Nikolay Bordyuja bu dəfə erməniləri pərişan edib Siyasət

Nikolay Bordyuja bu dəfə erməniləri pərişan edib

"KTMT-nin Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı mandatı yoxdur"

"Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinin tərəfdarıdır. Bizim təşkilat bu münaqişənin hərbi yolla həllini görmür. Bütün beynəlxalq təşkilatlar kimi, KTMT də Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə çalışan ATƏT-in Minsk Qrupunun fəaliyyətini dəstəkləyir. Əminəm ki, digər beynəlxalq institutlar Dağlıq Qarabağ münaqişəsinin həllində iştirak etməməlidirlər".
Bunu APA-nın Moskva müxbirinə eksklüziv açıqlamasında Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibi Nikolay Bordyuja deyib.
N. Bordyuja bildirib ki, ATƏT-in Minsk Qrupu hər iki tərəfi qane edəcək həll yolunun tapılması istiqamətində çalışır: "Biz təbii ki, təmas xəttində baş verən hadisələrdən xəbərdarıq. Sirr deyil ki, təmas xəttində baş verən atışmalar, Ermənistan tərəfindən insan tələfatlarının sayı barədə məlumatlar alırıq. Biz bu məlumatları KTMT-ə üzv dövlətlərə göndəririk. Çünki həmin dövlətlərin rəhbərləri və silahlı strukturları orada nələrin baş verdiyini bilməlidirlər. Lakin münaqişənin nizamlanması prosesinə müdaxilə edə bilmərik. Buna hüququmuz yoxdur. KTMT-nin Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı mandatı yoxdur".
N. Bordyuja onu da əlavə edib ki, mövcud vəziyyəti NATO-nun Rusiyaya hücum təhlükəsi kimi qiymətləndirmir: "Bunun bir çox səbəbləri var. Biz fəxrlə deyə bilərik ki, KTMT heç bir hərbi əməliyyatlarda iştirak etməyib. Bu, bizim xidmətimizdir. Çünki hərbi əməliyyatlar "piar"dan başqa, həm də mülki insan və hərbçilərin tələfatı deməkdir. Bizim təşkilatın bütün sənədlərində qeyd olunub ki, bütün münaqişələrin həll yolu müharibə deyil, siyasi danışıqlar yoludur. Lakin qeyd etmək istəyirəm ki, bizim hərbi əməliyyatlarda iştirak etmək potensialımız var. Bu potensialı ən son çarə kimi istifadə etmək lazımdır, ən yaxşısı isə heç vaxt istifadə etməməkdir. Çünki hərbi potensialdan istifadə etmək insan tələfatına, qan tökülməsinə yol vermək deməkdir".
Baş katib region dövlətlərinin təhlükəsizlik sahəsində birgə əməkdaşlığının tərəfdarı olduğunu qeyd edib. O, Azərbaycanın hərbi büdcəsinin böyük olduğunu da söyləyib: "Lakin biz hazırda qarşılıqlı əməkdaşlıq etmədiyimiz üçün Azərbaycanın hərbi komandanlığının və qoşunlarının fəaliyyətini canlı izləməmişəm. Ona görə də hərbi potensial barədə bir söz deməyə çətinlik çəkirəm".