“Status-kvo dəyişdirilməlidir” Layihə

“Status-kvo dəyişdirilməlidir”

Prezidentin haqlı iradları... Həmsədrlər gəlir.. Ermənistan isə qorxusundan ordusunu da Rusiyaya verdi

Prezident İlham Əliyev Avropa İttifaqının Brüsseldə akkreditə olunmuş səfirlərinin daxil olduğu Avropa İttifaqı Şurasının Siyasi və Təhlükəsizlik Komitəsinin nümayəndə heyəti ilə görüşündə Dağlıq Qarabağ münaqişəsi və onun həllinə vasitəşilik edən ATƏT-in Minsk qrupunun fəaliyyətinə də toxunub.
İlham Əliyev bildirib ki, ATƏT-in Minsk qrupu çərçivəsində danışıqlar heç bir praktiki nəticə əldə olunmadan uzun illərdir davam edir:"Ermənistan status-kvonu dəyişməz olaraq saxlamağa çalışır. Münaqişənin həll olunmamasının əsas səbəbi budur. Bundan əlavə, Ermənistan 1993-cü ildə BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi, erməni qoşunlarının işğal olunmuş torpaqlardan dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən qətnamələrə əməl etmir. Əfsuslar olsun ki, bu qətnamələr kağız üzərində qalır. Bəzən bir neçə gün ərzində yerinə yetirilən bəzi başqa qətnamələrdən fərqli olaraq, bizə gəlincə, biz onların yerinə yetirilməsini 20 ildən artıqdır, daha dəqiq desək 24 ildir ki, gözləyirik. Status-kvo qəbuledilməzdir. Bunu təkcə Azərbaycan deyil, həm də ATƏT-in Minsk qrupuna həmsədrlik edən ölkələr deyir. Bu ölkələrin prezidentləri bir neçə dəfə bəyan ediblər ki, status-kvo dəyişdirilməlidir, bu, qəbuledilməzdir".
Dövlət başçımız münaqişənin mövcudluğunun regional təhlükəsizliyə və sabitliyə daimi təhlükə olduğunu qeyd edib. Azərbaycan lideri bəyan edib ki, şənbə günü Bakıda ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşdə Dağlıq Qarabağ probleminin nizamlanması üçün Ermənistan prezidenti ilə görüşü müzakirə edəcək.
Qeyd edək ki, ATƏT-in Minsk Qrupunun həmsədrləri oktyabrın 6-da Yerevanda, oktyabrın7 -də isə Bakıda rəsmi görüşəcəklər. Diplomatların Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın dövlət başçısı Serj Sərkisyanın görüşünün gündəliyini müzakirə edəcəyi gözlənilir.
Dünən artıq ABŞ-ın ATƏT-in Minsk qrupundakı yeni həmsədri Endryu Şofer Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsinə gəlib.
Separatçı rejimin başçısı Bako Saakyanla görüşüb. Amerikalı həmsədr bölgədəki vəziyyətlə tanış olub.
Görüşdə münaqişənin həlli, təmas xəttində vəziyyət və digər məsələlər müzakirə edilib. Tərəflər münaqişənin ATƏT-in Minsk qrupu çərçivəsində həllinin vacibliyini vurğulayıb.
E. Şofer görüşdən sonra bildirib ki, Dağlıq Qarabağ münaqişəsi ilə tanışdır: "Bu, həqiqətən mürəkkəb problemdir. Münaqişənin sülh yolu ilə həlli üçün ATƏT-in Minsk qrupunun digər həmsədrləri ilə birgə müntəzəm olaraq regiona səfərlərimizi davam etdiririk".
Avropa İttifaqının Brüsseldə akkreditə edilmiş Fransadan olan səfiri Nokalas Suran isə Prezident İlham Əliyevlə görüş zamanı bildirib ki, Dağlıq Qarabağ münaqişəsində status-kvo qəbuledilməzdir və biz mütləq siyasi nizamlanmaya nail olmalıyıq.
Dövlətimizin başçısının Avropa İttifaqı Şurasının Siyasi və Təhlükəsizlik Komitəsinin nümayəndə heyəti ilə görüşündə çıxış edən Nokalas Suran deyib: "Məqsədimiz çox aydındır: beynəlxalq hüququn prinsiplərinə, xüsusən də hamımız üçün sarsılmaz olan Helsinki Yekun Aktına uyğun şəkildə məsələnin həllinə nail olmaq. Yəni, bildiyimiz kimi, güclə təhdid etməmək və ya ondan istifadə etməmək, dövlətlərin tam ərazi bütövlüyü və xalqların öz müqəddəratını təyin etmək həmin Aktın prinsipləridir. Bu baxımdan, tərəflər arasında ən yaxşı həll variantının tapılmasında qərəzsiz olmaqda Minsk Qrupunun həmsədri kimi bizə arxalana bilərsiniz".
Politoloq Arzu Nağıyev deyib ki, ölkəmizin apardığı balanslı siyasət Avropa millətçiləri, ermənipərəst və anti-Azərbaycan qüvvələr tərəfindən xoş qarşılanmır.
Ekspert bildirib ki, Kataloniya hadisələrinə qədər Azərbaycanı Dağlıq Qarabağ məsələsini sülh danışıqları ilə həll etməyə çağıranlar separatizmə "yaşıl işıq" yandırmağın nə qədər yanlış olduğunu kataloniya olaylarından sonra başa düşdülər:
"Azərbaycanın ərazi bütövlüyü və suverenliyi bütün danışıqlarda birinci məsələdir. İkinci məsələ isə işğalçı qoşunların Azərbaycan ərazilərindən çıxmasıdır. Dağlıq Qarabağa ölkəmizin ərazi bütövlüyü tərkibində yüksək muxtariyyətin verilməsi isə son mərhələ ola bilər. Ancaq hazırda Azərbaycana qarşı sərgilənən mövqe ikili standartlardan irəli gəlir. Aydındır ki, Azərbaycanın yürütdüyü siyasət onları razı sala bilməz. Fikir verin, bu gün insan haqlarının tapdalanması, yaxud hər millətin öz müqəddəratını təyin etməsi istiqamətində addımlar atmaqla yanaşı, paralel olaraq da suverenlikdən danışan dairələr beynəlxalq hüququn hansı vəziyyətdə olmasını bir daha ortaya qoyurlar. Təbii ki, bütün bunlar da səbəbsiz deyil və böyük güclərin şəxsi maraqlarındən irəli gəlir".
Politoloq Elxan Şahinoğlu isə Prezident İlham Əliyevin Avropa İttifaqı Şurasının Siyasi və Təhlükəsizlik Komitəsinin nümayəndə heyəti ilə ötəngünkü görüşündə separatizmlə bağlı çıxışını şərh edərkən deyib ki, dövlət başçısı Helsinki Yekun Aktında dövlətlərin ərazi bütövlüyü ilə xalqların müqəddəratını təyin etməsi arasında tarazlığın qeyd edildiyini yada saldı.
O bildirib ki, prezidentin çıxışında Kataloniyada və Şimali İraqda baş verən son hadisələrin timsalında separatizm qabardılıb:"Prezident İspaniyada və İraqda baş verən son hadisələrin dünya dövlətləri üçün bir siqnal olduğunu bildirdi. Ümumiyyətlə, dünyada sülhün bərqərar olmasında öndə gedən dövlətlər başa düşməlidir ki, separatizm dünyanı bəlaya aparır, ölkələr arasında böyük müharibələrin yaranmasına səbəb olur. Şimali İraqda referendum keçirilməsi həmin bölgədə vəziyyətin gərginləşməsinı səbəb oldu. Bu referendum İran, Türkiyə, İraqın İraq Kürd Muxtariyyəti ilə münasibətlərinin kəskinləşməsini şərtləndirdi. Artıq burada hər an müharibənin başlaması təhlükəsi var. Eyni zamanda Kataloniyada keçirilən referendumun da nəticələri bundan fərqli deyil. Həmin bölgədə də İspaniya mərkəzi hökuməti ilə Kataloniya arasında münasibətlər kəskin hal alıb. Buraya katalonlara təzyiq etmək üçün polis qüvvələri yeridilib. Katalonlar müstəqilliyini elan etsə, burada da toqquşmaların yaşanılacağını demək mümkündür".
Politoloq vurğulayıb ki, bu hadisələrin Avropada yaşanması qoca qitənin separatizmə yeni aspektdən yanaşmasını diqtə edir:"Prezident İlham Əliyev də öz çıxışında artıq ölkələrin ərazi bütövlüyü sahəsində ciddi tədbirlər görülməli olduğunu avropalı qonaqların diqqətinə çatdırdı. Millətlərin öz müqəddəratını müəyyən etməsinin dövlətlərin ərazi bütövlüyünü pozmamalı olduğu və bunun beynəlxalq qanunlarla tənzimlədiyi təsadüfən vurğulanmadı. Başqa sözlə, İlham Əliyev Helsinski Yekun Aktını xatırlatmaqla, separatizmə yanaşmada prinsipial və qətiyyətli mövqe göstərilməmənin Avropanın özündə hansı fəsadlar doğurduğunu sübut etdi".
Bu arada Ermənistan mətbuatı yenə də Azərbaycanın güclü olduğunu etiraf edir.
Məsələn, Ermənistan parlamentinin vitse-spiker Eduard Şarmazanov Ermənistanın hərbi gücünün çox zəif olduğunu etiraf edib.
Məsələ Ermənistanda yetərincə təşviş doğurub və hətta Ermənistanın populyar analitika portalı "Lragir" bu açıqlamaya xüsusi məqalə həsr edib.
Şarmazanov bu həftə keçirilmiş parlament müzakirələrinin birində deyib: "Ermənistan tam şəkildə öz müdafiəsini təmin edə bilmir. Biz bu və ya başqa bir blokun tərkibində olmalıyıq. Biz Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını (KTMT) seçdik, çünki onun alternativi Türkiyədir, bizimsə orda işimiz yoxdur".
"Lragir" redaksiya heyəti adından yazdığı məqalədə Şarmazanovu vətənə xəyanətdə və hərbi sirri yaymaqda günahlandırır və parlament üzvlərindən onu cəzalandırmağı tələb edir: "Yüksək çinli erməni funksioner etiraf edir ki, Ermənistan hakimiyyəti ölkənin müdafiəsini təmin edə bilmir, bu, onların konstitusion borcudur".
Lakin belə görünür ki, parlament üzvlərinin əksəriyyəti də bu məsələdə Şarmazanov kimi açıq danışmağı sevirlər və bu yanaşma "Yelk" (Çıxış) fraksiyasının Avrasiya İttifaqından çıxmaqla bağlı hazırladığı təklif zərfinin parlamentdə müzakirəsi zamanı da özünü göstərib. "NEWS.am" portalının yazdığını görə, təklif zərfinin lehinə yalnız 10 deputat səs verib, 79 deputat isə təklifin əleyhinə çıxıb. Hakim Respublika Partiyasının fraksiyası ilə yanaşı, "Daşnaksutyun" və "Sarukyan" blokları da təklif zərfinin əleyhinə çıxıb.
Qarabağın işğalının əsas memarlarından olan erməni general Norat Ter-Qriqoyansın "1in.am"a verdiyi açıqlamaya görə, Azərbaycan ordusu texniki baxımdan Ermənistan ordusundan 5-10 dəfə güclüdür. Ter-Qriqoyans hətta Azərbaycan ordusunun bu cür güclənməklə İran kimi güclü dövlətlə döyüşə hazırlaşdığını düşündüyünü demişdi.
Təbii ki, normal iqtisadiyyatı olmayan Ermənistan Rusiyadan ayrılarsa, indi malik olduğu hərbi gücünü xeyli itirə bilər. Üstəlik Ermənistanın hüquqi ərazisinin müdlafiəsinə zamin durmuş Rusiyadan çəkinən düşmənləri üçün açıq hədəfə çevrilər. Yəni Azərbaycan ordusu heç bir xarici köməyə arxalanmadan Naxçıvandan və Gədəbəydən hərəkət etməklə paytaxt İrəvanı bir neçə günə nəzarətə götürə bilər, Dağlıq Qarabağdakı erməni birləşmələrinin mühasirə şəraitində təslimdən başqa yolu qalmaz. Qarabağ münaqişəsi Ermənistanın tam təslimi ilə başa çatar. Məhz bu səbəbdən erməni siyasətçilərinin əksəriyyəti KTMT-dən və Avrasiya İttifaqından çıxmağı milli faciə sayırlar.
Elə bundan irəli gəlir ki, işğalçı ölkə silahlı qüvvələrini də rəsmi Moskvaya tabe etdirmək məcburiyyətində qalıb. Dünən Ermənistan parlamenti Rusiya-Ermənistan vahid ordu qruplaşması razılaşmasını təsdiq edib.
Bu barədə informasiyanı "İnterfaks" agentliyi yayıb. Razılaşmanı 87 deputat dəstəkləyib, 7 nəfər isə əleyhinə səs verib.
Razılaşmanın əleyhinə yalnız Yelk Blokunun deputatları çıxıblar.
Qeyd edək ki, Rusiya Federasiya Şurası bu razılaşmanı iyulun 19-da təsdiqləmişdi.

Cavid