Avarlar etnik kimliklərini günümüzədək qoruyub saxlayıblar Layihə

Avarlar etnik kimliklərini günümüzədək qoruyub saxlayıblar

I yazı

Avarlar Azərbaycanda əsasən Balakən və Zaqatala rayonlarında yaşayırlar. Eləcə də avarlar (Qafqaz avarları) RF-nin Dağıstan Respublikasında, habelə Rusiyanın Çeçenistan, Kalmıkiya və başqa yerlərində yaşayırlar. Araşdırmaçıların fikrincə, yazılı mənbələrin araşdırılması ilə yanaşı "avar" etnoniminin türk dilləri ilə izah olunması da bizə bu gün Şimali Qafqazda, eləcə də Azərbaycanın şimal-qərbində yaşayan avarların qədim türk tayfalarının, avarların varisləri olduğunu söyləməyə əsas verir. "Avar" - "çılğın", "döyüşkən" və s. kimi izah edilir. Tarixin bütün mərhələlərində döyüşkən xalq kimi tanınan avarların tez-tez müharibələrə cəlb edilməsi də bu xüsusiyyətlərilə bağlılığının, onlara verilən etnik adda da öz ifadəsini tapdığı vurğulanır.
Avarların etnik özünü adlandırması isə "maurlal" və ya "maurlan" şəklindədir. XIX əsrə aid ədəbiyyatlarda da avarların özlərini "baualal", "maarulal", "marulan" adlandırması barədə məlumatlar var. Avarların etnik özünü adlandırmasının mənası dəqiq məlum olmasa da, tədqiqatçıların qənaətinə görə, bu, "çiy ət yeyənlər" və ya "dağlarda gəzən, dağ adamı" kimi izah edilir. Maraqlıdır ki, avar dilində bats adlanan "qurd" kəlməsi qədim türk dillərində də "börü", "buri" kimi ifadə edilir. Beləliklə, "baqaulal" sözünə aid edilən xüsiyyətlərin məhz qurda aid olduğu nəzərə alınsa, bu kəlmənin baqa-börü və ulal-ulan-oğlan (hazırda Türkiyənin dialektlərində oğlan sozü "ulan" şəklində ifadə edilməkdədir) söz birləşməsinin fonetik dəyişikliyə uğramış forması olub, "qurd oğlan" anlamına gəldiyini ehtimal etmək olar.
İndiki avarların əsli tarixən Dağlstan ərazisində yaşayan silvlər və andaklar tayfasının olduğu bildirilir. Bəzi ədəbiyyatlarda avarların kaspilərdən törədiyi qeyd olunub. Mənbələrə əsasən avarlar qədim dövrdə indiki kimi dağlıq ərazidə deyil, düzənlik ərazilərdə yaşayırdılar. Avarların məskunlaşdığı ərazilər Sarir adlanırdı. Sarir dövləti VI əsrdən XII əsrə qədər mövcud olub və əhalisi xristianlıq dininə sitayiş edib. XII əsrdən etibarən avar dövlətini əhatə edən müsəlman feodal dövlətlərinin ona qarşı birləşərək iqtisadi blokada tətbiq etməsi və mütəmadi hücumlar etməsi nəticəsində Sarir dövləti tədricən zəiflədi və əhalisi müsəlmanlaşdırıldı. Saririn müsəlman olan qonşu Dərbənd və Şirvanşahlar dövlətləri ilə münasibətləri gərgin idi və tez-tez hərbi qarşıdurmalar baş verirdi.
Azərbaycanda avarlar əsasən Balakən rayonunun Qabaqçöl qəsəbəsində, Mahamalar, Mazımqara kəndlərində, Zaqatala rayonunun Uzuntala, Ziliban, Mazıx, Car, Axaxdərə kəndlərində yaşayırlar. Avarların yaşadığı ərazi Şəki-Zaqatala iqtisadi rayonuna daxildir.
Başqa məlumatlarda isə avarların V əsrdə Mərkəzi Asiyada meydana çıxmış iri tayfa ittifaqı olduğu, ittifaq tərkibində aparıcı rolu türkdilli tayfaların oynadığı bildirilir. VI əsrin ortalarında Şərqi Avropaya gələn avarlar Xəzərin qərb sahilləri boyu çöllərə yayıldılar. Avarların ilk elçiləri 558-ci ildə Bizans imperiyasına – imperator Yustinianın yanına gəlib, hərbi ittifaq bağlamağı təklif edib və məskunlaşmaq üçün onlara yer verilməsini xahiş ediblər. Bizans avarlardan özünə düşmən olan türkdilli bulqar və sabir tayfalarına, habelə slavyanlara - antlara qarşı mübarizədə istifadə edib.
Avarlar 567-ci ildə german lanqobard tayfası ilə birlikdə Pannoniyanı tutublar. Burada bir neçə yürüşdən və yeni tayfaların birləşdirilməsindən sonra sərkərdə Bayanın başçılığı ilə Avar xaqanlığının əsası qoyulub. Pannoniyada möhkəmləndirilmiş konsentrik çevrəli "xrinq"lər qala sistemi yaradılmışdı Avarla Pannoniyadan slavyanlara, franklara, lanqobardlara, gürcülərə və digər tayfalara, habelə onlara xərac verməyə başlayan Bvansa qarşı basqınlar edirdilər. Avarlar Frank dövlətinə də basqınlar edirdilər. Lakin daxili çəkismələr və fəth edilmiş tayfaların üsyanları avarların hərbi qüdrətinin tənəzzülünə və xaqanlığın dağılmasına səbəb oldu.
VII əsrin ortalarında avarlar Qara dənizin şimal ətrafından sıxışdırılıb çıxarıldı, türkdilli bulqarlar tərəfindən 680-ci ildə yaradılmış Bulqar çarlığı isə onları cənubdan sıxışdırmağa başladı. Avarlar 790-cı ildə Böyük Karlın frank ordusu tərəfindən məğlub edildilər, 796-cı ildə isə əsas "xrinq"lər süqut etdi. Sonralar avarlar Qara dənizin qərb sahilləri və Dunayboyu ərazilərin yerli əhalisi ilə tamamilə qaynayıb-qarışdılar.
Məhəbbət Paşayeva tədqiqatlarında Azərbaycanın Şəki-Zaqatala bölgəsində yaşayan avarların etnik tarixi problemi araşdırır, Azərbaycan tarixşünaslığında bu problemin araşdırılması ilə bağlı mövcud istiqamətlər təhlil edilir. Mövcud yazılı mənbələlər və etnoqrafik materiallar əsasında Qafqazda, o cümlədən Azərbaycanın Şəki-Zaqatala bölgəsində yaşayan müasir avarların qədim türk avarların varisi olduğu qənaətinə gəlinir: "Bu gün Azərbaycanda türkdilli azərbaycanlılarla yanaşı, özlərini onlar qədər azərbaycanlı sayan avarlar, saxurlar, ingiloylar, talışlar, udilər, xınalıqlar, qrızlar, haputlar, buduqlar kimi bir çox azsaylı xalqlar və etnik qruplar da yaşamaqdadır. Dünyanın etnik xəritəsində yalnız Azərbaycan ərazisində qeydə alınan bu nadir etnoslar öz etnik kimliklərini günümüzədək qoruyub saxlayıblar. Tarixin müəyyən dövrlərindən Azərbaycanı özlərinə məskən seçmiş avarlar, saxurlar, ingiloylar, udilər, talışlar, xınalıqlılar kimi etnik qruplar əsrlər boyu Azərbaycan türkləri ilə bərabər yaşayaraq zaman keçdikcə bir-birilə qaynayıb qarışıblar. Ancaq bu etnosların hər biri Azərbaycan türkləri ilə ümumi, vahid mənəvi dəyərlərə sahib olmaqla yanaşı öz etnik spesifikliyini də müəyyən dərəcədə qoruyub saxlayaraq bütövlükdə Azərbaycan mənəvi mədəniyyətinə özünəməxsus rəng qatmışlar. Azərbaycanın Lənkəran-Astara, Quba-Xaçmaz, Şəki-Zaqatala kimi bölgələri talışlar, tatlar, ləzgilər, xı- nalıqlar, hapıtlar, buduqlar, avarlar, saxurlar, ingiloylar, udilər kimi etnik qrupların əsrlər boyu Azərbaycan türkləri ilə birgə yaşadıqları tarixi-etnoqrafik bölgələr olduğu üçün hər zaman etnoqrafların diqqət mərkəzində olub. Xüsusilə də Şəki-Zaqatala bölgəsi polietnikliyi ilə seçilən bölgədir".
Hazırda avarlar Azərbaycanın Şəki-Zaqatala bölgəsində yaşayırlar: "Azərbaycanda məskun olan azsaylı xalqlar içərisində say etibarilə nisbətən böyük olan etnoslardan biri avarlardır. Nadir etnoqrafik xəzinələrdən sayılan Şəki-Zaqatala ərazisində əhalinin böyük əksəriyyətini təşkil edən Azərbaycan türkləri ilə yanaşı avarlar, həmçinin saxur, rutul, udi, ingiloy kimi etnik qruplar da məskunlaşıblar.
Avarlar əsasən Zaqatala, Balakən rayonlarının Tala, Abalı, Yuxarı Çardaqlar, Aşağı Çardaqlar, Nuxbada, Qırqılı oba, Yolayrıc, Solban, Meşə Şambul, Cincartala, Oytala, Paşanoba, Beretbinə, Çiçibinə, Məzimçay, Qoçəhməd, Çədərovtala, Kilsəburun, Kebelolba, Axaxdərə, Zilbal, Mazıx, Qobızdərə, Maqov, Uzuntala, Danaçı, Hotavar, Abaçı, Katex, Qabaqçöl, Mahamalar, Binə, Sarıbulaq, Car, Yuxarı Tala, Dardoqqaz, Göyəmtala kimi kəndlərində yaşayırlar. Bu ərazidə yaşayan avarlar Qafqaz dillərinin Dağıstan qrupuna daxil olan avar dilinin Zaqatala şivəsində danışırlar. Avarların bir hissəsi də Dağıstanın cənubunda, əsasən Axvax, Botlix, Qerqebil, Qunib, Qumbetov, Kazbek, Sumadit, Suntin, Xunzax, Suxul, Çarodi, Tilyarat rayonlarında yaşayırlar. 1886-cı il siyahıyaalmasına görə Azərbaycanda avarların sayı təqribən 40225, 1897- ci ildə 35 min, 1926-cı ildə 19.1 min nəfər olub. Lakin XIX əsr rus mənbələrində avarlar, saxurlar, rutullar siyahıyaalma sənədlərində ümumi olaraq "Car Balakən ləzgiləri" adlandırıldıqları üçün bu məlumatda avarların sayı dəqiq deyil. 1959-cu ildə 17.3, 1970-ci ildə 30.7 min, 1979-cu ildə 36 min, 1989-cu ildə isə 44.1 min olub.
XIX əsr rus mənbələrində bütün Dağıstan xalqlarının, eyni zamanda avar və saxurların "Car ləzgiləri" və ya "ləzgi" adlandıılması Rusiya imperiyasının milli-müstəmləkə siyasəti ilə bağı idi. XIX əsrdən etibarən Qafqazı işğal edən Rusiya imperiyası bu ərazidə "Parçala, hökm sür!" milli-müstəmləkə siyasətini həyata keçirərək əsrlərlə mehriban qonşuluq münasibətləri əsasında yaşayan qardaş xalqlar arasına ədavət toxumu səpməyə çalışırdı. Azərbaycan türkləri ilə bərabər avar, ingiloy, udi, saxur, rutul kimi müxtəlif azsaylı xalqların da yaşadığı Azərbaycanın Şəki-Zaqatala bölgəsində Rusiya imperiyası daha məkrli dini-milli siyasət aparırdı. Ona görə ki, Azərbaycanın şimal-qərbində yerləşən bu ərazi Rusiya üçün xüsusi hərbi strateji əhəmiyyət daşıyırdı. Bu müstəmləkə siyasətinə xidmət edən imperiya tarixçiləri də Azərbaycanın qədim türk yurdu olmasını hər vasitə ilə unutdurmağa çalışırdılar. Bu məqsədlə Azərbaycan türklərini rus tarixçiləri "tatar", "muğal", "padar", "tərəkəmə" kimi müxtəlif adlara bölərək onların bu ərazilərə "gəlmə" və az sayda olduğunu sübut etməyə çalışırdılar. Şəki-Zaqatala bölgəsində məskun olan avar, saxur, rutul kimi etnosların da adlarının tədricən yaddaşlardan silinməsi məqsədilə XIX əsr rus mənbələrində bu xalqlar "Car-Balakən ləzgiləri" adı altında ümumiləşdirilirdi. Beləliklə də bu etnosların etnik mənşəyini unutdurmağa çalışırdılar".
Araşdırmaçının fikrincə, Azərbaycan tarixşünaslığında avarların etnik tarixinin araşdırılması işində müxtəlif istiqamətli tədqiqatlar mövcuddur: "Bu problemlə bağlı bir sıra tədqiqatlarda Qafqaz avarları ilə türk avarların bir-birindən tamamilə fərqli etnos olduğu konsepsiyası movcuddur. Bu konsepsiyaya görə, Qafqaz avarları qədim mənbələrdə lbin, silv adları ilə məlum olan və qədim Azərbaycan dövləti Qafqaz Albaniyasının Lpina vilayətində məskun olmuş etnosların varisləridir, Dağıstan avarları ilə türk avarlar fərqli etnoslardır. Lakin bir çox tədqiqatçılar Qafqazda yaşayan avarların məhz türk avarların varisləri olmasını və Qafqaza tez-tez yürüşlər edən zaman onların bir hissəsinin Dağıstan ərazisində ləzgilər arasında qalaraq zaman keçdikcə öz dilini və etnik mənsibiyyətini itirə biləcəyini də ehtimal edirlər. Məsələn, XX əsrin əvvəllərində Azərbaycan etnoqraflarından Baharlı avarların tez-tez Qafqaza yürüşlər edərək bu ərazidə qafqazdilli etnoslar arasında onların bir hissəsinin həmişəlik məskunlaşaraq tədricən öz dillərini itirən türk tayfası olduğunu yazırdı".

Uğur