“32 auditdə dövlət satınalmalarını tənzimləyən hüquqi aktların tələblərinin pozulması hallarına rast gəlinib” İqtisadiyyat

“32 auditdə dövlət satınalmalarını tənzimləyən hüquqi aktların tələblərinin pozulması hallarına rast gəlinib”

“2025-ci ilin İş Planı üzrə 32 auditdə dövlət satınalmalarını tənzimləyən hüquqi aktların tələblərinin pozulması hallarına rast gəlinib. Hesablama Palatası olaraq auditlərdə dövlət satınalmalarının qanuniliyi, eləcə də səmərəliliyi və nəticəliliyi kimi 2 əsas suala cavab axtarmağa çalışmışıq və bu fəaliyyəti növbəti illərdə genişləndirməyə çalışacağıq”.

Xalqcebhesi.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında Hesablama Palatasının sədri Vüqar Gülməmmədov deyib.

Palata sədri bildirib ki, təqdim edilmiş məlumata əsasən 2025-ci ildə 10,8 mlrd. manat məbləğində 19 min satınalma həyata keçirilib: “Apardığımız təhlillər göstərir ki, ötən illə müqayisədə, satınalma məbləğinin ÜDM-ə nisbəti 0,6 faiz bəndi artaraq 8,4%-ə çatıb. Beynəlxalq praktikada bu nisbət 12,0%-dən çoxdur. Qeyd edim ki, milli qanunvericiliyə əsasən bu rəqəmlərdə dövlətə məxsus hüquqi (kommersiya) şəxslərin satınalmaları əks olunmur. Hesab edirik ki, qanunvericilikdə dövlət müəssisələri tərəfindən keçirilən satınalmaların da vahid hesabatlılıqda nəzərə alınması dövlət satınalmalarının əsas makrogöstəriciyə nisbətini artırmaqla qabaqcıl təcrübəyə yaxınlaşdırar və korrupsiya ilə mübarizə üzrə reytinqlərdə irəliyə addım atmağa imkan verər”.

“Ümumilikdə, 2025-ci ilin auditləri müxtəlif illər ilə 3560 satınalmanı və 3,8 mlrd. manatı əhatə etmişik. Bu satınalmaların həm say, həm də məbləğ ifadəsində yarıdan çoxu müsabiqəsiz (bir mənbədən) satınalma metodu ilə keçirilib. Bir mənbədən satınalma metodu ilə keçirilən satınalmaların tərkibində say baxımından satınalma predmetinin yalnız hər hansı konkret təchizatçıda olması, məbləğ baxımından isə təcili tələbat əsası üstünlük təşkil edir” deyə V.Gülməmmədov əlavə edib.

Röya İsrafilova