“Azərbaycan 10-15 il əvvəlki ölkə deyil” Siyasət

“Azərbaycan 10-15 il əvvəlki ölkə deyil”

Arzu Nağıyev: "Ölkəmizin Ermənistan üzərində qələbəsi çox yaxındadır"
"Şərq tərəfdaşlığı proqramı üzrə olan bütün sammitlərdə Azərbaycan daim iştirak edib və Avropa ilə müəyyən fikirlərimiz üst-üstə düşür, yəni münasibətlərimiz normal idi. Lakin son vaxtlar Avropa Şurası və Şərq tərəfdaşlığı proqramına qoşulanlar arasında Azərbaycana müəyyən təpkilər görünür". Bu fikirləri politoloq Arzu Nağıyev Riqa sammiti ilə bağlı şərhində səsləndirib. Onun fikrincə, bu, ilk Avropa Oyunları öncəsi daha da qabarıq bir formada özünü göstərir: "Guya ki, Azərbaycanda insan hüquqlarının pozulması, siyasi məhbuslara amnistiyaların verilməsi və bu istiqamətdə müəyyən tələblərin olmasıdır. Sammitdən öncə jurnalistlər üçün keçirilən brifinqdə Avropa yenə də Azərbaycanı günahkar çıxarmağa çalışdı. Düşünürəm ki, belə məsələlərin olduğu yerdə heç Azərbaycan prezidentinin iştirakı doğru deyildi. Eyni zamanda, Binəqədidə yaşayış binasında baş verən yanğın hadisəsi və prezidentin sıx iş qrafiki bu tədbirdə iştiraka mane oldu. Düşünürəm ki, ölkə başçısının bu addımı təqdirəlayiq haldır. Azərbaycanın Avropa İttifaqı, Şərq Tərəfdaşlığı Proqramından əsas istəyi Dağlıq Qarabağ məsələsinə münasibətdir. Bizim bu gün Avropa İttifaqından istəyimiz Dağlıq Qarabağ məsələsinə obyektiv yanaşmadır. Bu münaqişə ilə bağlı mövcud sənədlərin yerinə yetirilməsidir. Təbii ki, biz Şərq Tərəfdaşlığı Proqramı üzrə hərəkət eda bilərik, lakin burada Azərbaycanın istəkləri də yerinə yetirilməlidir".
O, bildirib ki, bu gün TAP, TANAP layihələrinin icrası zamanı Azərbaycan əsas istiqaməti Avropaya tərəf götürüb: "Avropa da bu gün Azərbaycanın enerji ehtiyatlarına ehtiyacı olduğunu bilir. Avropa Rusiya ilə normal münasibət qura bilməməsində o ölkəyə qarşı sanksiyalar tətbiq etdiyindən dolayı Azərbaycanla normal münasibətlər qurmalıdır. Avropa da enerji təhülkəsizliyi məsələsində Azərbaycana böyük ümid bəsləyir. Lakin bu qalır bir kənara, onlar insan hüquqları məsələlərinə diqqəti cəm edirlər. Bu gün Azərbaycan öz sözünü deyən, öz dəst-xətti olan bir Avropa dövlətinə çevrilir. Onları qıcıqlandıran məqamlar da elə buradan başlayır. Necə olur ki, Azərbaycan ilk Avropa Oyunlarına ev sahibliyi edir? Məhz bunlardan irəli gələrək QHT və ya partiyalar vasitəsilə başlayırlar təzyiqləri artırmağa. Bu QHT-lər də onlara verilən qrantların hesabına nəsə bir iş görmək istəyirlər. Onların da əsas qrant mənbələri Qərbdədir. Beləliklə, Avropa öz dediyində israrlıdır. Belə düşünürəm ki, Azərbaycan çox düz yol tutub".
Politoloq diqqətə çatdırıb ki, Böyük İpək Yolu, qeyd edilən kəmərlərin Xəzər dənizi ilə Avropaya nəql edilməsi mümkündür: "Bu gün bizim bərpa etdiyimiz limanların son nöqtəsi Avropadır. Çindən, Yaponiyadan gələn bütün məhsulların son dayanacağı buradır. Avropa bunu dərk edir, lakin qəbul etmək istəmir. Bundan başqa, Ukrayna məsələlərində Ukraynanın ərazi bütövlüyünü dəstəkləyir, lakin Azərbaycana gəldikdə bu barədə danışılmır".
"Düzdür, prezident o sammitdə iştirak etmədi, lakin Prezident Adminstrasiyası rəhbərinin müavini Novruz Məmmədov, xarici işlər naziri Elmar Məmmədyarov səviyyəsində Sammitdə nümayəndə heyətimiz təmsil olunurdu",- deyən Arzu Nağıyev "yekun bəyannaməni müəyyən çıxarışlar edilmədən biz imzalamadıq, - deyə vurğulayıb: "Bəyannaməni imzalamaq üçün ora müəyyən əlavələr edilməlidir. Sammit müddətində guya ki, Elmar Məmmədyarovun Nalbandyanla görüşdən yayınmaq istəməsi ilə bağlı başqa görüş etdiyi, iclası yarımçıq tərk etdiyi kimi cəfəng fikirlər səsləndirildi. Lakin bilmək vacibdir ki, Azərbaycanın istəkləri çərçivəsində son bəndə əlavə edilərsə, o müddəa imzalana bilər".
Bu yaxınlarda Fransaya qondarma Dağlıq Qarabağ rejiminin nümayəndə heyəti dəvət olunmasından da danışan analitik bildiirib ki, Fransada olan erməni lobbisi həddən artıq böyükdür: "Bu lobbinin istənilən an Fransa iqtidarına, hakimiyyətinə təsir etmək gücü var, istər maddi, istər siyasi cəhətdən. Hətta Çanaqqalanın zəfər bayramında iştiraka dəvət almasına baxmayaraq Fransa prezidenti Türkiyəyə yox, Ermənistana yollandı. Ermənipərəst mövqeyi olan Fransa daim belə addımlar ata bilər. Buna baxmayaraq rəsmi Paris bu gün elan edir ki, o ilk Avropa Oyunlarında böyük heyətlə çıxış edəcək. Yəni bu bir dövlət siyasətidir. Fransanın Ermənistandan alacağı siyasi dividenti Azərbaycandan 3 qat, 5 qat almaq imkanı var. Bizim Avropadan istəyimiz Dağlıq Qarabağ məsələsi, ərazi bütövlüyü barədə real mövqe sərgiləməsidir. Bizim dövlətimizin öz siyasi xətti var. Və bu xətti dəyişmək olmaz. Düzdür, Avropa dəyərlərindən istifadə etmək lazımdır. Lakin bizim müstəqilliyimiz bizim üçün əbədidir, müqəddəsdir. Son olaraq onu da qeyd edim ki, bu günki Azərbaycan 10-15 il əvvəlki ölkə deyil, öz sözünü deyə bilən, öz dəst-xətti olan bir ölkədir. Əgər Azərbaycan bu gün 49 dövlətin 6000 idmançısını, yüz minlərlə turistini qəbul edə bilən bir dövlətdirsə, demək ölkəmizin Ermənistan üzərində qələbəsi çox yaxındadır".

Əli