İranda mətbuata təzyiqlər ara vermir Güney Azərbaycan

İranda mətbuata təzyiqlər ara vermir

"Ebtekar" qəzetinin nəşri dayandırılıb

İranda daha bir qəzetin nəşri dayandırılıb. APA-nın İRNA-ya istinadən verdiyi məlumata görə, bu barədə nəşrinə qadağa qoyulmuş "Ebtekar" qəzetinin baş redaktoru Məhəmmədəli Vəkil açıqlama verib.
Onun sözlərinə görə, mətbu orqanın nəşri İranın "Kütləvi informasiya vasitələri haqqında" qanununun 6-cı maddəsinin 11-ci bəndi əsas götürülərək yalan, şayiə və təhrif məzmunlu xəbərlər dərc etmək ittihamı ilə dayandırılıb: "Bununla bağlı Tehran Şəhər Prokurorluğunun ikinci şöbəsi mənə məktub göndərsə də, ancaq qəzetinin nəşrinə nə qədər qadağa qoyulması barədə heç bir məlumat verilməyib. Bu addım mətbu orqanda "İran Həbsxanalar Təşkilatı rəisinin vəzifəsindən uzaqlaşdırılması" başlıqlı məqaləyə görə atılıb. Bu da 2014-cü il aprelin 17-də Tehranın Evin həbsxanasının 350-ci bəndində baş vermiş toqquşmadan sonra İran Həbsxanalar Təşkilatı rəisi vəzifəsindən azad edildiyinə görə yazılıb".
Qeyd edək ki, Həsən Ruhaninin avqustun 4-də İranda hökumət başına gəlməsindən sonra "Bahar" və "Asiman" qəzetlərinin nəşri dayandırılıb.