“Çox təəssüflər olsun ki...” Siyasət

“Çox təəssüflər olsun ki...”

Novruz Məmmədov: "Tarixdə ilk dəfə Azərbaycanın Avropa Oyunlarını keçirməyi üzərinə götürdüyü halda ölkəmizə qarşı belə kampaniya aparılır"

"Müasir beynəlxalq münasibətlər sistemində Azərbaycana qarşı aparılan qarayaxma kampaniyası çox utancverici prosesdir. İndiki dövrdə bütün proseslər açıq, şəffaf olmalıdır. Çox təəssüflər olsun ki, tarixdə ilk dəfə Azərbaycanın Avropa Oyunlarını keçirməyi üzərinə götürdüyü halda ölkəmizə qarşı belə kampaniya aparılır".
Bunu Prezident Administrasiyasının rəhbərinin müavini, xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov deyib.
N. Məmmədov qeyd edib ki, qədim Yunanıstandan üzü bəri olimpiyada keçirilən zaman müharibə və münaqişələrin dayandırılması ənənəsi var: "Amma bu gün Oyunlar ərəfəsində bizə qarşı kampaniya aparılır. Güclü inkişaf edən, demokratiya qurmaq istiqamətində ciddi addımlar atan, regionda liderə çevrilmiş dövlətə qarşı belə kampaniyanın həyata keçirilməsi heç kimə başucalığı gətirmir".
Onun sözlərinə görə, Azərbaycan xalqı özünə arxayındır: "Azərbaycan xalqı bu proseslərin mahiyyətini başa düşür. Ona görə də belə kampaniyalarla heç nəyə nail olmayacaqlar. Azərbaycanın müstəqil xarici siyasət kursu var. Biz bütün dövlətlərlə bərabər, qarşılıqlı, faydalı əməkdaşlıq qurmaq üçün addımlar atırıq".