Azərbaycan müstəqilliyini heç nəyə dəyişmək istəməz Layihə

Azərbaycan müstəqilliyini heç nəyə dəyişmək istəməz

"Qarabağ konfliktinin həllində ciddi dəyişikliklər baş verməyib. 2019-cu ildə gözlə görünəcək dəyişikliklər olmayacaq, amma Rusiya konflikt zonasında yeni toqquşmalar üçün provokasiyaya yol verəcək ki, hər iki tərəfə kimin bu məsələdə qərar qəbul edən olduğunu xatırlatsın".
Bunu "1in.am" saytına açıqlamasında ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin keçmiş məsləhətçisi, ABŞ-ın keçmiş dövlət katibi Ceyms Beykerin Sovet İttifaqı millətləri üzrə müşaviri, Avrasiya millətləri üzrə ekspert Pol Qobl deyib. Onun sözlərinə görə, Azərbaycan Moskva ilə mülayim yaxınlaşmaya cəhd edir.
O, Moskvanın Azərbaycandan nə isə ala biləcəyini anlayacağı təqdirdə Ermənistanı dərhal satacağını bildirib:
"Rusiya konfliktin tam həllini istəmir. Ona görə ki, bu halda o, İrəvan və Bakıya təsir rıçaqlarını itirəcək. ABŞ istəyir ki, problem həll olunsun, amma onun regionda konfliktin həlli üçün kifayət qədər resursu yoxdur.
İki fundamental dəyişiklik var ki, situasiyanı dəyişə bilər. Ermənistanda Moskvadan müstəqil olan yeni hökumət formalaşıb. Azərbaycan isə Moskva ilə əlaqələrini daha da dərinləşdirir. Böyük ehtimalla Paşinyanın hələlik Dağlıq Qarabağ məsələsində müstəqil hərəkət etmək üçün kifayət qədər gücü yoxdur. O, hər şeydən öncə daxili problemlərə diqqətini yönəldib. O, güclü Qarabağ lobbisinə zidd olan addımlar atmaq istəmir. Mümkündür ki, situasiya 1-2 il sonra dəyişsin. Moskva əgər İrəvanı öz mövqeyindən çəkilməyə, Dağlıq Qarabağ məsələsində güzəştlərə məcbur etsə, Azərbaycanda öz təsirini artıra bilər. Mən həmişə əmin olmuşam ki, Moskva Azərbaycandan nə isə əldə edəcəyinə əmin olsa, Ermənistanı sata bilər. Bunun yalnız bir böyük "amma"sı var. Aydın olmayan odur ki, İlham Əliyev Dağlıq Qarabağın qaytarılmasına səbəb olsa belə hər şeyi Moskvaya verməyə hazırdırmı?".
O, Kremlin Paşinyanı sevmədiyini, amma həm də Qərbin ağuşuna buraxmaq istəmədiyini deyib.
Qobl Qarabağ konfliktinin Azərbaycanın xeyrinə həllinin Vaşinqtona sərf etdiyini söyləyib: "Əgər Qarabağ məsələsi Azərbaycanın xeyrinə həll edilsə, bu, ABŞ-a imkan verəcək ki, İranı daha çox təcrid etsin. Belə ki, Qarabağın həlli Tehranın Qafqaza siyasi təsir imkanlarının yox olması deməkdri. Moskva bunu başa düşür və buna görə də onun gerçəkləşməməsinə çalışacaq".
Vaşinqton İnstitutunun professorunun fikirlərini şərh edən politoloq, sabiq dövlət müşaviri Qabil Hüseynli söyləyib ki, Pol Qoblun fikirlərində həqiqət payı var.
Müsahibimiz qeyd edir ki, Rusiya Dağlıq Qarabağ münaqişəsinin həllində fəallaşsa da, onun təklif edəcəyi həll variantları hələlik gözə dəymir.
"Söhbətlər hələ ki 5 rayonun geri qaytarılması, əvəzində Dağlıq Qarabağa hansısa statusun verilməsi ətrafında fırlanır. Bu nöqteyi nəzərdən, 2019-cu ildə Dağlıq Qarabağla bağlı pozitiv dəyişikliklərin olacağını ehtimal etsək də, Rusiyanın bu məsələdə hansısa konstruktiv rol oynayacağına bel bağlamaq demək olar ki, çətindir. Pol Qobl da indiyə kimi Rusiyanın oynadığı rolu nəzərə alaraq, elə bir qənaətə gəlib", - Qabil Hüseynli qeyd edib.
Amerikalı politoloqun "Moskva Azərbaycanı öz tərəfinə tamamilə çəkə bilsə, Ermənistanı satacaq" fikrinə gəlincə, Qabil Hüseynli qeyd edib ki, burada da müəyyən qədər həqiqət payı var:
"Bu səbəbdən ki, Azərbaycan müstəqil siyasət yürütməyin tərəfdarıdır. Azərbaycan Rusiya ilə tam yaxınlaşmamaq, yəni ölkə suverenliyinin əsas parametrlərini qoruyub saxlamaq istəyir. Bu nöqteyi-nəzərdən, Pol Qoblun özü də şahidi olub ki, Azərbaycan müstəqilliyini heç nəyə dəyişmək istəməz".
Dağlıq Qarabağ probleminin həlli üçün ABŞ-ın malik olduğu resurslara gəlincə, politoloq bildirib ki, Vaşinqton Rusiya qədər resurslara malik olmasa da, onları azaldıb-artıra bilər.
"Amerikanın bölgə xalqları üçün təklifləri daha cəlbedici, daha cazibədardır. ABŞ ixrac etdiyi dəyərlər baxımından daha üstün mövqeyə sahibdir. Amma bununla yanaşı, Amerika bölgəyə yaxınlaşmaqda çox ehtiyatlı mövqe nümayiş etdirir və xüsusilə prezident Donald Tramp zehniyyətinə söykənərək Rusiyanın yaxın sərhədlərində risklərə getmək istəmir", - Qabil Hüseynli vurğulayıb.
"Polit RUS" ekspert-analitik şəbəkəsinin təsisçisi Vitali Arkov isə deyib ki, Azərbaycan Rusiya və Türkiyə üçün regionda strateji tərəfdaş, ruhi baxımdan yaxın və qohum ölkədir. Moskva və Ankara tərəfindən Bakıya indiki münasibət təkcə tarixi əlaqələrin yox, həm də Azərbaycan rəhbərliyinin uzaqgörən siyasətinin nəticəsidir.
Onun sözlərinə görə, Moskva və Ankara Bakının 2015-ci ildə baş verən faciəvi Su-24 insidentindən sonra iki böyük qonşusunu barışdırmaqda göstərdiyi səyləri dəyərləndirir və xatırlayır:
"Moskva üçün başlıca hədəf Rusiya-Azərbaycan münasibətləri çərçivəsində Bakıya Qarabağ konfliktinin sülh yoluyla həllinə yardım etməkdir. Bugünkü gün Bakının nəzarətinə Azərbaycanın işğal edilmiş rayonlarının mərhələli geri qaytarılması haqqında Moskva planının (Lavrov planı) tətbiqi ən real görünən variantdır".
Arkov əmindir ki, bu aspektdə Rusiya və Türkiyə Ermənistana atəşkəs xəttinin "Dağlıq Qarabağ" sərhədinə köçürülməsindən sonra Azərbaycan ərazi konfliktinin hərbi həllinə cəhd göstərməyəcəyinə dair zəmanət verə bilər:
"Rusiya sülhməramlılarının "Dağlıq Qarabağ"la Azərbaycan arasındakı yeni sərhəddə daxili perimetr boyunca yerləşdirilməsi məsələsinin də tədqiqi mümkündür. Məncə, analoji formada Azərbaycan tərəfindən türkiyəli sülhməramlıların yerləşdirilməsinə ehtiyac yoxdur".
WorldMedia yazır ki, "Tasnim" İnformasiya Agentliyinin məlumatına görə, erməni politoloq Aram Tadosyan bildirib ki, Ermənistanda baş vermiş inqilabın dalğasının qondarma "Dağlıq Qarabağ Respublikası"na keçməsi separatçıların lideri, tanınmamış rejimin rəhbəri Bako Saakyan "hakimiyyət"inin süqutu ilə nəticələnə bilər.
O, keçirdiyi mətbuat konfransında Ermənistanda aprel inqilabından sonra yaranmış vəziyyət haqda danışıb. "Ermənistanda Serj Sarqsyanın istefaya göndərilməsilə hakimiyyətin dəyişməsindən, Nikol Paşinyanın hakimiyyətə gəlişindən sonra cəmiyyət iki yerə bölünüb. Bu gün Yerevanın Qarabağ üzərində hegemonluğuna tərəfdar olanlar Paşinyan inqilabını dəstəkləmir", - deyə politoloq qeyd edib.
Yerevandakı siyasi qarşıdurmaların "Dağlıq Qarabağ bölgəsinə də sıçrayacağını" düşünən Tadosyan deyib: "Paşinyanın inqilab dalğasının Qarabağa təsiri qaçılmazdır. Orada gərginliyin artması isə separatçı lider Bako Saakyanın devrilməsinə səbəb olacaq. Çünki Saakyan Sarqsyana yaxın siyasətçilərdən sayılır və Qarabağda məhz Sarqsyanın siyasi kursu davam edir".
Politoloq hesab edir ki, Sarqsyan hakimiyyətinin süqutundan sonra Saakyan və tərəfdarları Paşinyanı aldatmağa, güya onun hakimiyyətini dəstəklədiklərini göstərməyə çalışırlar. "Ancaq baş nazir bu dəstəyin saxta olduğunu yaxşı bilir", - deyə erməni ekspert qeyd edib.
"İşğal altındakı Dağlıq Qarabağ ərazisi Ermənistanın keçmiş hakim rejiminin çirkli pulların yuyulması mərkəzinə, korrupsiya və qanunsuzluqlar məkanına çevrilmişdi. Bütün bunlar Paşinyan inqilabı ilə ziddiyyət təşkil edir. Odur ki, "DQR"i çox çətin günlər gözləyir", - deyə Aram Tadosyan bildirib.
İtaliyanın aparıcı KİV-lərindən olan "L’Opinione" qəzetində dərc olunan məqalədə isə yazılır ki, uzun müddət davam edən Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesində mühüm dəyişikliklər müşahidə olunur.
Məqalədə bildirilir: "Ötən il dekabrın ortalarında Bakıda Dağlıq Qarabağın azərbaycanlı icmasının qurultayı keçirilib və orada Azərbaycan Xarici İşlər Nazirliyinin gənc əməkdaşı Tural Gəncəliyev icmanın rəhbəri seçilib. Bu xəbər regionun icmaları üçün böyük əhəmiyyət kəsb edir, çünki münaqişənin həllində yeni diplomatik mexanizmlərdən istifadə oluna bilər".
Məqalədə T.Gəncəliyevin Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının rəhbəri təyin edildikdən sonra ilk bəyanatı təqdim edilir: "Mən 1992-ci ildən məcburi köçkünəm. Mən öz hüquqlarımdan istifadə edərək anadan olduğum Şuşaya və uşaqlığımı keçirdiyim evə qayıtmaq istəyirəm".
Nəşr vurğulayır ki, o, yeni vəzifəsinin icrasına başlayarkən bildirib: "Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərində mahiyyət etibarilə Serj Sarkisyan rejiminin davamı olan kriminal xunta yaradılıb. Orada yaşayan erməni əhalisi, yəni Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin erməni icması qondarma xunta rejiminin işğalı altındadır, onlar total nəzarət altında saxlanılır və bütün hüquqlardan məhrum ediliblər. Ermənistan əhalisi bu ilin aprelində başlayan kütləvi etiraz aksiyaları vasitəsilə Sarkisyan rejimini hakimiyyətdən saldı. Dağlıq Qarabağda baş verən son hadisələr onu göstərir ki, əhali bu qondarma kriminal rejimdən bezib".
Məqalədə bildirilir ki, gənc diplomatın ilk məqsədi bölgənin erməni və azərbaycanlı icmalarının danışıqlara bərabər çıxışını təmin etmək məqsədilə azərbaycanlı icmanın rolunu və tələblərini gücləndirməkdir.
Sonra T.Gəncəliyevin yeni vəzifəsinin icrasına başlayarkən verdiyi açıqlamanın davamı təqdim edilir: "Danışıqlar prosesində Ermənistan və Azərbaycan münaqişə tərəfləri, Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin erməni və azərbaycanlı icmaları isə maraqlı tərəflər kimi müəyyən olunub. Dağlıq Qarabağın azərbaycanlı icmasının legitim və ayrılmaz hüquqları bərpa olunmadan, o cümlədən onların öz doğma torpaqlarına qayıtması təmin olunmadan münaqişənin ədalətli və davamlı həlli mümkün deyil. Serj Sarkisyan rejimi hər vəchlə iki icma arasında dialoqun yaradılmasına mane olurdu və imkan vermirdi. Hesab edirik ki, bərabərhüquqlu tərəflər olan bu icmalar arasında Azərbaycanın sərhədləri daxilində sülh şəraitində gələcək birgəyaşayış təşviq olunmalıdır".
Məqalədə vurğulanır ki, etnik təmizləmə nəticəsində regionu tərk etmək məcburiyyətində qalan Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının regionun hüquqi statusunun müəyyənləşdirilməsi prosesində iştirak etməyə qanuni haqqı var: "Bu hüququ tanımadan münaqişənin qlobal və ədalətli həlli yolunu tapmaq mümkün deyil. Ermənistan danışıqlarda Dağlıq Qarabağ ermənilərinin hüquqlarını daim vurğulayır. Erməni icmasının hüquqları Dağlıq Qarabağın azərbaycanlı icmasının hüquqları hesabına təmin edilə bilməz. İnsanın hüquqları başqa insanın hüquqlarına zərər vurmaqla təmin edilə bilməz, eləcə də etnik qrupun hüquqları digər etnik qrupun hüquqlarına zərər vurmaqla təmin edilə bilməz. Bu, beynəlxalq hüquq və insan hüquqlarının əsasıdır".
Cavid