“Mən özüm partiya təsis edirəm” Siyasət

“Mən özüm partiya təsis edirəm”

Vurğun Əyyub: "Müsavatda heç də hamı Arif Hacılı qruplaşmasının nizamnamədən kənar addımlarına göz yummaq niyyətində deyil"

Arifə Hüseynli: "Hazırda olan siyasətə etiraz kimi partiya sıralarından istefa verirəm"

Müsavat Partiyası Binəqədi rayon təşkilatının 8-ci mikrorayon özəyinin Vurğun Əyyubun partiyadan xaric edilməsi barədə qərarı ləğv edilib. Bu barədə Binəqədi rayon təşkilatının sədr müavini Şamil Beydulla məlumat verib. Ş.Beydulla bildirib ki, bu barədə qərar təşkilatın dünən keçirilən şura iclasında qəbul edilib. "İclasda təşkilatın 8-ci mikrorayon özəyinin Vurğun Əyyubun partiyadan xaric edilməsi ilə bağlı qərarına baxılıb. Müzakirələrin yekununda qərar ləğv olunub. İclasda özəyin protokollarının ləğv olunması, seçkili orqanlarının buraxılması, özək sədri Sabit Hacıyevə töhmət elan olunması ilə bağlı da qərarlar verilib", - deyə o bildirib. Şura üzvləri Tacik Hacıyev və Zahir Beydullayev də faktı təsdiqləyiblər
Vurğun Əyyub da məsələyə münasibət bildirib: "Şuranın mənim haqda olan qərarı mətbuatdan oxumuşam. Özəyin mənim haqda olan qərarı şura tərəfindən ləğv edilib. Şuradan açıqlama gətirilib ki, qərar nizamnamədən kənar qəbul olunub və protokollar saxtalaşdırılıb. Ona görə də o protokollar ləğv edilib, özəyin seçkili orqanlarını şura buraxıb və özəy sədrinə töhmət elan edib. Mən özüm partiya təsis edirəm. Yenə də Binəqədi rayon təşkilatının üzvlərinə hüquqi və demokratik mövqelərinə görə təşəkkür edirəm. Bu onu göstərir ki, partiya da heç də hamı partiya rəhbərliyini ələ keçirilmiş Arif Hacılı qruplaşmasının nizamnamədən kənar addımlarına göz yummaq, onların sifarişçi qərarlarına tabe olmaq niyyətində deyil. Amma partiyanın indiki rəhbərliyi də düşünülməmiş tələm-tələsik reaksiya verib ki, şuranın belə bir qərar vermək ixtiyarı yoxdur. Nəyə əsaslanıb belə danışırlar bu məlum deyil. Təəsüflər olsun ki, rəhbərliyi ələ keçirən adamlar şuranın qanuni bir qərarını tanımaq istəmirlər".
Müsavat Partiyasının sədr müavini Elman Fəttah vurğulayıb ki, ötən gün ümumiyyətlə Binəqədi rayon təşkilatının şura iclası olmayıb: "Vurğun Əyyubun Binəqədi rayon təşkilatının şura iclası ilə partiyaya bərpa olması xəbəri həqiqəti əks etdirmir. Dünən şura toplanmayıb, partiya üzvləri toplanıb. Üzv kimi söhbətləşiblər. Onlar şura adından qərar qəbul etməyiblər". Vurğun Əyyubun partiyaya bərpasının Nizamnaməyə əsasən mümkün olub-olmadığına gəlincə isə E.Fəttah deyib ki, partiyadan xaric olunan şəxsin bərpası mümkün deyil: "Müsavat Partiyasının Nizamnaməsinə görə partiyadan xaric olunmuş şəxs yalnız 6 ay sonra yenidən üzvlük üçün müraciət edə bilər, onun başqa formada partiyaya bərpası yolu yoxdur".
Bu arada isə Müsavat Partiyasının Məclis üzvü Arifə Hüseynli partiya sıralarından istefa verib. Bu barədə onun özü məlumat verib. O, qeyd edib ki, buna səbəb Müsavatın hazırkı rəhbərliyinin yürütdüyü siyasətə etirazdır: "Rəhbərliyin siyasətini qəbul etməyənlər partiyadan xaric edilir. Prosesləri izləyənlər yaxşı bilirlər ki, partiyanın güclənməsinə, müsavatçılarla birlikdə Məhəmməd Əmin Rəsulzadə ideologiyası uğrunda fəaliyyət göstərilməsi üçün əlimdən gələni etdim. Artıq, müqavimət də bir yerə qədərdir. Hazırda olan siyasətə etiraz kimi də partiya sıralarından istefa verirəm".

Əli