Siyasi plüralizmin, azad fikrin, demokratiyanın və vətəndaş cəmiyyətinin inkişafının əyani təzahürləri Layihə

Siyasi plüralizmin, azad fikrin, demokratiyanın və vətəndaş cəmiyyətinin inkişafının əyani təzahürləri

1991-ci ildə Azərbaycan Respublikası müstəqil dövlət quruculuğu yoluna qədəm qoydu. Öz tarixinin yeni səhifəsini açan respublikamız milli və ümumbəşəri dəyərlərə söykənən demokratik, hüquqi və dünyəvi dövlət yaratmaq arzularını reallaşdımaq istiqamətində addımlar atmağa başladı. Yalnız yetkin və güclü dövlət öz vətəndaşlarının hüquqlarının gerçəkləşməsinə, insanların rifah halının yüksəlməsinə, hüquq və azadlıqlarının qorunmasına təminat verə bilər. Azərbaycanın siyasi müstəqillik əldə etməsi və demokratik dövlət quruculuğu yoluna qədəm qoyması bu istiqamətdə əməli addımlar atmaq üçün geniş perspektivlər açdı.
Azərbaycanda demokratik və hüquqi dövlət quruculuğu prosesi müstəqilliyin ilk günlərindən müxtəlif problemlərin və maneələrin aradan qaldırılması ilə müşayiət olunub. Respublikamız bu yolda totalitar sovet rejimindən miras qalmış ictimai-siyasi problemlərin ağır nəticələri, erməni separatizmi və Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünün vurduğu yaraları, kəskin daxili-siyasi qarşıdurma və vətəndaş müharibəsi təhlükəsini, dövlət çevrilişi cəhdlərini və digər ağır siyasi, sosial-iqtisadi problemləri və onların nəticələrini aradan qaldırmaq məcburiyyətində qaldı. Xalqın hakimiyyətlə birliyi pozucu qüvvələrin Azərbaycanın ərazi bütövlüyünə və dövlət müstəqilliyinə qarşı yönəlmiş fəaliyyətinin qarşısını almağa imkan verdi. Respublikamız onun başı üzərini almış qanlı vətəndaş qarşıdurmasından və parçalanıb məhv olmaq təhlükəsindən xilas oldu.
Azərbaycan dövlətinin başlıca qayəsini müstəqillik, azərbaycançılıq, dövlətçilik, ədalətlilik, demokratiya, milli tərəqqi, dünyəvilik kimi ümumbəşəri dəyərlər təşkil edən yeni bir ideologiyanın əsası qoyulub. Daxili siyasət Azərbaycanın hər bir vətəndaşına azad, sərbəst yaşamaq hüquqlarını təmin etmək və öz rifahını yaxşılaşdırmaq imkanları yaratmaqdan ibarət olub. İqtisadi islahatlar, bazar iqtisadiyyatının bərqərar olması, iqtisadi inkişafın təmin edilməsi, Azərbaycanın dünya iqtisadiyyatına inteqrasiyası, özəlləşdirmə proqramının, aqrar islahatların həyata keçirilməsi ardıcıl prioritet sahələr olub.
İnsanların ictimai-siyasi və özünüdərkinin yetkinləşməsi sayəsində cəmiyyətdəki ictimai-siyasi və sosial-iqtisadi proseslərin tənzimlənməsində vətəndaşların müxtəlif təbəqələrini və kateqoriyalarını təmsil edən ictimai qurumların fəal rol oynaması dövlətin və insanlar toplumunun daha yüksək inkişaf səviyyəsini təşkil edən vətəndaş cəmiyyətini səciyyələndirən əsas amillərdəndir. Cəmiyyətin problemlərinin həlli sahəsində ictimai qurumların tədricən daha çox funksiyanı mənimsəməsi ilə dövlət orqanlarının fəaliyyətində daha çox siyasətin müəyyənləşdirilməsi və nəzarət funksiyaları üstün yer tutur.
Vətəndaş cəmiyyəti quruculuğunda siyasi plüralizmin, çoxpartiyalı sistemin daha da inkişafı xüsusi rol oynayır. Azərbaycanın müstəqil inkişaf tarixi siyasi plüralizmin getdikcə daha geniş təşəkkül tapması, yeni-yeni siyasi partiyaların tarix səhnəsinə qədəm qoyması və ölkəmizin ictimai-siyasi həyatında daha fəal rol oynamağa səy göstərməsi ilə səciyyələnir. Bu isə Azərbaycan dövlətinin bütün siyasi partiyaların fəaliyyəti üçün zəruri şərait yaratması nəticəsində mümkün olub.
Hazırda Azərbaycan Respublikasında dövlət qeydiyyatına alınmış 42 siyasi partiya, 4 minə yaxın vətəndaş cəmiyyəti institut və qurumları fəaliyyət göstərir.
Demokratik quruluşun, vətəndaş cəmiyyətinin formalaşması prosesinin ayrılmaz tərkib hissələrindən biri söz və vicdan azadlığının təmin olunmasından ibarətdir.
Azərbaycan Respublikasının Konstitusiyasında fikir, söz və vicdan azadlığına geniş təminat verilmişdir. Demokratiyanın, siyasi plüralizmin və vətəndaş cəmiyyətinin əsas atributlarından hesab olunan söz və məlumat azadlığının başlıca daşıyıcıları kütləvi informasiya vasitələridir.
Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Respublikasında söz, fikir və məlumat azadlığının təmin edilməsi sahəsində əlavə tədbirlər haqqında" 6 avqust 1998-ci il tarixli fərmanı kütləvi informasiya vasitələrinin sərbəst inkişafı, onların cəmiyyətin dinamik şəkildə demokratikləşməsinə təsir edən qüdrətli vasitəyə çevrilməsi yolunda dövlət siyasətinin həyata keçirilməsində mühüm addım oldu. Prezidentin bu fərmanı ilə Nazirlər Kabineti yanında Mətbuatda və digər Kütləvi İnformasiya Vasitələində Dövlət Sirlərini Mühafizə edən Baş İdarə ləğv edilmiş, hərbi senzura yaradılması haqqında 16 aprel 1992-ci il tarixli fərman və bütün informasiya yayımı üzərində nəzarət tətbiq edilməsi ilə bağlı 15 aprel 1993-cü il tarixli sərəncam qüvvədən düşmüş hesab edilmişdir.
Kütləvi informasiya vasitələrinin təsis edilməsi və fəaliyyəti üçün qanunvericiliyin təkmilləşdirilməsi, optimal hüquqi mühitin formalaşdırılması istiqamətində mühüm addımlar atılmışdır. 1999-cu ildə "Kütləvi informasiya vasitələri haqqında" yeni qanun qəbul edilmişdir. Bu, müasir Azərbaycan reallıqlarını daha dolğun əks etdirən, kütləvi informasiya vasitələri istehsalı və yayımının bütün məsələlərini demokratik şəkildə tənzimləyən, beynəlxalq standartlara cavab verən hüquqi sənəddir.
2000-ci il martın 6-da Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə "2000-2001-ci illərdə kütləvi informasiya vasitələrinin maddi-texniki şəraitinin yaxşılaşdırılması üzrə tədbirlər Proqamı" təsdiq olunub. Kütləvi informasiya vasitələri sahəsində dövlət siyasətinin mahiyyəti ondan ibarətdir ki, bunlar xalqın maariflənməsində ümumbəşəri ideyaların təbliğində, vətəndaş cəmiyyəti quruculuğunda qüdrətli vasitəyə çevrilsin, demokratiya, aşkarlıq və ədalətin təntənəsinə xidmət etsin. Kütləvi informasiya vasitələri həm də təmsil etdiyi dövlətin və xalqın mənafeyini hər şeydən üstün tutmalı, dövlətçilik mövqeyini ön plana çəkməlidir.
Həyatımızın digər sahələrində olduğu kimi elm və təhsil sahəsində də islahatlar məhz 1993-cü ilin ikinci yarısından sonra başlanıb. Prezident 1998-ci ilin martında "Azərbaycan Resrublikasında təhsil sahəsində islahatlar üzrə Dövlət Komissiyası yaradılması haqqında" sərəncam imzaladı. Ümumi təhsildəki ən ciddi yeniliklərdən biri müstəqilliyimizin yaşıdı olan yeni əlifbaya keçilməsi - latın qrafikalı əlifbanın tətbiqinin reallığa çevrilməsidir.
Ali təhsil sahəsində yeniliklərdən biri də "Azərbaycan Respublikasında təhsil sisteminin təkmilləşdirilməsi haqqında" Azərbaycan Prezidentinin 13 iyun 2000-ci il tarixli fərmanı ilə ölkənin 4 aparıcı ali məktəbinə - Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət Neft Akademiyası, Azərbaycan Tibb Universiteti və Azərbaycan Kənd Təsərrüfatı Akademiyasına maliyyə müstəqilliyi, bir neçə ali məktəbə isə "Universitet" statusu verilib. Prezidentin 15 may 2001-ci il tarixli fərmanı ilə Elmlər Akademiyasına Azərbaycan Milli Elmlər Akademiyası adı verilmiş və bununla da akademiyanın elmimizin inkişafında əldə etdiyi nailiyyətlər, Azərbaycan xalqının mədəni və mənəvi təşəkkülündə oynadığı rol, respublika ictimaiyyətində olan nüfuzu və akademik elmin ölkənin inkişafının əsas təminatçılarından olduğu fikri bir daha təsdiqlənib.
Müstəqillik illərində Səhiyyə Nazirliyi sistemində də ardıcıl və məqsədyönlü iş görülmüş, islahatlar aparılmışdır. Bu işdə ilk əvvəl səhiyyənin hüquqi-nomativ bazasının təkmilləşdirilməsi və dünya standartları səviyyəsinə qaldırılması daim diqqət mərkəzində olmuşdur. Həmin məqsədlə bir sıra qanunlar ("Əczaçılıq fəaliyyəti haqqında", "Özəl tibb fəaliyyəti haqqında", "Tibbi sığorta haqqında" və s.) işlənib hazırlanmış və Milli Məclis tərəfindən təsdiq edilib. Səhiyyədə aparılan islahatlar çərçivəsində əsas nailiyyətlərdən biri də özəl səhiyyə sisteminin tətbiq edilməsidir. Bu istiqamətdə hüquqi-normativ baza yaradılmış, "Özəl tibb fəaliyyəti haqqında" qanun qüvvəyə minib.
Azərbaycanın müstəqilliyinin bərpası suveren ölkənin beynəlxalq aləmə inteqrasiyasına, planetimizdə baş verən qlobal hadisələrə münasibət bildirməsinə, beynəlxalq təşkilatlarda təmsil olunmasına, həmin təşkilatların keçirdiyi mötəbər tədbirlərdə iştirakına real hüquqi əsaslar verdi. Azərbaycan bütün sahələrdə, o cümlədən də idmanda beynəlxalq arenaya çıxmağa imkan qazandı. İdmançılarımız dünya və Avropa çempionatlarında, beynəlxalq yarışlarda öz ölkələrinin bayrağı altında çıxış etməyə başladılar.
Hər hansı ölkədə onun kifayət qədər ardıcıl və məqsədyönlü inkişafı idman ənənəsi, idmanla məşğul olmağa şərait və imkan, idmançılara münasibət, idman mütəxəssislərinin yetişdirilməsi, yarışların təşkili və keçirilməsi, idmançıların beynəlxalq yarışlarda iştirakının təmini, idmanın təbliği, kütləviləşdirilməsi kimi amillərdən çox asılıdır. Belə amillər cərgəsində dövlətin idmana münasibəti özünəməxsus yer tutur. Çünki bu münasibət özü-özlüyündə qeyd olunan məsələlərin müəyyən qisminin həllinə bilavasitə təsir göstərir.
Fiziki və mənəvi cəhətdən sağlam nəsil hazırlanmasında, milli-vətənpərvərlik hisslərinin gücləndirilməsində, respublikamızın beynəlxalq miqyasda daha yaxşı tanınmasında və nüfuzunun yüksəlməsində mühüm rol oynayan bir sahənin - idmanın, bədən tərbiyəsinin və Olimpiya Hərəkatının tərəqqisində, möhtəşəm nailiyyətlərlə zənginləşməsində dövlətimizin xidmətləri əvəzsizdir.
Son illər Azərbaycanda gənclər siyasətinin və müasir gənclər hərəkatının inkişafı üçün dövlət səviyyəsində kifayət qədər işlər görülmüş, uşaq və gənclərin qeyri-hökumət təşkilatlarının yaradılması, fəaliyyətinin təşkili, proqram və layihələrinin həyata keçirilməsi üçün şərait yaradılıb, bu sahədə hüquqi baza təkmilləşdirilib.
Gənclər və İdman Nazirliyi bütün uşaq və gənclər təşkilatları ilə sıx əlaqə qurmuş, onların fəaliyyətinin məqsədəyönlü istiqamətə yönəldilməsi, proqram və layihələrin maliyyələşdirilməsi sahəsində xeyli iş görüb. Ölkəmizdə müxtəlif yönümlü siyasi partiyaların, ictimai təşkilatların azad fəaliyyəti, yüzlərlə mətbuat orqanının azad nəşr olunması, özəl radio və televiziya kanallarının yayımlanması siyasi plüralizmin, azad fikrin, demokratiyanın və vətəndaş cəmiyyətinin inkişafının əyani təzahürüdür.

Cavid