Güney Azərbaycan:  poemalarda obrazlılıq: bədii təsvir və ifadə vasitələri - 4-cü yazı Güney Azərbaycan

Güney Azərbaycan:  poemalarda obrazlılıq: bədii təsvir və ifadə vasitələri - 4-cü yazı

Obrazlı deyim tərzi, bədii-fəlsəfi təfəkkür daha qabarıq olan Bulud Qaraçorlu Səhəndin yaradıcılığında milli düşüncənin kökləri dərindir. Onun şeir və poemalarında milli düşüncə bədii təsvir və ifadə vasitələri, sadə və mürəkkəb epitetlər vasitəsilə daha təsirlidir. “Sazımın sözü” poemasındakı bu nümunələr - “Həqq yandıran çıra- ğımız“, “kor olmuş göz“, “Boyu uzun, saçı uzun“, “Kövşəni bürü¬yən sükut“, “Qəhrəman el, qara dövran, qara ruzigar“, “Əprimiş Qorqud“, Sicilləmə-sicilləmə söz“, “İrq birligi, qan birligi zurnası, şahbaz ayğır at“, “Mərd arxa, altun işıq cübbə, Ala gözlü igidlər” sadə və mənalı, şair idealını yansıdan, bədii məqsədin açılmasına yardım edən təptəzə epitetlər, orijinal məcazlardır. Səhəndin nəzmə çəkdiyi "Kitabi-Dədə Qorqud“ dastanında da qəhrəmanlıqla bağlı seçilmiş epitetlər Oğuz cəmiyyətinin üzvü olan insanların qəhrəmanlıq anlayışını göstərir. Bu birliyi, milli varlığı qorumağın yeganə yolu da qəhrəmanlıqdır. Dastanda Oğuz ellərini idarə edənlərin həyat anlayışı, insani münasibətləri, ailə quruluşu və dəyərləri ideallaşdırılır. Bu hədəfə çatmaqda isə epitetlər xüsusi rol oynayır”.

O səfil, darda qalan, tülkü qovan şir bağıranda,
Şeytanın şıllağa qalxan qatırı noxta qıranda
Ya onlar ki, qılınc kimi zalimlərə qarşı duran,
Həqqi yazan, kütlələri ayıq salan,
Sayıq salan qələmləri sındırırlar?
Bu haqqı tanıyan, haqqı sevən el,
Hardadı, indi hanı, o öydüyün ərənlər?
"Dünya mənim ” deyənlər?

M.Şəhriyarın “Səhəndim”, B.Q.Səhəndin “Sazımın sözü” və K.M.Sönməzin “İsanın son şamı” poemalarından örnək gətirdiyimiz yuxarıdakı misralarda mürəkkəb epitetlərin ən bariz nümunələrini görür və bu epitet silsiləsinin bir dəniz fənəri tək müəllif qayəsinin istiqamətini bəlləməsinin şahidi oluruq.
Güney Azərbaycanda M.Ə.Sabir, M.Ə.Möcüz satira məktəbinin ən layiqli nümayəndələrindən biri kimi xalqın və ölkənin ciddi problemlərinə əsl vətəndaşlıq mövqeyindən yanaşaraq çevik poetik münasibət sərgiləyən Məcid Şəbbağ Yalqız Təbriz zəlzələsi zamanı da susmayıb, “Qanlı faciə” poemasını yazaraq təbii fəlakətə düçar olan və böyük itkilərlə üz-üzə qalan xalqının yaşadığı dəhşətli faciə¬ni, böyük kədəri məhz yaratdığı orijinal təşbeh, metafora, epitet və s. kimi bədii təsvir vasitələri ilə daha dolğun ifadə etmiş və oxucuya daha təsirli şəkildə çatdırmışdır. Yalqız poemada zəlzələnin baş verdiyi həmin məşum vaxtı o qədər yüksək poetika ilə təsvir edir ki, dərin təfəkkürünün məhsulu olan və bir neçə sözlə ifadə edilən mürəkkəb epitetlərin mükəmməlliyi oxucunu heyrətləndirir:

Gecə keçmiş yarıdan, hər verə zülmət əl atan vaxt,
O qara pərdə dalında hər yeri al qana qatan vaxt.
Az qalırdı çıxa dan ulduzu ta sübhə çatan vaxt,
Çalışıb gündüzü ellər, gecəni xəstə yatan vaxt.
Zalimin məzluma hər yerdə gəlib bir də batan vaxt,
Ellərin bəxti yatan vaxt, qara yel kamə çatan vaxt,
Qara günlük oyanıb zəlzələ adlı topun atdı.

Bu məqamda təkcə M.Ş.Yalqızın deyil, M.Şəhriyar, H.Sahir, H.Tərlan, B.Q.Səhənd, H.M.Savalan, M.Ə.Haray, M.S.Şami, H.Qaraçay, H.Cəfəri, eləcə də əksər Güney şairlərinin şeir və poemalarında tez-tez işlətdikləri “qara gün” ifadəsinə diqqət yetirməyi gərəkli sayırıq. M.S.Şaminin “Gədiklərdə qara yellər uvuldar; Zirvələr var baxanda göz qaralar” (“Daşlı yol”) misrala¬rında, Səhəndin “Araz” poemasında yer alan:

Mənə qulaq as, Aydın,
Eşit qara günümdən.
Səadətli bir həyat Çəkir sənin nazını.
Qara qış qarsamayır Baharını, yazını

- kimi poetik parçada sırf güclü məcazların varlığını görürük. Ancaq diqqətlə nəzər yetirəndə görürük ki, “qara gün” fikri heç də ayın günlərindən birinin qara olmasına dəlalət etmir, şair burada özünü “qara gün” adlandırır. (Əslində “Qaragün” sözü birlikdə yazılan xüsusi isimdir, hətta ləqəb kimi də işlənir. Məsələn,“Kitabi-Dədə Qorqud”da Qaragünə qəhrəman obrazıdır, nəticə etibarilə xüsusi isimdir, yəni epitet yarada bilmir... E.Ş.). Əlbəttə, həm də “gün” say etibarilə ayı (30-31 günü) tamamlayan göstəricidir. “Qara” sözünün bir mənası da rəng bildirir. Bu səbəbdən, “gün qaradır” ifa¬dəsi sözün məcazi mənasıdır və “qara gün”, “qara yel”, “qara qış”, “qara sevda” ifadələri də, heç şübhəsiz, məcazdır və “qara” sözü məcazi mənada işlənir. Deməli, “qara gün” ifadəsinin mahiyyətində günün rənginin qaralığı deyil, bir şəxsin, yaxud millətin, bir xalqın əzablı, ağrılı, dərdli-ələmli, ölümlü-itimli tale yaşaması durur... B.Q.Səhəndin “Sazımın sözü” poemalar silsiləsində “qara” sözünü bütün çalarlarda işlətməsi heyrət doğurur:

Yaman günün, qara sünün möhnətinin,
Köhnə dünya, köhnə həyat zillətinin,
Dərdin-qəmin cıraq, didək,
Bir kirlənmiş bardaq edək,
Qara daşa çalaq sınsın,
Su soyusun, yurd qızınsın.
Qara qışın qaranlığın,
Boranlığın-dumanlığın,
Qara üzü gülməz olsun,
Qovaq gedər-gəlməz olsun.
Kor bəbəkli, dar ürəkli,
Qəlbi qara bəd nəzərin,
Şum illərin bənizi solsun,
Bağrı qara qanla dolsun,
Bahar gəlsin, el dincəlsin...

Türkcəmizdə “qara” sözü həm də “böyük” mənasını təcəssüm etdirir. Bu halda, yenə də “qara gün” ifadəsinin nüvəsində bir insanın taleyində, yaxud xalqın həyatında yaşadığı acıların böyüklüyü, ağırlığı, dözülməzliyi gizlənir. Qeyd edək ki, M.Ə.Harayın “Yandırılan sazlar” poemasında “qara” sözü ən uğurlu bədii təyin-epitetdir. Maraqlıdır ki, Harayın həyat-zaman, insan taleyi ilə bağlı əsərlə¬rində bədii təsvir vasitələri, epitetlər və təşbehlər xüsusi dinamizmə pəncərə açır, ən mühüm əlamətləri qabarıq şəkildə aşkara çıxarır. Poemada metonimik xüsusiyyətlər də şair təxəyyülünün məhsulu kimi özünü nəzərə çarpdırır, əsərin xarakter cəhətini müəyyən edir.
Bədii dilin inkişafında, hadisə və olayların, tarixi qəhrəmanların, ictimai-siyasi liderlərin fəaliyyətinin obrazlı bədii dillə təsvirində epitetlərin roluna qısa baxış onu deməyə əsas verir ki, “bədii təsvir və ifadə vasitələri o zaman güclü və təsirli olur ki, hadisənin daha canlı və daha dürüst ifadəsinə kömək etsin” (27, s.25). Görün¬düyü kimi, çağdaş dövr Güney Azərbaycan şairlərinin poema yara¬dıcılığında mükəmməl məcaz sistemi mövcuddur və poemalarda ən çox işlənən məcaz növlərindən biri müxtəlif üsullarla, müxtəlif səviyyələrdə yaradılan epitetlərdir.
Epitetlər baş qəhrəmanların, ayrı-ayrı obrazların portret cizgilərinin yaradılmasında, onların zahiri görkəminin, daxili aləminin, xarakterinin səciyyəvi xüsusiyyətlərinin açılmasında Güney şairləri¬nin ən çox köməyinə gələn bədii təsvir və ifadə vasitələridir. Poemalarda işlədilən saysız-hesabsız epitetləri onlar məhz obrazların xarakterinə uyğun olaraq seçirlər. Mənfi obrazı səciyyələndirmək¬dən ötrü ən kəskin, xoşagəlməz ifadələr işlətdikləri halda, “müsbət obrazlardan da ötrü səmimi, istiqanlı, mehriban ifadələri əsirgəmir, bu isə oxucunun əsəri qavramasını müəyyən istiqamətə yönəldirlər” (5, s.84). Məlumdur ki, təşbehin əsasında müqayisə durur, bir əşya başqa bir əşya ilə qarşılaşdırılır. Lakin bu əşyalar arasında ancaq bir və ya bir neçə oxşarlıq yaradılır. Epitetlərdən fərqli olaraq təşbehlər iki əşya - yaxud hadisə arasında oxşar əlamət tapmaq yolu ilə yaradılır. Şəhriyar “Səhəndim” əsərində bu fərqi qabarıq göstərə bi¬lib. Şair Səhəndi vüqarlı dağa, qeyrət tacı hesab edilən papağa və başı tufanlı uca bir zirvəyə, həm də cəmiyyətə bənzətməklə, həmçinin, təşbeh yaratmış, oxşarlığın tipik nümunəsini qabardıb.
Anafora - üslub fiqurlarından biridir. Şeirdə misraların, nəsrdə isə cümlələrin başında eyni söz və ifadələrin, yaxud eyni sintaktik quruluşun təkrarı yolu ilə yaranan bədii ifadə tərzidir. Anaforalar da digər bədii təsvir və ifadə vasitələri kimi müxtəlif olur:
1. Bir-biri ilə həmahəng olan səslərin yaratdığı anafora (fonetik anafora);
2. Sözlərin yaratdğı anafora (leksik anafora); 3.Sintaktik anafora, bəzən ona leksik anafora da deyilir.
Mir Cəlil Hüseyninin “Qanlı günəş” poemasından gətirdiyimiz aşağıdakı örnəkdə səslərin, həm də sözlərin yaratdığı anaforaların əsərə nə dərəcədə ritmiklik gətirdiyinin şahidi oluruq:
Babəkəm, Cavidanım, vicdanıma and içirəm mən!
Sən ilə bağladığım peymanıma and içirəm mən!
Elimə, ilqarıma imanıma and içirəm mən!
Qoruram ellərimi, torpağımı gözbəbəyim tək,
Sevirəm ellərimin ağ qarasın, qan ürəsim tək,
Sevirəm şən yaşayışın hər elin, şanlı vətənim tək,
Çəkirəm getsə başım, həqq üzünə cəhldən örpək.
Sevirəm elləri xan tək
Nə gözəldir eli sevmək!

Esmira Fuad
filologiya üzrə elmlər doktoru