İkinci Rusiya-İran müharibəsi və İrəvan xanlığının işğalı Layihə

İkinci Rusiya-İran müharibəsi və İrəvan xanlığının işğalı

7-ci yazı

1827-ci il aprelin 25-də podpolkovnik Aristovun başçılığı ilə "Şirvan batalyonu" qalanın qərb tərəfində yerləşən "İrakli təpəsini" ələ keçirərək burada artilleriya quraşdırdı. Yerləşdirilmiş toplardan qala güclü atəşə tutulmağa başladı. Bombardıman nəticəsində qala divarına və xanın sarayına zədə dəydi. Lakin top gülləsindən zədələnmiş qala divarı vaxtında müdafiəçilər tərəfindən hörüldü. Eyni zamanda qala müdafiəçiləri rus qoşununa dinclik vermirdi. Onlar da qaladan rus dəstələrini güclü atəşə tuturdu. Günortaya yaxın atəş səngidi, "Şirvan batalyonu" düşərgəyə qayıdır, mayor Xamutskinin başçılığı altında iki karabiner alayı 4 topla "İrakli təpəsi"ndə saxlanılır.
Tarix üzrə fəlsəfə doktoru Elçin Qarayevin İrəvan xanlığı ilə bağlı araşdırmasında bildirilir ki, irəvanlılar müdafiyə olunmaqla bərabər, imkan düşən kimi hücuma da keçirdi. Aprelin 25-də saat 4-də qala rəisi Cübhanqulu xanın başçılığı ilə piyada və süvarilərdən təşkil olunmuş qoşun şəhər bağlarında yerləşən gürcü alayına hücum etdi. Qəflətən yaxalanmış alay geri çəkilməli oldu. Lakin tezliklə, onlara əlavə kömək gəldi və döyüş yenidən qızışdı. Nəticədə, qala müdafiyəçiləri güclü itki verərək geri çəkildi.
İrəvanın şərq tərəfdən şəhər ətrafı hissəsi açıq qalırdı. Burada bazar, məscid və Zəngi çayına doğru uzanan mülklər yerləşirdi. Aprelin 27-də şəhərin bu hissəsi də rus qoşunu tərəfindən ələ keçirildi. Beləliklə, həmin gün qalanın mühasirəsi başa çatdırıldı. İrəvan qalası hər tərəfdən mühasirəyə alınmasına baxmayaraq, irəvanlılar güclü müdafiə olunurdu. Onların inadkarlığını görən general Benkendorf Hüseynqulu xanla və qala rəisi Cübhanqulu xanla danışıqlara girməyə məcbur oldu. V.Umudlu əsərində danışıqların Həsən xanla getdiyini qeyd edir. Lakin bu vaxt Həsən xan qalada deyildi və qalanın rəisi Hüseynqulu xanın qardaşı oğlu və kürəkəni Cübhanqulu xan idi. Əvvəlcə general Benkendorf xanı pulla ələ almaq niyyətində idi. Lakin bunun mənasız olduğunu başa düşən general ona şirnikləndirici təklif etdi. O, rus komandanlığı adından söz verirdi ki, əgər Hüseynqulu xan qalanı könüllü təslim etsə, Rusiya hökuməti onu vəzifəsində saxlayacaq və əvvəlki gəliri özündə qalacaqdır. Lakin İrəvan xanı rus qoşununu ağır vəziyyətdən çıxarmaq üçün generalın danışıqlar aparmaqla vaxt qazanmaq niyyətində olduğunu başa düşürdü. Xan qalanı mühasirəyə alan rus qoşununun aclıqdan əziyyət çəkdiyindən xəbərdar idi. Onda olan məlumata görə, qoşun ərzaqsız idi və bitki kökləri ilə dolanırdı. Belə bir vəziyyətdə, Hüseynqulu xan rusların heç bir təklifini qəbul etmədi. Hətta qala rəisi ilə danışıqlar da nəticəsiz qaldı.
Tezliklə, Sərdarabad qalasından Həsən xanın başçılığı ilə süvari dəstəsinin İrəvan qalasına yaxınlaşması xəbəri gəldi. Qala müdafiəçilərinə kənardan hər cür köməyin rus qoşunu üçün pis nəticə verəcəyini başa düşən general Benkendorf Həsən xanı ciddi cəzalandırmağı qərara aldı. Mayın 4-də baron Frideriksin başçılığı ilə 2 gürcü qrenader alayı, 1 topa malik qara dəniz alayına məxsus 200 dəstə Həsən xanın süvarilərinin qarşısını almaq üçün Gərni çayı tərəfə göndərildi. Lakin Naxçıvana gedən yolda rus dəstəsi qəflətən irəvanlıların hücumuna məruz qaldı. Qəflətən yaxalanmasına baxmayaraq, ruslar qalib gəldi. Məğlub olan Həsən xan isə dəstəsi ilə Sərdərabada geri çəkildi.
Məğlubiyyətə baxmayaraq, dörd gündən sonra Həsən xan mayın 7-də 4 minlik qoşunla yenidən yürüşə başlayaraq, Zəngi çayının Araza tökülən yerdə düşərgə saldı. Bu xəbəri eşidən general Benkendorf qəfl hücumla Həsən xanın dəstəsini darmadağın etməyə qərara aldı. İlk növbədə poruçik Koçebu İrəvan qoşunu haqqında məlumat toplamaq üçün kəşfiyyata göndərildi. Özü isə mayın 8-də axşam 1200 nəfərlik kazak süvarisi, 1 topa malik iki bölüklə gizli olaraq irəvanlılırın düşərgəsinə doğru hərəkətə başladı. Rus qoşunu səhər tezdən Zəngi çayının mənsəbinə gəlib çatdı və qəflətən İrəvan qoşununa hücum etdi. Qəflətən yaxalanmış Həsən xan dəstəsilə Abaran çayının əks tərəfinə keçməyə çalışdı. Lakin rus dəstələri onları qabaqlayaraq irəvanlılara böyük itki verdi. Vəziyyətin çıxılmaz olduğunu başa düşən Həsən xan Sərdarabad istiqamətində geri çəkilməyə məcbur oldu. Rus qoşunu onları qalanın 25 verstliyinə qədər təqib edir. Döyüş İrəvan qoşunu üçün acınacaqlı qurtardı. Bu döyüşdə Həsən xanın dəstəsindən 600 nəfər öldürülmüşdü. Ölənlərin arasında Qaradağ və Xoydan olan nüfuzlu əyanlar da vardı. Kürd tayfa başçısı Hüseyn ağa və qarapapaqların rəisi Mürsəl xan itkin düşmüşdü. İrəvan süvarilərindən 53 nəfər əsir götürülmüşdü. Onların arasında Hüseynqulu xanın qaynatası da vardı. Lakin Şerbatov əsərində İrəvan qoşunundan 300 nəfərin öldüyünü və yaralandığını, 54 nəfərin əsir düşdüyünü qeyd etmişdi. Rus qoşunundan isə 2 nəfər ölmüş, 2-si isə yaralanmışdı.
Zəngi çayı ətrafında məğlubiyyətə düçar olan Həsən xan Araz çayının cənubunda yerləşən Bəybulaq kəndində düşərgə saldı. O, yerli tayfalardan süvari dəstələr toplayaraq qoşununun sayını 5000-ə çatdırdı. Məğlubiyyətdən nəticə çıxaran Həsən xan ehtiyatlı hərəkət edirdi. Onun əmrinə əsasən, ayrumlar İbrahim ağanın başçılığı ilə İrəvandan Hamamlıya və Bəykəndinə gedən yolu nəzarətə götürmüşdü. Ayrum dəstələri rus qoşununu ərzaqdan məhrum etmək üçün taxıl zəmilərini məhv edir. Eyni zamanda Həsən xan hər bir rus əsgərinin başına 100 rubl (10 tümən-E.Q.), xəyanətkar erməni başı üçün 50 rubl gümüş pul (5 tümən-E.Q.) vəd etmişdi. Bundan əlavə, xan qala ilə əlaqə saxlamaq, onları rus qoşununun vəziyyəti ilə məlumatlandırmaq üçün gizli olaraq adamlarını oraya göndərirdi. V.Pottonun yazdığına görə, 2-3 gün ərzində rus əsgərləri qalaya girmək istəyən yeddi xəfiyyə yaxalamışdı.
General Benkendorf Həsən xanın cəsarətli fəaliyyətini rus qoşunu üçün qorxulu hesab edirdi. Onun əmrinə əsasən, bütün süvari dəstəsi irəvanlıların düşərgəsinə hücum edərək, Həsən xanın qoşununu geri çəkilməyə məcbur etdi. Həsən xanın məğlubiyyəti ilə kənardan hər cür köməkdən məhrum olan qala müdafiəçilərinin vəziyyəti də ürəkaçan deyildi və əhali ruhdan düşməyə başlamışdı. Digər tərəfdən ermənilər xəyanətkar əməllərindən əl çəkmirdi. Onlar imkan düşdükcə rus qoşununa köməklik göstərirdi. Hətta qalanın çətin vəziyyətdə olmasından istifadə edən 150 nəfər erməni qaçaraq rus qoşununa qoşulmuşdu. Lakin Hüseynqulu xanın cəsarətli hərəkətləri qala müdafiəçilərini ruhdan düşməyə qoymurdu. Xan tez-tez qala müdafiəçilərini hücuma həvəsləndirməklə, bu çaşqınlığın qarşısını almağa və onları ruhlandırmağa çalışırdı. Onun göstərişi ilə bir dəstə İrəvan qoşunu iyunun 6-da qaladan çıxaraq "İrakli təpəsi"ndə mövqe tutmuş rus dəstəsinə hücum etmişdi. Lakin bu cəhd uğursuzluğa düçar oldu.
Rus qoşununun vəziyyəti daha acınacaqlı idi. Mühasirənin uzanması, irəvanlıların güclü müqaviməti, ərzaq çatışmazlığı və havanın isti keçməsi general Benkendorfun dəstəsini əldən salmışdı. Ayrı-ayrı çevik dəstələrə bölünmüş irəvanlıların qəfl hücumları nəticəsində rus qoşunu çoxlu itkilər verirdi. Bu cür vəziyyət general adyutant Paskeviçin başçılığı ilə əsas qüvvələrin İrəvana gəlişinə qədər davam etmişdi.
Rus qoşunlarının ön dəstəsinin acınacaqlı vəziyyətə düşdüyü belə vəziyyətdə baş komandan Paskeviçin başçılığı ilə əsas qüvvələrin cənub istiqamətində yürüşü başladı. 1827-ci il mayın 12-də 500 nəfər gürcü və erməni əyanlarının müşayətilə general-adyutant Paskeviç güclü qoşunla İrəvana doğru hərəkət edərək, iyunun 8-də Eçmiədzinə gəlib çatdı. Rus qoşununun sayı 15.000-ə çatırdı. Bu qoşunun ardınca general-leytenant Krasovskinin başçılığı ilə 20-ci piyada alayı İrəvana gəldi. Rus qoşununun tərkibində çarın razılığı ilə Tiflisdə ermənilərdən təşkil olunmuş ilk alay da fəaliyyət göstərirdi. Mayın 17-də Tiflisdən hərəkət edən bu alaya yolda ikən çoxlu erməni qoşulmuşdu. Onların sayı 1000 nəfərə çatırdı. İrəvana gələn baş komandan Paskeviç Benkendorfun dəstəsini ağır vəziyyətdə gördü. O, bütün artilleriyanı İrəvan qalası ətrafına göndərdi. Sonra qala rəisi ilə danışıqlara cəhd etdi. Lakin xan qala rəisilə danışıqların mənasız olduğunu bildirərək Paskeviçə yazırdı: "Əgər Paskeviç rəislə qalanı təslim etmək məqsədilə danışıq aparırsa bu mənasızdır, belə ki, buranın xanı olan mən qərara almışam ki, təslim etməyim".
İrəvan xanından mənfi cavab alan Paskeviç qalanın mühasirəsini gücləndirməyi qərara aldı. Onun əmri ilə hərbi mühəndis, general-mayor Truzson İrəvan qalasını güclü bombardıman etmək üçün onun şimal hissəsində, Zəngi çayının sahilində artilleriya üçün yer düzəltməyə başladı. Lakin qala ətrafını nəzərdən keçirən baş komandan, tezliklə onu ələ keçirməyin qeyri-mümkün olduğuna əmin olaraq bu işi dayandırdı. Digər tərəfdən qala müdafiəçilərinin müqaviməti, havaların isti keçməsi nəticəsində rus qoşununun itkisi çoxalırdı. Paskeviç çara yazdığı məktubda etiraf edirdi ki, "Mən təəccüblənirəm ki, günü-gündən qalanın mühasiryə alınması çətinləşir, çünki beş gündür burdayam, 400 nəfər xəstə Eçmiədzinə göndərilib. Mən moldaviya kompaniyasının təcrübəsindən bilirəm ki, xəstəlikdən alayların sayı azalır, qorxuram qoşunun vəziyyəti o dərəcəyə çata ki, mühasirədə heç kim tapılmasın".
İrəvan qalasını işğal edə bilməyəcəyinə əmin olan Paskeviç Naxçıvana yürüş etməyi qərara aldı. Baş komandan uzun müddət İrəvan ətrafında ləngiməklə, sələfləri Sisiyanov və Qudoviçin səhvlərini təkirarlamaq istəmirdi. O, mühasirənin uzanmasını rus qoşunu üçün acınacaqlı nəticə verəcəyini başa düşürdü. Digər tərəfdən, Paskeviç qala müdafiəçilərinin Naxçıvandan və Arazın cənubundan kömək alacağından ehtiyat edirdi. Bu haqda çara yazırdı: "Beləliklə, məni Arazın cənubuna getmək və hər şeydən əvvəl Naxçıvanı işğal etməyə məcbur edən səbəb İrəvan qarnizonunu o tərəfdən hər hansı kömək almaq imkanından məhrum etmək idi..." Baş komandan cənuba yürüşdən əvvəl mühasirəni gücləndirmək üçün bir neçə göstəriş verdi. Mühasirə başçısı Benkendorf general-leytenant Krasovski ilə əvəz olundu. Onun başçılıq etdiyi 20-ci piyada diviziyası, sevastapol, krım piyada alayları, 39 və 40-cı yeger alayları, 6-cı batalyon 38 topla qalanın mühasirəsində saxlanıldı. Qalan bütün qoşunlar İrəvandan 50 verst aralıda yerləşən Gəmi çayın ətrafında toplandı. Bir neçə gün hazırlıqdan sonra iyunun 19-da Naxçıvan xanlığı istiqamətində yürüş başlayır. 1827-ci il iyunun 26-da Naxçıvan döyüşsüz ələ keçirildi.

Elçin Qaliboğlu