbaycan belə mərhələləri dəfələrlə keçib", - deyə o, sözlərinə əlavə edib.