XİN-də görüş Siyasət

XİN-də görüş

Xələf Xələfov İndoneziyalı rəsmiyə , Dağlıq Qarabağ münaqişənin həllinin Ermənistanla yanaşı bir çox kənar faktorlardan da asılı olduğunu bildirib

Xarici işlər nazirinin müavini Xələf Xələfov İndoneziyanın Xarici İşlər Nazirliyinin Cənubi və Mərkəzi Asiya üzrə direktoru xanım Listyovatini qəbul edib.
XİN-in mətbuat xidməti xəbər verir ki, X. Xələfov Azərbaycan və İndoneziya arasında mədəni, dini və adət-ənənə bağlılıqlarının iki ölkə arasında dost münasibətlərin formalaşmasında mühüm amillərdən biri olduğunu vurğulayıb.
İki ölkə arasında siyasi münasibətlərin yüksək səviyyədə inkişafının həm ikitərəfli, həm də çoxtərəfli platformada əlaqələrin xarakterini müəyyənləşdirdiyini qeyd edən X. Xələfov, iqtisadi, humanitar, mədəniyyət sahələrində də əməkdaşlıq üçün potensial olduğunu diqqətə çatdırıb.
Cənubi Qafqaz regionunda hərtərəfli inkişaf və inteqrasiya proseslərinə əsas əngəl olan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi barədə qonağı məlumatlandıran XİN rəsmisi, münaqişənin həllinin Ermənistanla yanaşı bir çox kənar faktorlardan da asılı olduğunu bildirib.
Münaqişənin yalnız işğal olunmuş Azərbaycan torpaqlarının azad olunmasından sonra öz həllini tapa biləcəyini vurğulayaraq, beynəlxalq təşkilatların, xüsusilə də Avropa institutlarının bu istiqamətdə səmərəli fəaliyyət göstərmədiyini, bu təşkilatların işğal etdiyi ərazilərdən çıxması üçün Ermənistana təzyiq etmələrinin vacibliyini söyləyib.
Azərbaycanlı nazir müavini ən böyük müsəlman dövləti və İslam Əməkdaşlıq Təşkilatının xüsusi çəkiyə malik aparıcı üzvlərindən olan İndoneziyanın Azərbaycanın ədalətli mövqeyinə dəstəkləməsinin yüksək qiymətləndirildiyini qeyd edərək, ümumiyyətlə, strateji məsələlərlə bağlı mövqelərimizin yaxın olduğunu bildirib.
Xanım Listyovati iki dövlət arasında münasibətlərin inkişaf səviyyəsindən məmnunluğunu bildirərək, əlaqələrin dərinləşməsində qarşılıqlı yüksək səviyyəli səfərlərin önəmli rol oynadığını qeyd edib.
Azərbaycan Prezidenti İlham Əliyevin İndoneziyaya səfərini həyata keçməsini arzu etdiklərini bildirən Xanım Listyovati, iki ölkə arasında müxtəlif səviyyədə mütəmadi dialoqun əhəmiyyətini vurğulayıb. Həmçinin Azərbaycan və İndoneziya arasında birgə iqtisadi komissiyanın fəaliyyətə başlamasının iqtisadi sahədə əməkdaşlığın inkişafına və diversifikasiyasına töhfə verəcəyini vurğulayıb.