Güneyli siyasi məhbus intihara cəhd göstərib Güney Azərbaycan

Güneyli siyasi məhbus intihara cəhd göstərib

Əsədullah Əsədi Tehran həbsxanasında ağır fiziki və psixoloji işgəncələrə məruz qalıb

Hazırda Tehranın Evin həbsxanasının 350-ci bəndində saxlanılan azərbaycanlı siyasi məhbus intihara cəhd göstərib.
APA-nın AZOH-a istinadən verdiyi məlumata görə, hadisə aprelin 5-də baş versə də, xəbər indi yayılıb.
4 il əvvəl tutulmuş həkim Əsədullah Əsədi zindandakı ağır şəraitə və işinə yenidən baxılmamasına etiraz olaraq özünü yandırıb. Ancaq kameradakı digər məhbuslar onun ağır xəsarət almasının qarşısını alıblar. Məhbusun Tehranın Loğman xəstəxanasına köçürüldüyü bildirilir. Ancaq Ə.Əsədi şəraiti tezliklə düzəlməyəcəyi təqdirdə, yenidən intihara cəhd göstərəcəyini deyib.
Qeyd edək ki, azərbaycanlı siyasi məhbus qanunsuz həbsinə etiraz olaraq bundan əvvəl də bir neçə dəfə intihara cəhd göstərib. Belə ki, Ə.Əsədi 2012-ci il martın 11-də 20 ədəd həb atdıqdan sonra bir damarını kəssə də, məhbusların köməyi ilə ölümdən xilas edilib. O, İran İnformasiya, Təhlükəsizlik və Kəşfiyyat Nazirliyinin (ETTELAAT) Təbriz şöbəsinin əməkdaşları tərəfindən 2010-cu il iyulun 12-də həbsə alınıb və Təbriz İnqilab Məhkəməsinin 15-ci şöbəsi tərəfindən düşmən ölkələrlə əlaqədə günahlandırılaraq 5 il həbs cəzasına məhkum edilib. Ə.Əsədi həbsdə saxlanıldığı müddətdə ağır fiziki və psixoloji işgəncələrə məruz qalıb.