Güney Azərbaycan üzrə Tehran-Moskva sövdələşməsi - 21-ci yazı Güney Azərbaycan

Güney Azərbaycan üzrə Tehran-Moskva sövdələşməsi - 21-ci yazı

21-ci yazı
Azərbaycan nümayəndəliyinin tələblərini Əhməd Qəvam 1946-cı il mayın 13-də radio ilə çıxışında şərh etmişdi. Həmin çıxışdan məlum olur ki, Azərbaycan nümayəndəliyi Azərbaycana baş valinin (Ostandarın) təyin olunmasında Əyalət Əncüməni Şurası ilə məsləhətləşməni, ordu, polis və jandarm rəislərinin təyinatında isə Azərbaycan Əyalət Şurasının təqdimatının hökumət tərəfindən təsdiqini irəli sürmüşdü. Azərbaycanda keçirilmiş torpaq islahatı nəticələrinin dövlət tərəfindən qəbul olunması təklif edilmişdi. Əslində Azərbaycan nümayəndələrinin irəli sürdüyü təkliflərin və tələblərin miqyası daha geniş idi. Azərbaycan nümayəndəliyi təklif edirdi ki, əvvələn Azərbaycanın muxtariyyəti və ADF dövlət tərəfindən rəsmən tanınsın, hərəkat iştirakçılarının təqib olunmaması haqda dövlət zəmanət versin, Güney Azərbaycanın ərazi bütövlüyü saxlanılsın, fədai dəstələrindən, qoşun və zabitlərdən əmniyyətin və təhlükəsizliyin qorunub saxlanılmasında dövlət tərəfindən istifadə olunsun, 5-ci sinfə qədər təhsil ana dilində aparılsın və yuxarı siniflərdə fars dili ilə yanaşı Azərbaycan dilindən də istifadə olunsun, xalisə torpaqların kəndlilərin ixtiyarında qalması, kəndlilərə verilmiş mülkədar torpaqlarının bir qisminin pulunun hissə-hissə ödənilməsi, seçkilərin azad və demokratik keçirilməsi və qadınlara verilmiş seçki hüququnun saxlanılması, Azərbaycandan götürülmüş gəlirin 75%-nin Azərbaycanda qalması və onun Azərbaycanın iqtisadi dirçəlişinə, şəhər, rayon və kəndlərin abadlaşdırılmasına, yolların, körpülərin, artezian quyuların və su mənbələrinin təmizlənməsinə sərf olunması və s. Azərbaycan nümayəndəliyinin təkliflərində səsləndirilən və qeyd olunan əsas maddələr idi.
Qəvamülsəltənə hökuməti nümayəndəsinin danışıqların ikinci görüşündə irəli sürdüyü təkliflərə gəldikdə, bu təkliflərin qısa məzmunu belə idi: bir sıra sahələrin başçıları (kənd təsərrüfatı, ticarət, sənət, daxili nəqliyyat, maarif, səhiyyə, milis, ədliyyə, prokurorluq və maliyyə işləri üzrə) Azərbaycan əyalət və vilayət əncümənləri tərəfindən seçiləcək, lakin onlar Tehran dövlətinin təsdiqindən sonra legitim ola bilər; Azərbaycan valisi dövlət tərəfindən təyin olunur və bu təyinat əyalət əncüməninin nəzərinə çatdırılır. Hərbi və jandarm qüvvələri başçılarının təyinatı dövlətin səlahiyyətində qalır. Dövlət dili fars dilidir, məhəlli idarə və dəftərxanalarda fars dili ilə yanaşı türk dili də işlədilə bilər və ibtidai siniflərdə dərslər Azərbaycan dilində aparılacaq; Xəzinəyə daxil olan gəlirin bir hissəsi Azərbaycan şəhərlərinin abadlığına, maarif, səhiyyə işlərinə sərf olunacaq; demokratik təşkilatların, həmkarlar ittifaqının fəaliyyəti azaddır; milli hərəkatda iştirak edənlər hər cür cəza və təqibdən azaddırlar; Məclisdə azərbaycanlı deputatların sayca artırılması məsələsinə 15-ci məclisdə baxılacaq və s.
Qəvamül-səltənə hökuməti tərəfindən bağlanılması təklif olunan sazişin mətnindəki maddələrin çoxunun hiyləgərcəsinə yazıldığını və Azərbaycan «fəth» olunandan sonra bunlara əməl olunmayacağını Azərbaycan nümayəndəliyi dərk edirdi. Bunu S.C.Pişəvəri Tehrandakı danışıqlardan qayıtdıqdan sonra Təbriz radiosu ilə çıxışında bir daha bildirmişdi.
Danışıqlar zamanı mərkəzi dövlətin nümayəndəliyi müxtəlif bəhanələrlə Azərbaycan nümayəndəliyinin irəli sürdüyü təkliflərin demək olar ki, çoxunu və əsaslarını qəbul etmədi. Buna görə də danışıqlar nəticəsiz qurtardı. Tərəflər arasında prinsipal məsələlərdə ciddi fərqlərin mövcudluğu məlum oldu. Bu vəziyyət nə mərkəzi dövləti və nə də Tehrandakı Sovet Səfiri İ.Sadçikovu təmin etdi. Azərbaycan nümayəndələrini qəbul edən İ.Sadçikov İ.V.Stalindən S.C.Pişəvəriyə ünvanlanmış teleqrafı Pişəvəriyə göstərməsi də danışıqlarda nəticələrin dəyişilməsinə kömək etmədi.
Tehranda aparılan danışıqlarda iştirak etmiş N.Cahanşahlu öz xatirələrində yazır ki, Tehrana gəlməmişdən əvvəl, M.C.Bağırov S.C.Pişəvəriyə telefonla zəng vurub bildirmişdi ki, danışıqlarda istədiklərinizə təkid edin, geri çəkilməyə çalışmayın, Azərbaycanın müxtariyyətini və Demokrat Firqəsinin mərkəzi dövlət tərəfindən rəsmən tanınmasına çalışın. Bağırovdan fərqli olaraq «...Molotov (bəlkə də Stalin) Tehrandakı səfir Sadçikova göstəriş vermişdir ki, o, bizi (Azərbaycan nümayəndəliyini) İran hökuməti ilə qərardad bağlamağa təşviq etsin»).
15 günə qədər vaxt aparan Təbriz-Tehran danışıqlarında iki dəfə baş nazir Əhməd Qəvamla, bir neçə dəfə onun müavini Tehran nümayəndəliyinin başçısı Müzəffər Firuzla, həmçinin Tehrandakı Sovet səfiri ilə aparılan danışıq və söhbətlər gözlənilən nəticədən uzaq olduğundan, Azərbaycan nümayəndəliyi 1946-cı il mayın 13-də (Sovet qoşunları Güney Azərbaycanı tam tərk etdikdən 4 gün sonra) Təbrizə döndü. Tehranda ikən İ.V.Stalindən məktub alan S.C.Pişəvəri «Məzlumların atası»nın xəyanətini açıq-aydın bir daha başa düşsə də, artıq gec idi, iş işdən keçmişdi, Güney Azərbaycandakı hərəkata V.Stalinin xəyanət möhürü vurulmuşdu. İ.V.Stalin S.C.Pişəvəriyə məktubunda Pişəvərini həm İran daxilində, həm də beynəlxalq aləmdə vəziyyəti düzgün qiymətləndirməməkdə ittiham edir, «Azərbaycanın bütün inqilabı tələblərinə nail olmaq» istəyini ona günah sayır, onu İranda dərin inqilabi böhranın olmamasına, fəhlələrin sayca azlığına, kəndlilərin qeyri-fəal olduğuna və beynəlxalq vəziyyətin İranın xeyrinə olmamasına inandırmağa çalışır. Bütün ölkələrin inqilabi çevriliş vaxtı Rusiyanı təqlid etməyini mütləqləşdirən Stalin məktubunda yazır ki, «...deməli, İranda belə bir şərait yoxdur ki, Leninin 1905 və 1917-ci illərdəki taktikasını yürütməyə imkan versin». Stalin Sovet qoşunlarının İrandan mümkün qədər bir az gec çıxarılmasını Avropa və Asiyada sovetlərin «xilaskarlıq siyasətinin (əslində işğalçılıq və müdaxilə siyasətinin - Ə.R.) əsaslarını» sarsıda biləcəyini və buna görə də qoşunların İrandan çıxarılması zərurətini məktubda xatırladır. Stalinə görə İranda inqilabi şəraitin olması üçün, İran hansı ölkə ilə isə uğursuz müharibə vəziyyətində olmalıdır. Elə bir vəziyyət olmadığı üçün Azərbaycandakı hərəkatı davam etdirməyin və dərinləşdirməyin məqsədəuyğunluğu yoxdur və buna əsasən Sovet qoşunları oradan çıxarılmalıdır. Stalin öz məktubunda bir vaxtlar irticaçı adam kimi tanıdığı baş nazir Qəvamı demokratik islahatlara tərəfdar adam kimi səciyyələndirir və onun «İranın demokrat elementləri arasında dayaq axtardığı» qeyd olunur. Daha sonra Stalin məktubunda İranda Sovet rəhbərliyinin taktikasının nədən ibarət olduğunu açıqlayaraq yazır: «Mən fikirləşirəm ki, Qəvamdan güzəştlər qoparmaq üçün bu münaqişədən istifadə etməliyik, ona kömək göstərməliyik». Riyakarlıq pərdəsi ilə örtülən həmin məktub Pişəvərinin başçılıq etdiyi hökumətin meydanda tək qaldığını, xəyanət müqabilində onu Tehrana güzəştə gedib, təslimçi xarakterli bağlaşmanı imzalamağa itələyirdi.
S.C.Pişəvərinin Tehran danışıqlarında özünü sərt aparması, Sovet səfirinin «məsləhətlərinə» belə kifayət qədər əməl etməməsi Sovetlərin Pişəvərinin səmimiyyətinə qarşı inamını xeyli azaltdı. «S.C.Pişəvərinin bir sıra mətləbləri açıq söyləməsi, Gilan hadisələrini xatırlatması, Sovet siyasətinə artıq inanmadığını (artıq çox gec idi! - Ə.R.), sovet rəhbərliyinin onları aldatdığını açıq mətnlə deməsi İ.Stalini bir qədər narahat etmişdi». Sovetlərin S.C.Pişəvəriyə inamının tədricən itməsi və onun sovet kəşfiyyatının nəzarətində saxlanılması, hətta evdə, iş yerində danışıqlarının gizli qeydə alınması faktları mövcuddur. S.C.Pişəvərinin müavini olmuş Nüsrətulla Cahanşahlu Əfşar 2001-ci ildə çap etdirdiyi xatirələrində yazır ki, mən Pişəvərinin iş otağında Tehrandakı danışıqlar zamanı Sovet səfirinin mövqeyindən narazılığımı bildirərkən Pişəvəri barmağı ilə dodaqlarını qapamaqla mənə susmağa, mövzunu dəyişməyə işarə etdi. Sonra biz həyətdə gəzişərkən o, iş otağına, hətta evinə səs yazma aparatının qoyulmasını güman etdiyini bildirdi. Xatirələrindən bəlli olur ki, S.C.Pişəvəri 1946-cı ilin mart-aprel ayından artıq Sovet casus və kəşfiyyatının bilavasitə nəzarətində idi.
Şimal neftinin sovetlərə verilməsi və bu haqda qərardad layihəsinin hazırlanması ilə bağlı Moskvadan kifayət qədər dəstək alan Qəvamül-səltənə 1946-cı ilin iyun ayında öz «elçilərini» yenidən Təbrizə göndərdi. Tehran «elçiləri» danışıqlar aparmaq üçün Təbrizə gəlmək ərəfəsində Azərbaycan sovetlər tərəfindən demək olar ki, «tərksilah» edilmişdi. Sovetlər istifadə qabiliyyətini itirmiş silah və hərbi sursat qalıqlarını belə Azərbaycandan çəkib apardıqdan sonra bütün vasitələrlə Milli hökumət rəhbərliyinə Tehranla danışıqlarda təslimçilik mövqeyinə enməyi «məsləhət» görürdü. Təbriz danışıqları zamanı Azərbaycan Milli Hökuməti nümayəndəliyi ağır və çıxılmaz vəziyyətlə üzləşmişdi. Onun üçün danışıqlarda yumşalmaqdan, güzəştə getməkdən başqa yol qalmamışdı.
Danışıqları davam etdirmək üçün 1325-ci il Xordadın 21-də (1946-ci il iyun 11-də) Təbrizə gəlmiş Tehran nümayəndə heyətinə yenə Müzəffər Firuz başçılıq edirdi. Məmmədrza şahın sadiq xəbərçisi ləqəbini qazanmış general Hidayət M.Firuzu müşayiət edən nümayəndəliyin tərkibində idi. Təbrizdəki danışıqlarda S.C.Pişəvəri ilə yanaşı Azərbaycan Milli Hökumətinin daxili işlər naziri Salamulla Cavid, Pişəvərinin müavini, Dövlət Universitetinin rektoru Nüsrətulla Cahanşahlu və Kürdüstanı danışıqlarda təmsil edən Qazi Məhəmməd iştirak etmişlər. Təbrizdəki danışıqlarda Pişəvərinin Tehran danışıqlarındakı qürur və sərtliyindən əsər-əlamət qalmadığını N.Cahanşahlu öz xatirələrində dönə-dönə qeyd edir. Tehrandakı danışıqlarla Təbrizdəki danışıqlar arasında ötən günlər ərzində elə bir gün olmamışdı ki, S.C.Pişəvəriyə Sovetlər tərəfindən təzyiq, hətta hədə-qorxu göstərilməmiş olsun. Təbriz danışıqları ərəfəsində S.C.Pişəvəriyə firqə arxivindəki gizli sənədlərin təcili olaraq Naxçıvana təhvil verilməsi haqda göstəriş Güney Azərbaycanın qara günlərinin yaxınlaşdığından, onun yenidən Tehranın əsarəti altına düşəcəyindən, ən başlıcası sovetlərin Qəvamla hazırladığı «oyunun» başa çatmaq üzrə olmasından xəbər verirdi. Təbrizdəki danışıqlarda ilk iki gün ərzində heç bir razılığa gəlinmədiyini söyləyən danışıqların iştirakçısı N.Cahanşahlu yazır ki, «... danışıqların üçüncü günü qərardadın mətni maddəbamaddə oxundu və layihə qəbul olundu. Qərardadın təkmilləşdirilməsi və bəzi maddələrin üzərində olan mübahisəni sona çatdırmaq üçün danışıqların növbəti raundunun yenidən Tehranda davam etdirilməsi qərara alındı».
Əkrəm Rəhimli