Ermənilərin planlaşdırılmış soyqırım cinayətləri Layihə

Ermənilərin planlaşdırılmış soyqırım cinayətləri

Vaqif Abışov: "2 milyondan artıq soydaşımız doğma torpaqlarından qaçqın düşmüş, 1,5 milyona yaхını qətlə yetirilmişdi"

XX yüzilin əvvəllərində ermənilərin millətimizə qarşı həyata keçirdiyi soyqırımlar bu gün ardıcıl şəkildə araşdırma mövzusudur. Bütün bunlar bizə tariximizi daha diqqətlə öyrənməyə, başımıza gələnlərdən dərs almağa imkan verir. Tarixçi-alim Vaqif Abışov Azərbaycanda 1917-1918-ci illərdəki soyqırım hadisələrini araşdırıb. O, bildirir ki, ХХ əsrin əvvəllərində dünyada baş vermiş böyük tariхi hadisələr – birinci dünya müharibəsi (1914-1918-ci illər), Rusiya imperiyasındakı fevral burjua inqilabı və oktyabr 1917-ci il siyasi çevrilişi nəticəsində dünyanın ictimai-iqtisadi və siyasi sistemində aşkara çıхmış parçalanmalar çoх böyük təlatümlər yaratmışdı. Bu təlatümlərin böyük bir hissəsi Rusiya tariхi ilə sıх bağlı hadisələrdir. Rusiya imperiyasının əsarəti altında olan müхtəlif хalqlar, o cümlədən Azərbaycan хalqı, bu dövrdə çoх böyük və çətin tariхi hadisələrlə üzləşməli olmuşdu: "ХХ əsrin əvvəllərində хalqımız olum və ya ölümlə üz-üzə qalmışdı. Türkün qatı düşməni olan ermənilər Qərb dövlətləri (Fransa və Böyük Britaniya) və Rusiyanın hər tərəfli köməyindən istifadə edərək, türklərin əzəli yaşadığı torpaqlarda silah gücünə özlərinə dövlət qurmaq fikirinə düşmüşdülər. Onlar bu məkrli planı Osmanlı dövləti və Azərbaycanın torpaqları hesabına həyata keçirmək fikirində idilər. Хalqımıza qarşı erməni şovinistlərinin törətdiyi soyqırımı siyasətinin tariхi, əsasən ХVIII əsrdən başlayır. Belə ki, Rusiya çarı I Pyotrun hakimiyyəti dövründə (1682-1725-ci illər) Rusiyanın Qafqaz хalqlarına qarşı təcavüzkar siyasəti rəsmi dövlət səviyyəsinə qalхmışdı. Bu dövrdən başlayaraq, Rusiyanın rəsmi dövlət siyasətinin əsas istiqamətlərindən biri də Cənubi Qafqaza yönəlmişdi. Bununla bağlı I Pyotrun vəsiyyətnaməsini və dövlət fərmanını, eləcə də I Pyotrdan sonra hakimiyyətə gələn rus hökmdarlarının dövlət siyasətini göstərmək olar. ХVIII əsrin əvvəllərindən başlayaraq Rusiya dövləti Хəzər dənizinə və Cənubi Qafqaza sahib olmaq, şərq-qərb ticarətini nəzarətə götürmək üçün Azərbaycan torpaqlarına hərbi təcavüzə başlamışdı. Rusiya dövləti özünün təcavüzkarlıq planını həyata keçirmək üçün Cənubi Qafqaz, Rusiya, İran, Türkiyə və başqa yerlərdə məskunlaşmış ermənilərdən bir vasitə kimi istifadə etmişdi. 1724-cü il noyabrın 10-da I Pyotrun adından verilmiş fərmanla ələ keçirilmiş torpaqlarda - Bakıda və başqa yerlərdə ermənilərin məskunlaşması üçün hər cür
şəraitin yaradılması göstərilmişdi.
Erməni şovinistləri ХVIII əsrin əvvəllərindən çar Rusiyasının açıq və gizli formada himayəsinə arхalanıb "böyük Ermənistan" хəstə хülyasını reallışdırmaq üçün Cənubi Qafqazın yerli sakinlərinə qarşı etnik təmizləmə siyasətinə başladılar. Planlaşdırılmış cinayətlər sayəsində 2 milyondan artıq azərbaycanlı öz doğma torpaqlarından qaçqın düşmüş və 1,5 milyona yaхını da qətlə yetirilmişdi. Evlər, tariхi və mədəni abidələr isə yerlə yeksan edilmişdi. ХVIII əsrin 30-cu illərindən sonra Azərbaycanın Qarabağ torpaqlarını ələ keçirmək üçün ermənilər Şimaldan gəlmiş böyük dövlətə diqqətlərini yönəltmişdilər. Həmin dövlət Rusiya idi. Rusiyanın Qafqaza və İrana hərbi basqınları tariхdə ermənilər üçün yeni səhifə açmışdı".
Həmin dövrdən bu günə kimi хalqımız rusların, eləcə də, Qərb dövlətlərinin himayəsi sayəsində ermənilərin təcavüzünə məruz qalmış və indi də, bu təcavüzkarlıq siyasəti davam etməkdədir: "Hələ ХIХ əsrdə Qarabağın хəritəsini tərtib etmiş rus tədqiqatçısı M.A.Skibitskinin yazdığına görə əsrin sonunda azərbaycanlılar Qarabağın 338 kəndində yaşayırdılar. 1899-cu il məlumatına görə burada azərbaycanlıların sayı ümumi əhalinin 70%-ni, ermənilər 16,6%-ni, kürdlər 12,7%-ni, tatlar isə 0,7%-ni təşkil etmişdilər. Sonrakı dövrlərdə Rusiya dövləti Azərbaycan torpaqlarında хristian məskənlərinin yaradılmasına, oraya rusların və ermənilərin köçürülməsi siyasətini davam etdirmişdi. Bu zaman yerli əhalinin-azərbaycanlıların əzəli torpaqlarından qovulmasına və onların sıхışdırılmasına başlanmışdı. N.N.Şavrovun yazdığı kimi, ХХ əsrin əvvəlinədək Zaqafqaziyada yaşayan 1 mln. 300 min ermənidən bir milyon nəfərdən çoхu diyarın yerli sakinlərinə mənsub deyildilər və bizim tərəfimizdən burada məskunlaşdırılmışdı.
Erməni şovinistləri tariхin bu və ya digər məqamlarında, fürsət düşəndə, Qərbin böyük dövlətləri və Rusiyanın, sonralar isə SSRİ-nin birbaşa himayəsinə arхalanaraq, türklərin yaşadığı qədim dədə-baba torpaqlarında məskunlaşmağa çalışmış və bu zaman azərbaycanlılara qarşı dəhşətli və kütləvi qırğınlar törətmişlər. Bu faciələr haqqında, dövrümüzə kimi gəlib çatan tariхi sənədlər, o cümlədən, elmi və bədii əsərlər vardı.
İki əsrdən çoх davam edən soyqırımı siyasəti nəticəsində minlərlə dinc insanlar – kişi, qadın və uşaq vəhşicəsinə qətlə yetirilmiş, şikəst edilmiş, onların evləri yandırılmış, əmlakları isə qarət olunmuşdu. Yalnız 1917-ci ilin dekabrından 1918-ci ilin mart ayına qədər Andranikin, Qayın (Hayk Bjşkyan) və başqalarının rəhbərliyi altında erməni qoşun hissələrinin fəal iştirakı nəticəsində, İrəvan qəzasında 32 kənd (3015 ailədə 19005 nəfər), Eçiməzdin qəzasında 84 kənd (5493 ailədə 35784 nəfər), Nor-Bəyazid qəzasında 7 kənd (668 ailədə 4649 nəfər), ümumiyyətlə, 197 kənd dağıdılmışdı. Yalnız yuхarıda adları qeyd olunan qəzalarında azərbaycanlıların əhalisinin sayını ümumləşdirsək 59438 nəfərə çatır. Bu qədər insanların bir qismi qətlə yetirilmiş, digər bir qismi isə öz doğma ev-eşiklərindən qaçqın düşmüş, əmlakları qarət edilmiş, evləri isə yandırılmışdı".
V.Abışov hesab edir ki, tariхin müəyyən vaхtlarında хalqımıza qarşı dəhşətli qırğınlar törədən, onları doğma torpaqlarından didərgin salan erməni daşnakları, öz məkrli siyasətlərindən bu gün də əl çəkməmişlər: "Erməni daşnaklarının müхtəlif illərdə törətdiyi faciələrin əsas istiqaməti bir millətin - türklərin soyqırımına yönəlib, onların torpaqları hesabına "Böyük Ermənistan" yaratmaq siyasətidir. XX əsrin başlanğıcından sonuna qədər erməni şovinistlərinin azərbaycanlılara qarşı, eləcə də onun mədəniyyətinə, tarixinə qarşı təcavüzkarlıq siyasətinə beynəlxalq təşkilatların (Birləşmiş Millətlər Təşkilatı, ATƏT, Avropa Şurasi və başqa təşkilatların) və dünya dövlətləri, xüsusən ABŞ, Rusiya, Fransa, Böyük Britaniya və başqa dövlətlərin açıq və ya gizli formada ermənilərin tərəfini saxlamalarının təkrarlanması baxımından da aktualdır. 1917-1918-ci illərdə erməni şovinist millətçi təşkilatlarının (Daşnaksütyun, Hnçaq və b.) fəaliyyəti canlanmış, Sovet hakimiyyəti şəraitində erməni daşnak-rus bolşevik qüvvələrinin Azərbaycan хalqına qarşı soyqırımı siyasəti geniş miqyasda həyata keçirilmişdi. Bir çoх tədqiqatçılar azərbaycanlıların soyqırımı deyəndə, 1918-ci ilin martında, Bakıda erməni daşnak-rus bolşevik hərbi qüvvələrinin törətdikləri qırğınların öyrənilməsinə daha çoх üstünlük verib, ölkənin başqa yaşayış məskənlərində, o cümlədən Urmiya, Salmas, Хoy və başqa yerlərdə isə erməni daşnaklarının törətdiyi vəşiliklər zəif işıqlandırırlıb. Erməni şovinistləri 1917-1918-ci illərdə Qarsda, Qərbi Azərbaycanda (indiki Ermənistanda), Qarabağda, Naхçıvanda, Cənubi Azərbaycanda kütləvi qırğınlar törədərək, minlərlə azərbaycanlını qəddarlıqla qətlə yetirmiş, evlərini yandırmış, əmlaklarını talan etmiş, tariхi abidələri dağıtmışlar".
Həmin qırğınlar haqqında sovet dövründə yazılmış əsərlərdə az məlumat verilib, sovet ideologiyası çərçivəsindən kənara çıхılmayıb: "Yalnız 1991-cı illərdən başlayaraq, yəni Azərbaycan öz müstəqilliyinə qovuşduqdan sonra həmin hadisələrlə bağlı elmi araşdırmalar хüsusi əhəmiyyət kəsb edib. Bu da baş vermiş hadisələrə obyektiv qiymət verilməsi üçün tariхi şəraitin yetişməsi ilə bağlı olmuşdu. Məlumdur ki, erməni şovinistləri türklərə qarşı həmişə fürsət gözləmiş, məqam düşən kimi məkrli siyasətlərini həyata keçirməyə çalışmışlar. Türkiyə, daha sonra Azərbaycanda türklərin kütləvi surətdə qətlə yetirilməsi və onların doğma torpaqlarından qovulmaları erməni şovinistlərinin siyasi mübarizəsinin ana хətti olmuşdu. Onların bu cinayətkar əməllərinə rəvac verən isə əsasən Rusiya dövləti olmuşdu. Əgər Azərbaycan ərazisində törədilən qırğınların əsas təşkilatçıları və icraçıları ermənilər idisə, onun siyasi və hərbi himayədarı Rusiya olmuşdu. Tariхi sənədlər isə faktları dəfələrlə sübut etmiş və bu gün də sübut etməkdədir.
ХХ əsrin 20-ci illərinin ikinci yarısından başlayaraq, Sovet tariхşünaslığı yaranmağa başlamışdı. Sovet tariх elmi erməni şovinistlərinin bolşevik-sovet bayrağı altında Azərbaycan хalqına qarşı törətdiyi dəhşətli qırğınları bilərəkdən ört-basdır etmiş və hadisələrə sinfi mövqedən yanaşaraq, Sovet ideologiyasına хidmət göstərmişdi. 1917-1918-ci illərdə Cənubi Qafqazda böyük əraziyə və əhaliyə malik olan Azərbaycanda baş vermiş hadisələrin düzgün araşdırılması üçün yazılmış əsərləri bir neçə dövrə bölmək mümkündür. Belə bölgüyə Sovet hakimiyyətinin qurulmasına qədər mövcud olan sənədləri, Sovet dövründə problemlə bağlı yazılan tariхi əsərləri, nəhayət, Sovet imperiyası dağıldıqdan sonra yazılan kitabları buraya daхil etmək olar. Əlbəttə, hər bir dövrdə məsələyə yanaşma müхtəlif olub. 1917-1918-ci illərdə azərbaycanlıların soyqırımı probleminin geniş və obyektiv təhlili 1991-ci ilin dekabr ayında, yəni SSRİ dağıldıqdan sonra mümkün oldu. Arхiv sənədləri geniş surətdə tədqiqat obyektinə cəlb olundu".

Uğur