“Xocalıda qətlə yetirdikləri 100 nəfəri yan-yana düzərək körpü düzəltdilər” Layihə

“Xocalıda qətlə yetirdikləri 100 nəfəri yan-yana düzərək körpü düzəltdilər”

Erməni jurnalist Berain Siracyan: "Qorxdum ki, bu qan üçün heç vaxt Azərbaycan tərəfi, sabahkı nəsillər susmasın…"

İstifadə edilən işgəncə metodlarına və miqyasına görə, Xocalı tarixin Xatın faciəsindən daha dəhşətli hesab edilir. Azərbaycanlı döyüşçülərin, əsir düşmüş mülki vətəndaşların dedikləri bir yana, həmin dəhşətlərin bilavasitə şahidi olmuş xarici jurnalistlərin yazdıqları xüsusilə əhəmiyyətlidir.
Jurnalist Qədir Nəsirovun topladığı materiallardan: "Sandi tayms" qəzetinin müxbiri: Erməni əsgərləri yüzlərlə azərbaycanlıya divan tutmuşlar... Ermənilər bu insanlara fasiləsiz atəş açır, sonra onları süngülərlə dəlik-deşik edir, bıçaqla doğrayırdılar. Bir oğlanın qulağı kəsilmişdi. "Vaşinqton post"un müxbiri: Cəsədlər arasında iki uşaq və üç qadın meyiti vardı. Onlardan birinin sinəsinə yaxın məsafədən atəş açılmışdır. Ağdam hospitalına gətirilmiş 120 qaçqının çoxunda süngü yarası vardı...
Parisdə çıxan "Le Mond" qəzetinin müxbiri: Şəhərdən qaçan qadınlara və uşaqlara yaxın məsafədən avtomat silahlardan atəş açılmışdır. Üç nəfərin başının dərisi soyulmuş, barmaqları kəsilmişdir. Londonda çıxan "Tayms" qəzetinin müxbiri yazırdı ki, onun gördüyü adamların çoxu eybəcər hala salınmış, balaca qızcığazın isə yalnız başı qalmışdır...
Fransalı jurnalist Jan-İv Yunet: Biz Xocalı faciəsinin şahidləri olduq, həlak olmuş yüzlərlə dinc sakinin - qadınların, uşaqların, qocaların, eləcə də Xocalını müdafiə edənlərin cəsədlərini gördük... Bu, dəhşətli mənzərə idi. Mən müharibələr haqqında, alman faşistlərinin qəddarlığı haqqında çox eşitmişdim. Lakin 5-6 yaşlı uşaqları, dinc əhalini qətlə yetirən ermənilər faşistləri də geridə qoymuşdular...

Rusiyanın "İzvestiya" qəzetinin müxbiri V.Belıx: "Ağdama vaxtaşırı cəsədlər gətirilir. Ermənilər həlak olmuş bu insanların cəsədlərinin müqabilində qarşı tərəfdən diri adamları girov götürürlər. Gecənin qaranlığında bu insanların çıxarılmış gözlərini, kəsilmiş qulaqlarını, dərisi soyulmuş, bədəndən ayrılmış başlarını görəndə adam dəhşətə gəlir. Bir neçə cəsədi kəndirlə bir-birinə bağlayıb zirehli transportyora qoşaraq sürümüşdülər. İşgəncələrin həddi-hüdudu yoxdur..."
Rusiyanın "Memorial" hüquq müdafiəsi mərkəzi də təsdiq etmişdir ki, ermənilər hətta ölüləri də təhqir edirdilər. Bu mərkəz bir azərbaycanlının diri-diri başının dərisinin soyulması faktını qeydə almış və xocalıların həlak olması səbəblərini müəyyən etmək üçün məhkəmə-tibbi ekspertizası aparmışdı.
İngiltərə teleşirkətlərindən birinin hadisə yerində olmuş jurnalist R.Patrik demişdir: "Xocalıda törədilmiş mənfur əməllərə dünya ictimaiyyətinin nəzərində heç nə ilə haqq qazandırmaq olmaz". Krua l`Eveneman jurnalı (Paris): "Ermənilər Xocalıya hücum etmişlər. Bütün dünya eybəcər hala salınmış meyitlərin şahidi oldu. Azərbaycanlılar minlərlə ölənlər barədə xəbər verirlər". "Faynenşl Tayms" qəzeti (London), 9 mart 1992-ci il: "Ermənilər Ağdama tərəf gedən dəstəni güllələmişlər. Azərbaycanlılar 1200-ə qədər cəsəd saymışlar". "Faynenşl Tayms" qəzeti (London), 14 mart 1992-ci il: "General Polyakov bildirmişdir ki, 366-cı alayın 103 nəfər erməni hərbiçisi Dağlıq Qarabağda qalmışdır".
"İzvestiya" (Moskva), 13 mart 1992-ci il: "Mayor Leonid Kravets: Mən şəxsən təpədə yüzə yaxın meyit gördüm. Bir oğlanın başı yox idi. Hər tərəfdə xüsusi qəddarlıqla öldürülmüş qadın, uşaq, qocalar görünürdü". "Valer aktuel" jurnalı (Paris), 14 mart 1992-ci il: "Bu "muxtar regionda" erməni silahlı dəstələri Yaxın Şərqdən çıxmışlarla birlikdə müasir texnikaya, o cümlədən vertolyotlara malikdirlər. ASALA-nın Suriya və Livanda hərbi düşərgələri və silah anbarları vardır. Ermənilər yüzdən artıq müsəlman kəndlərində qırğınlar törədərək Qarabağdakı azərbaycanlıları məhv etmişlər".
1992-ci il fevralın 25-də Xocalıya erməni silahlı dəstələrinin hücumu başlandı.
Amerikalı yazıçı Tomas Qolts qeydlərində yazırdı: "Sonuncu dəfə Xocalıda bir ay əvvəl olmuşdum. O vaxt artıq ora getmək təkcə vertolyotla mümkün idi. Ermənilər Ağdama gedən yolu tutmuşdular. Azərbaycanın hökumət rəhbərləri qəti şəkildə inkar etsələr də, Xocalıda nəsə dəhşətli bir olayın baş verdiyi məlum idi. Vaxt itirmədən Londonun "İndependent" nəşrinin əməkdaşı Xyu Poupla Ağdama yola düşdük. Sonuncu dəfə ora Əliflə getmişdik. O deyirdi ki, son üç ayda ucqar kəndlərin hamısını ermənilər bir-bir işğal ediblər. Azərbaycanlıların əlində yalnız Xocalı qalıb ki, onların da arasında yol kəsilib. Bizim hamımızı satıblar, əgər hökumət istəsə, Ağdama gedən yolu bir gündə açar. Eşitdiklərimizə inana bilmirdik. Onlar deyirdilər ki, ermənilər rus əsgərləri ilə birləşərək fevralın 25-i gecəsi Xocalı şəhərini Yer üzündən silib, yüzlərlə insanı qətlə yetiriblər. Sağ qalanların üz-gözləri cırıq-cırıq, ayaqları yalın, soyuqdan və qışqırmaqdan səsləri çıxmırdı. Raziyə Aslanova adlı bir qadın ağlaya-ağlaya bildirdi ki, həyat yoldaşını və kürəkənini onun gözləri qarşısında öldürüblər, qızı isə itkin düşüb".
Amerikalı yazar Xocalıda öldürülənləri bildirçin ovuna bənzədirdi. Yazırdı ki, min nəfər mülki şəxs onları müdafiə edən bir ovuc döyüşçü ilə birgə bildirçin ovundakı kimi gülləbaran edilmişdi: "Cəsədlərin çoxu əlçatmaz yerlərdə, meşədə, dağlarda qalmışdı. Xocalı insan məskəni deyil, qarğaların sakin olduğu məkana bənzəyirdi. Bir gecədə min ölü? Bu, ola bilməzdi, belə şey qeyri-mümkün idi. Amma bir qədər araşdırdıqdan sonra həqiqətən də ölənlərin sayı ilə bağlı təxminimizdə yanılmadığımızı anladıq".
"Röyter"sin müxbiri Elif Kaban gördüklərindən çox sarsılmışdı, o, sanki ağılını itirmişdi: "Dəhşətli şeylər danışırdılar. Meyitlərin başlarının dərisi soyulmuş, əzaları, qolları kəsilmişdi. Dəhşət idi". Xocalıda baş verənlərin şahidi olmuş İngiltərənin "Fant Men News" telekanalının əməkdaşı R. Patrik daha sonra deyirdi: "Xocalıdakı vəhşiliklərə dünya ictimaiyyətinin gözündə heç nə ilə haqq qazandırmaq olmaz".
Livanlı kinooperator təsdiq edirdi ki, onun ölkəsinin varlı daşnak icması Qarabağa silah və adam göndərir. Jurnalist Yuri Poleneyev isə "Qarabağ qan girdabında" kitabında yazırdı: "Xocalı hadisəsi Hitler faşizminin Xatın kəndində törətdiyi müsibətlə müqayisədə daha dəhşətli idi. Ermənilər bu qəddar terror aktı ilə öz vəhşiliklərini bütün dünyaya bəyan etdilər. 1992-ci ilin fevralın 25-dən 26-na keçən gecə Xocalı Şəhərinin sakinlərinə vəhşicəsinə divan tutuldu. Xocalıda yalnız ölülər qaldı".
Bunlar azərbaycanlıların deyil, azərbaycanlı olmayanların, kənardan, dünyanın müxtəlif ölkəsindən, müxtəlif təşkilatından olan insanların dedikləri həqiqətlərdir.
Faciə baş verən gün Xankəndidə ezamiyyətdə olmuş Fransanın "Libardion" qəzetinin əməkdaşı Jül Gen Vaynerin qeydləri xüsusi maraq doğurur. Xocalı soyqırımını qorxulu yuxuya bənzədən Vayner jurnalistika ilə məşğul olduğu 25 il ərzində müharibələrin getdiyi çoxlu müxtəlif ölkələrdə olduğunu, lakin Xocalı şəhərindəki kimi dəhşətli və tükürpədici mənzərələrlə rastlaşmadığını yazmışdır. Jurnalist "Libardion" qəzetində çap etdirdiyi "Erməni terrorizminin canlı şahidi oldum" sərlövhəli yazıda Xocalıda baş verənlərin qabaqcadan cızılan senari olduğunu açıq bəyan etmişdir. Onun fikrincə, bunda məqsəd bütövlükdə bəşəriyyətin gözünü qorxutmaq olmuş, erməni terrorizmi dünyanı məhz bu yolla "ram etməyə" çalışmışdır. Fransalı müxbir Xocalı qətliamında iştirak edən erməni terror dəstələrinin necə amansızlıq etdiklərinin canlı şahidi olduğunu yazmışdır. Mənfur Sovet ordusunun 366-cı motoatıcı alayının ermənilərlə birgə Xocalı üzərinə hücumundan bir gün əvvəl Xankəndidə bu alayın qərargahında olan Vayner orada rus polkovniki Zaviqarovun əməliyyata ciddi hazırlaşdığının şahidi olduğunu göstərmişdir: "Hələ Xocalı işğal edilməmişdən bir gün əvvəl 49 azərbaycanlı əsir alınaraq kütləvi şəkildə güllələndi. Batalyon və hərbi hissələrin komandirləri dinc əhalinin məhvinə qərar vermişdilər. Hücumdan bir neçə saat əvvəl 366-cı alayın qərargahında 58 azərbaycanlı qətlə yetirildi. Onların çoxu qadın və uşaqlar idi. Cəsədlərin gömüldüyü quyuların yanından keçmək mümkün deyildi. Çünki oradan dəhşətli dərəcədə meyit iyi gəlir, itlərin, çaqqalların səsləri eşidilirdi". Fransalı jurnalist Xocalıya hücum ərəfəsində Ermənistanın hakimiyyət orqanları rəhbərlərinin 366-cı motoatıcı alayın qərargahında olduğunu da vurğulamışdır.
"Xocalıda qətlə yetirdikləri 100 nəfəri yan-yana düzərək körpü düzəltdilər. Mən bu körpüdəki cəsədlərin üzərindən keçdim. Ayağımı körpə bir uşağın sinəsinə qoyanda elə titrədim ki, fotoaparatım, bloknotum, qələmim yerə düşərək qana boyandı. Özümü tamamilə itirdim. Bədənim tir-tir titrəyirdi". Fransada çıxan aylıq jurnalların birində "Hücumdan əvvəl" yazısını (12 mart 1992-ci il) çap etdirən erməni jurnalisti Berain Siracyan yazır:"Xocalını gözlərimlə gördüm. Hər yandan qan iyi gəlirdi. Qar üzərində kimsəsiz, cansız, sahibsiz cəsədlərdən qorxdum… Qorxdum ki, bu qan üçün heç vaxt Azərbaycan tərəfi, sabahkı nəsillər susmasın… Bu gün ruslar bizimlədir. Bəs sabah? Biz tənha qala bilərik.
…Xocalını gözlərimlə gördüm. Döyüşən, hər qarış torpaq uğrunda vuruşan artsaxlıların igidlikləri məni valeh etdi.Amma mən torpaq uğrunda gedən vuruşmanın bu tərzdə aparılmasının tərəfdarı deyildim…"
Fransız jurnalisti Jan-iv Yunet isə belə yazırdı: "Biz Xocalı faciəsinin şahidi olduq, yüzlərlə öldürülmüş günahsız meyitləri gördük. Bunlar qadınlar, uşaqlar, qocalar və Xocalının keşikçiləri idilər. Bizə alçaqdan uçan vertolyot verdilər. Xocalıda nə baş verdiyinin şahidi olduq. Ermənilər bizi atəşə tutduqlarından çəkilişi axıra çatdıra bilmədik. Mən müharibədə çox şeylər olduğunu, alman əsgərlərinin qəddarlığını eşitmişəm, amma ermənilər onları ötüb keçmişdilər. Onlar 5-6 yaşlı uşaqları, dinc əhalini vəhşicəsinə öldürmüşdülər".
Mayor Leonid Kravets isə Xocalı dəhşətlərini belə xatırlayır: "26 fevralda mən azərbaycanlılara kömək üçün yaralıları daşıyarkən 200-ə qədər öldürülmüş və səpələnmiş insan cəsədləri gördüm. Ölüləri götürmək istədik. Bizimlə birgə Xocalıdan olan yerli kapitan da var idi, adı yadımdan çıxıb. O, ölülər arasında 4 yaşlı oğlunu tapdı. Uşağın beyni dağılmışdı. Kapitan huşunu itirdi. Biz ermənilərin gülləbaranına düşməmək üçün aradan çıxdıq. Götürə bilmədiyimiz bir başqa uşağın isə başını kəsmişdilər. Biz hər yerdə vəhşicəsinə təhqir edilmiş qadın, uşaq, qoca meyitləri görürdük".

Ülviyyə Tahirqızı