XVIII yüzilliyin 50-80-ci illərində İrəvan xanlığının siyasi vəziyyəti Layihə

XVIII yüzilliyin 50-80-ci illərində İrəvan xanlığının siyasi vəziyyəti

3-cü yazı
Tarix üzrə fəlsəfə doktoru Elçin Qarayevin İrəvan xanlığı (1747-1828) ilə bağlı araşdırmasında bildirilir ki, bu təhlükədən yenicə qurtarmış İrəvan xanlığı car-balakənlilərin hücumuna məruz qaldı. Buna səbəb Gəncə xanlığı ətrafında baş verən hadisələr olmuşdu. Belə ki, Gəncə xanı Məhəmmədhəsən xanın (1760-1780) apardığı xarici siyasət, XVIII əsrin 60-cı illərin ortalarında ona qarşı Qarabağ, Şamaxı xanlıqlarının, Kartli-Kaxetiya çarlığının ittifaqı yaranmışdı. Belə vaxtda şəmşəddinlilər də üsyan qaldırmışdı. Hətta II İrakli Məhəmmədhəsən xana qarşı tərkibində qazaxlı azərbaycanlıların olduğu qoşun da göndərmişdi. Məhəmmədhəsən xan belə böhranlı vaxtda kömək üçün carlılara müraciət etdi. Vəd edilmiş yüksək hədiyyə nəticəsində carlılar onun müraciətinə mübət cavab verdilər. Lakin 1766-cı ilin yayında 2 minlik car qoşunu Gəncəyə gələndə Məhəmmədhəsən xan artıq rəqibləri ilə barışmışdı. Təhlükəli qonaqlardan qurtulmaq üçün Gəncə xanı car qoşun başçılarına cənub istiqamətində yürüş etməyi məsləhət gördü. Carlılar bununla razılaşaraq İrəvan xanlığı istiqamətində yürüşə başlayır. Məhəmmədhəsən xan bu haqda Hüseynəli xana xəbər də göndərmişdi. Bu xəbər İrəvan əhalisini bərk təşfişə salmışdı. Hüseynəli xan yenidən müdafiə tədbirlərinə əl atır. Onun əmri ilə ətraf kəndlərin əhalisi qalaya köçürülür, qalanın müdafiəsi gücləndirilir.
Xoşbəxt bir təsadüf İrəvan xanlığını dağıntılardan xilas etmişdi. Belə ki, xanlıqda yaşayan kolanılar Hüseynəli xanın siyasətindən narazı olduqlarından Qarabağ xanlığına sığınmağı qərara almışdı. Bütün əmlakları ilə Qarabağa hərəkət edən kolanılar Göyçə sahillərinə gəlib çatırlar. 1766-cı il iyulun axırlarında gölün cənub sahilində carlılarla üzləşən kolanılar döyüşə atılırlar. Onlar mərdliklə döyüşməsinə baxmayaraq, döyüş carlıların qələbəsi ilə başa çatmışdı. Bu döyüşdə carlılar 800-ə qədər əsir almış, onların əlinə 8 min xırdabuynuzlu, 2 min iribuynuzlu mal-qara, 6 yüz madyan, 12 min tümənlik qızıl və gümüş, çoxlu ev əşyaları qənimət ələ keçmişdi. Lakin car qoşunu qələbəni sona qədər bayram edə bilmədi. Belə ki, qələbəni bayram edən carlıların arxayınlaşmasından istifadə edən kolanılardan iki nəfər əsirlikdən qaçaraq şəmşəddinlilərdən kömək istəmişdi. Bu xəbəri eşidən şəmşəddinlilərin ağsaqqalı Allahverdi Sultan qoşun toplayaraq səhər tezdən carlılara hücum edir. Qəflətən yaxalanmış car döyüşçüləri əsir və qənimətləri buraxaraq döyüş meydanından qaçırlar. Beləliklə, İrəvan xanlığı bu yürüşdən də qurtula bilmişdi.
Hüseynəli xan İrəvanı Kartli-Kaxetiya çarlığının asılılığından qurtarmağa çalışırdı. Bağlanmış sülh müqaviləsi cəmi üç il çəkdi. Hüseynəli xan yenidən II İrakliyə vergi verməkdən imtina etdi. İrəvan xanını buna sövq edən beynəlxalq vəziyyətin onun üçün əlverişli olması idi. Belə ki, 1768-1774-cü illərdə Qara dəniz sahilləri uğrunda Rusiya-Osmanlı müharibəsi başladı. Müharibə Balkanlarda və Qafqazda gedirdi. Bu müharibənin gedişində Cənubi Qafqaz uğrunda Rusiya-Osmanlı rəqabətinin yeni dalğası başladı. Rusiya regionun xristian əhalisi, o cümlədən Kartli-Kaxetiya çarlığı vasitəsilə Azərbaycan xanlarına təsir göstərmək istəyirdi. Hətta 1769-cu il avqustun 26-da Totlebenin başçılığı ilə bir dəstə rus qoşunu Kartli-Kaxetiyaya daxil olmuşdu. Bu da Azərbaycan xanlarının narazılığına səbəb oldu.
E.Qarayevin araşdırmasında daha sonra bildirilir ki, Osmanlı dövləti də öz növbəsində nümayəndələrini müxtəlif hədiyyə və vədlərlə Cənubi Qafqaza göndərərək Azərbaycan xanlarını, o cümlədən İrəvan xanlığını rus-gürcü birliyinə qarşı mübarizəyə çağırırdı. İrəvan xanlığı hərbi əməliyyatların baş verdiyi meydana yaxın olduğundan burada möhkəmlənmək hər iki dövlətə vacib idi. Onların rəqabətindən Hüseynəli xan istifadə etmək qərarına gəlmişdi. Belə ki, müharibənin gedişində Osmanlı dövlətinin regionda fəallığı daha da artmışdı. Sultan regionun müsəlman dövlətlərini - İsfahan hakimi Kərim xan Zənd, Qubalı Fətəli xan başda olmaqla Azərbaycan və Dağıstan feodallarını Rusiya və Kartli-Kaxetiya çarına qarşı birləşərək mübarizə aparmağa çağırırdı. Bu çağrışa İrəvan xanı da müsbət cavab vermişdi. Çar II İrakli 1770-ci ilin oktyabrın 5-də qraf N.İ.Paninə yazdığı məktubda Osmanlı dövlətinin və İrəvan xanlığının siyasətini belə dəyərləndirirdi: "Ləzgilərdən (dağıstanlılardan - E.Q.) və bizi əhatə edən digər xalqlardan başqa İrəvan xanını da bizə düşmən etmişdilər. O, (Hüseynəli xan - E.Q.) bizə verdiyi anda məhəl qoymayaraq, bizim himayəmizdən çıxaraq türklərə qoşulmuşdu. Qarsa gələn sərəsgər sultandan həm ərzaq və digər maddi yardımla birlikdə bizə qarşı çoxlu qoşun tələb edirdi. Eyni zamanda Kərim xanı, Qubalı Fətəli xanın qüvvələrini bizə qarşı çıxmağa cəhd edirdi. Türklər İrəvan xanının səyindən istifadə edərək, onun vasitəsilə digər xanları böyük hədiyyələrlə öz tərəfinə çəkmək istəyirdi".
Beləliklə, İrəvanda möhkəmlənmək üçün Osmanlı emissarları tez-tez buraya gəlir, sultandan xana məktub və hədiyyələr gətirirdilər. Sultan Hüseynəli xana kürk üçün samur dərisi, cavahir, qızılla bəzədilmiş qılınc kimi hədiyyələr və iki min qızıl əşrəfi göndərmişdi. Eyni zamanda Hüseynəli xan da Kartli-Kaxetiyaya qarşı sultandan hərbi kömək gözləyirdi. O, Osmanlı paşaları ilə və xüsusən də Qars paşası ilə də əlaqə saxlayırdı.
Sultandan hərbi kömək alacağına ümid edən Hüseynəli xan Kartli-Kaxetiyaya vergi verməyi dayandırdı. Xanın bu hərəkəti II İraklinin 1769-cu ildə yenidən İrəvana hücumuna səbəb oldu. Qalaya sığınan Hüseynəli xan bu dəfə II İrakliyə güclü müqavimət göstərmişdi. Bu yürüşdən Kartli-Kaxetiya çarı əliboş qayıtdı. Lakin Hüseynəli xan gözlədiyi hərbi köməyi ala bilmədi. Çünki bu dövrdə rus qoşunu ilə müharibə aparan osmanlıların vəziyyəti ağır idi. Məhz ona görə də, o, II İraklinin yenidən İrəvana hücum edəcəyindən ehtiyat edərək Kartli-Kaxetiya çarı ilə sülh bağlamağa məcbur oldu. 1771-ci ilin mayın 23-də rus zabiti kapitan Yazıkov qraf N.İ.Paninə yazılmış olduğu məktubda İrəvan xanının atdığı addımı belə şərh edirdi: "İrəvan xanı öz adamını çarın yanına göndərərək ondan sülh xahiş edir. Elə ki, bizim qoşunlar (rus qoşunu-E.Q.) Gürcüstana daxil olduqda, İrəvan xanı çar İraklidən ayrılaraq sultana məktub göndərmişdi. Məktubda o, sultandan Gürcüstana hücum etmək üçün qoşun və pul xahiş edirdi. Lakin sultan bu köməyi etmədikdə, o, qorxudan yenidən çar İraklinin təəbəliyinə keçir. Ona söz verir ki, keçən ilki vergini ödəyəcək". Beləliklə, 1771-ci ilin yayında İrəvan xanlığı ilə Kartli-Kaxetiya çarlığı arasında sülh bağlanır. İrəvan xanlığının Kartli-Kaxetiya çarlığına verəcəyi verginin miqdarı 30.000 rubl həcmində müəyyən edilir.
Hüseynəli xan bu dəfə də II İrakliyə vergi verməyə məcbur olsa da, tezliklə, vergi ödəməyi dayandırdı. S.İrəvanlının yazdığına görə, 1776-cı ildə onlar arasında yenidən düşmənçilik yarandı. Bunun bir neçə səbəbəi vardı. O.Markova əsərində bunun səbəbini Kərim xan Zəndlə II İrakli arasında baş verən düşmənçilikdə görürdü. Çarın ruspərəst siyasəti, rus qoşunlarının Tiflisə daxil olması, İsfahan hakimi Kərim xan Zəndi də bərk narahat etmişdi.
Rusiya dövlətinə arxalanan II İraklinin regionda nüfuzunun artması Kərim xan Zəndin siyasətinə uyğun gəlmirdi. Hətta İran hökmdarı 1772-ci ildə II İrakli ilə müharibə aparmaq üçün qoşunla Təbrizə gəlmişdi. Lakin Kartli-Kaxetiya çarı Kərim xanın yanına nümayəndə heyəti göndərərək çox çətinliklə onu bu niyyətindən daşındırmışdı. Lakin çox keçmədi ki, onlar arasında münasibətlər yenidən gərginləşdi. XVIII əsrin 70-ci illərin ortalarında İran-Osmanlı dövlətləri arasında baş verən ziddiyyətlərdə II İraklinin sultanı dəstəkləməsi, bu məqsədlə 1776-cı ilin yayında İstanbula çoxsaylı nümayəndə heyəti göndərməsi Kartli-Kaxetiya çarlığı ilə Kərim xan Zənd arasında düşmənçiliyə səbəb oldu.
Kərim xan Zənd öz növbəsində əks tədbirlər görərək İrəvan xanlığını Kartli-Kaxetiyaya qarşı çıxmağa sövq etdi. "II İraklinin qüvvətlənməsini arzulamayan Kərim xan Zənd Hüseynəli xandan tələb etdi ki, o, II İrakliyə nəinki bac verməsin, hətta lazım gəldikdə ona müqavimət göstərsin. Müasirlərin dediklərinə görə, İrəvan uğrunda Kərim xan Zəndlə II İrakli arasında müharibə gözlənilirdi". Hətta 1778-ci ildə Kərim xan Zənd II İrakliyə Kartli-Kaxetiya torpaqlarının ona məxsus olduğunu bildirərək vergi verməsini tələb etmişdi. O, Dağıstan feodalları ilə birlikdə Gürcüstana yürüşə hazırlaşırdı. Lakin qəfl ölüm bu planın həyata keçməsinə mane oldu.
Hüseynəli xanın Kartli-Kaxetiya çarlığına vergi verməkdən imtina etməsi və II İraklinin İrəvan xanlığının daxili işlərinə müdaxilədən çəkindirən ikinci əsas səbəb Osmanlı siyasəti idi. Belə ki, Kiçik Qaynarca sülhündən sonra Cənubi Qafqazda Rusiya dövlətinin fəallaşması nəticəsində II İrakli çoxdan arzusunda olduğu Azərbaycan ərazilərini, xüsusən də İrəvan xanlığını işğal etməyi qərara almışdı. Rus-gürcü birliyinin təcavüzkar siyasətindən ehtiyat edən Azərbaycan xanları Osmanlı dövlətinə daha tez- tez müraciət etməyə başladılar. Sultan öz adamlarını regiona göndərərək onları bu birliyə qarşı birləşməyə çağırırdı. Ümumiyyətlə, Osmanlı dövləti İrəvan xanlığına xüsusi əhəmiyyət verirdi. Osmanlı sarayı anlayırdı ki, həmsərhəd olan İrəvanda Kartli-Kaxetiya çarının möhkəmlənməsi, osmanlılara qarşı mübarizə aparmaq üçün rus-gürcü bloku əlverişli meydan əldə edə bilərdi. Məhz buna görə də sultan İrəvana xüsusi diqqət yetirirdi.
1779-cu ildə Kərim xan Zənd vəfat etdi. Onun ölümündən sonra Mərkəzi İranda qarışıqlıq yarandı. Cənubi Qafqazda isə qubalı Fətəli xan daha da gücləndi. O, II İraklinin rəqibi olmaqla bərabər Azərbaycan xanlarını bir mərkəz ətrafında birləşdirmək və onları Kartli-Kaxetiya çarlığına qarşı qaldırmaq üçün qəti addımlar atmağa başladı. Fətəli xan ilk növbədə İrəvan və Gəncə xanlıqlarını öz tərəfinə çəkə bildi. II İrakli isə Qarabağ xanı İbrahimxəlil xanla birləşdi. 1779-cu ildə onların birləşmiş qüvvələri iki dəfə Fətəli xanın qoşununu məğlub edərək qalib gəldi. Gəncə xanlığı müttəfiqlər tərəfindən ələ keçirildi.

Elçin Qaliboğlu