“Hökumət çox iddialı layihələr həyata keçirməlidir” Siyasət

“Hökumət çox iddialı layihələr həyata keçirməlidir”

Qüdrət Həsənquliyev: "Ölkəmizi indikindən daha yüksək səviyyəyə çıxarmaq üçün görülən işlər düşünürəm ki, yetərli deyil"

"İnsanlar dinə o zaman xüsusi meyllənirlər ki, ölkədə həm də sosial ədalət qorunmur"

Milli Məclisin dünənki plenar iclasında Nazirlər Kabineti 2013-cü il üzrə parlamentə hesabatını təqdim edib. Hökumətin hesabatı ilə bağlı müzakirələr zamanı çıxışında Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev irad və təkliflərini diqqətə çatdırdı. Millət vəkili öncə hökumət üzvlərini, həmkarlarını və media nümayəndələrini, bütün Azərbaycan xalqını qarşıdan gələn Hovruz bayramı münasibətilə təbrik edib.
Qüdrət Həsənquliyev öncə ölkədə qeyri-neft sektorunun inkişafının vacibliyini bildirib: "Bu gün biz hökumətin hesabatı ilə tanış olanda görürük ki, büdcə gəlirləri 2013-cü ildə 19 milyard 494 milyon manat olub. Bunun 11 milyard 350 milyon manatı Heft Fondundan transfer hesabına reallaşdırılıb. Qeyri-neft sektoru üzrə cəmi 3 milyard 400 milyon manat büdcəyə vəsait daxil olub ki, bu da hesab edirəm ki, çox az bir vəsaitdir və büdcənin yalnız altıda bir hissəsini təşkil edir.
Biz bu gün Ukrayna ətrafındakı prosesləri görürük və görürük ki, dünyada ikili stantdartlar var, beynəlxalq hüquq deyilən bir şey yoxdur, kim güclüdürsə, beynəlxalq hüququ da istədiyi kimi təfsir edir və istədiyi formada da öz "milli maraqlarını" həyata keçirir.
Bu gün Rusiya ilə Qərb arasında soyuq müharibə açıq müstəviyə keçir. Ona görə də ehtimal olunandır ki, Qərb bütün gücü ilə çalışacaq ki, enerjidaşıyıcılarının qiymətini aşağı salsın. Vaxtilə Sovet İttifaqının iqtisadiyyatı da məhz neftin qiyməti 11 dollara düşdüyü üçün çökdü. Ona görə ki, iqtisadiyyat əsasən xammalın satışından asılı idi".
Millət vəkili Azərbaycanın xaricdə saxlanılan vəsaitləri barədə də danışıb: "Mən həmişə təqdir etmişəm ki, bizim hökumət Heft Fondunun vəsaitlərini ölkənin ehtiyacları üçün xərcləyir. Onu da söyləmişəm ki, xaricdə böyük miqdarda vəsaitlərin saxlanması ölkədə sabitlik üçün böyük bir təhlükədir. Hər zaman da hökuməti ona çağırmışam ki, Hesablama Palatasının bizə təqdim etdiyi rəqəmlərdə də göstərildiyi kimi 0.89 faiz illik gəlirliliklə xarici banklarda saxlanılan o vəsaitin bir hissəsini ölkənin yerli banklarına gətirmək lazımdır. Halbuki bizdə banklar bəzən 34-35 faizlə kreditlər verir. Axırıncı dəfə Milli Bankın sədri mənə cavab verdi ki, nəinki mənim dediyim 2 milyard manat həcmində, hətta ondan dəfələrlə artıq vəsaiti gətirib xərcləyirik. Mən bilmədim sualıma bu cavabın nə aidiyyatı vardı? Yəni pulun xərclənməsi başqa şeydir, amma onun bizim öz banklarımız vasitəsilə sahibkarlara kredit şəklində verilməsi tamam başqa məsələdir. İndi də istərdim ki, hökumət üzvləri bu məsələyə bir aydınlıq gətirsinlər ki, niyə 0.89 faizlə xaricdə vəsaitlərimiz saxlanılır, amma onun heç olmasa 2 milyard manatı Azərbaycan banklarında yerləşdirilmir? Halbuki bu addım hökumətin bizim banklara etibarını artırardı, insanlar görərdi ki, hökumətimiz özü yerli banklara etibar edir, onlar da vəsaitlərini xaricə çıxarmazlar, elə bizim öz banklarımızda saxlayarlar".
Qüdrət Həsənquliyev maliyyə amnistiyasının elan olunması ilə bağlı hökumətdə müzakirələrin getməsi barədə yayılan məlumatlara da toxundu: "Bu barədə mətbuatdan oxudum. Bu çox ağıllı və düşünülmüş bir addım olardı. Buna çox böyük ehtiyac var. Mən onu da hər zaman təklif edirəm ki, biz regionları inkişaf etdirmək üçün Sənaye parkları təkcə Bakıda və iri şəhərlərdə yox, həm də regionlarda yaradılmalıdır. Regionlarda yaradılan Sənaye parkları müəyyən müddətə vergilərdən azad olunmalıdır ki, sahibkarlar məhz regionlara investisiya yatırmağa maraqlı olsunlar.
Bundan başqa hörmətli baş nazir söylədi ki, qeyri-neft sektorunda artım 10 faiz təşkil edir. Əlbəttə, bu müsbət haldır, amma hesab edirəm ki, qeyri-neft sektorunun inkişafı üçün hökumət çox iddialı layihələr həyata keçirməlidir.
Mən təklif etmişdim ki, Haxçıvanı minik avtomobilləri istehsal edən bir mərkəzə çevirə bilərik. Haxçıvanda bu gün avtomobillər Çindən gətirilən hissələr hesabına yığılır. Amma biz ona nail ola bilərik ki, o ehtiyat hissələri məsələn, elə Haxçıvanın rayonlarında hazırlansın. Gəncəni kənd təsərrüfatı və yük avtomobillərinin istehsalı üzrə böyük bir mərkəzə çevirə bilərik. Bu istiqamətdə böyük vəsaitlərin yatırılmasına, investisiya qoyulmasına çox böyük ehtiyac var. Mən də dəfələrlə vurğulamışam ki, Haxçıvan blokada vəziyyətindədir və bölgənin inkişafı üçün Qarsdan Haxçavana dəmiryolu çəkilməsini hətta Azərbaycan hökuməti aşağı faizlərlə kreditləşdirə bilər. Hecə ki, bu gün biz Bakı-Tiflis-Qars dəmiryolu layihəsinin Gürcüstana aid hissəsinin çəkilməsini maliyyələşdiririk. Yəni bu nə qədər vacib bir haldırsa, hesab edirəm ki, Qarsdan Haxçıvana da dəmiryolu xəttinin çəkilməsi regionun inkişafına və Haxçıvanın qismən blokada vəziyyətinin yüngülləşdirilməsinə öz töhfəsini verə bilər".
Millət vəkili ölkədə dini sahədə mövcud narahatlıqlara da münasibətini bildirib: "Məni narahat edən başqa bir məsələ son vaxtlar dini təriqətlərlə bağlıdır. Dini təriqətlər Azərbaycanda müxtəlif insanları, xüsusilə də cahil insanları müəyyən təbliğat nəticəsində ayrı-ayrı cinayətkar qruplara cəlb edirlər, onları xarici ölkələrə dini müdafiə adı altında göndərirlər. Amma bunun qarşısını inzibati metodlarla almaq olmaz. Əlbəttə qəbul etdiyimiz yeni qanunla bunu bir müddət səngitmək olacaq. Lakin mütləq televiziyalarda ciddi maarifçilik işi aparılmalıdır. Bizdə AzTV vardı, İctimai Televiziyanı da AzTV-yə çevirməyin nə mənası vardı?! Oraya heç olmasa aradabir müxtəlif ictimaiyyət nümayəndələri dəvət olunurdular, müxtəlif mövzular müzakirə olunurdu, əhali məlumatlandırılırdı. Yəni onu demək istəyirəm ki, hökumət mütləq düşünməlidir və maarifçilik işi gücləndirilməlidir.
İkincisi ölkədə sosial ədalət gücləndirilməlidir. İnsanlar dinə o zaman xüsusi meyllənirlər ki, ölkədə həm də sosial ədalət qorunmur. İnsanlar əmin olmalıdırlar ki, insanlar məhkəmələr vasitəsilə öz hüquqlarını qoruya bilərlər. Mən dəfələrlə bu məsələni də qaldırmışam ki, 2000-ci ildən bizim qanunvericiliyə daxil edilən Andlı iclasçılar institutunun tətbiqinə nəhayət ki, başlamaq lazımdır, insanlar özləri ədalət mühakiməsinin həyata keçirilməsində birbaşa iştirak etməlidirlər. Belə olduğu təqdirdə bu, cinayətkarlığın qarşısının alınmasına da öz töhfəsini vermiş olacaq. Ona görə ki, insanlar özləri andlı iclasçı kimi məhkəmədə iştirak edəndə görürlər ki, cinayət törətmiş şəxslər, onların ailə üzvləri hansı məhrumiyyətlərlə üz-üzə qalırlar, o prosesdə birbaşa iştirak edirlər, onu yaşayırlar".
Millət vəkili səhiyyə sahəsində də ciddi islahatlara ehtiyacın olduğunu diqqətə çatdırıb: "Məni narahat edən daha bir məsələ var. Mətubatda oxudum - bu rəqəmin nə dərəcədə doğru olduğunu deyə bilmərəm, bizim səhiyyə nazirimiz yəqin ki, bu məsələyə aydınlıq gətirər - əhalinin təqribən 10 faizə qədəri C virusuna yoluxub. Mən gözləyirdim ki, bəlkə buna bir aydınlıq gətirilər, çünki bu dəhşətli bir rəqəmdir. Bilirsiniz ki, bu xəstəliyin illik 20 min dollara qədər bahalı müalicəsi var, bəzən heç müalicə effekt də vermir. Bu artıq genefondumuz üçün böyük bir təhlükəyə çevrilib. Çox təəssüf ki, bizim insanların bir çoxu müəyyən təbliğatın nəticəsində müalicə üçün xarici ölkələrə gedirlər və bir çox hallarda da virus daşıyıcıları kimi ölkəmizə qayıdırlar. Bu xəstəlik qan vasitəsilə yoluxur və ona görə də bizdə səhiyyə sahəsində ciddi islahatların aparılmasına ehtiyac var. Mən dəfələrlə söyləmişəm ki, Azərbaycan bazar iqtisadiyyatına keçmiş bir ölkədir. O halda ölkədə bu qədər dövlət səhiyyə obyektlərinin olmasına nə ehtiyac var? Onların özəlləşdirilməməsinin səbəbləri nədir? Hamımız bilirik ki, dövlət səhiyyə işçilərinə yüksək səviyyədə maaş verə bilmir, maaş verə bilmədiyi üçün orada başqa neqativ hallar baş verir, yəni həkimləri xəstələr dolandırır".
Qüdrət Həsənquliyev təhsillə bağlı problemlərdən də danışıraq, çıxış yolları barədə təkliflərini verib: "Mən hesab edirəm ki, dövlət universitetləri, bir-iki xüsusi təyinatlı akademiya institutları istisna olmaqla, digərləri özəlləşdirilməlidir. Dövlət o yükdən xilas olmalıdır və o universitetlərin ödədiyi vergilər hesabına orta məktəb müəllimlərinin maaşları dəfələrlə qaldırılmalıdır ki, repetitorluq məsələsinə son qoyulsun. Gəlin bir sorğu keçirdək, ali məktəblərlə tələbələrdən soruşaq ki, kim repetitor yanına getmədən universitetlərə daxil ola bilib? Barmaqla sayılacaq qədər tələbə tapa bilərik, ya tapa bilmərik. Amma deyirik ki, orta təhsil pulsuzdur. Halbuki valideynlərdən kim övladını oxutmaq istəyirsə, məcburdur ki, repetitora pul versin. Bir çox hallarda orta məktəb müəllimləri maraqlıdırlar ki, sinifdə yox, öz evlərində - hansı ki, evlərinin bir otağını sinif otağına çeviriblər - şagirdlərə yüksək təhsil versinlər".
Millət vəkili tələbələrə təhsil kreditlərinin verilməsi üçün də hökuməti təcili addımlar atmağa çağırıb: "Əlbəttə, hesab edirəm ki, hökumət çox işlər görüb, amma ölkəmizi indikindən daha yüksək səviyyəyə çıxarmaq üçün görülən işlər düşünürəm ki, yetərli deyil. Bir çox problemlər sözsüz ki, xalqımızın inkişaf səviyyəsilə bağlı problemlərdir, bu hökumətin problemləri deyil, amma hökumətin də üzərinə çox böyük məsuliyyət düşür".

Cavanşir