Hikmət Babaoğlu: Türk Dövlətləri Təşkilatı yeni əməkdaşlıq mərhələsinə qədəm qoyur Siyasət

Hikmət Babaoğlu: Türk Dövlətləri Təşkilatı yeni əməkdaşlıq mərhələsinə qədəm qoyur

Şuşa və Türküstan ortaq mənəvi dəyərlərin simvoludur

Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşü artıq bir ənənə halını alıb.

Milli Məclisin deputatı Hikmət Babaoğlu APA-ya açıqlamasında deyib ki, belə görüşlər Türk dünyasının qarşılıqlı inteqrasiyasını və ortaq güc mərkəzi kimi strateji əlaqələrini daha da dərinləşdirir.

“Azərbaycan Prezidenti İlham Əliyevin Qazaxıstana səfəri iki ölkə münasibətlərinin dinamik inkişafını göstərən mühüm hadisədir. Son 5 ildə Azərbaycan Prezidenti Qazaxıstana 8 dəfə səfər edib, Qazaxıstan Prezidenti isə Azərbaycana 6 dəfə gəlib. Bu gün Şuşa və Türküstan şəhərlərinin Şuşanın işğaldan azad olunmasından sonra ilk qardaşlaşmış şəhərlər olması da böyük simvolik məna daşıyır. Türküstan Əhməd Yasəvi başda olmaqla böyük türk mütəfəkkirlərinin, Şuşa isə Üzeyir Hacıbəyli başda olmaqla böyük türk musiqi tarixinin nəhənglərinin dünyaya gəldiyi şəhərlərdir. Bütün bunlar türk dövlətləri arasında ailə bağlarını yaradan ortaq milli-mənəvi dəyərlərimizin simvolu kimi çıxış edir”, - o deyib.

Türk Dövlətləri Təşkilatının inkişafında yeni mərhələ

Deputat vurğulayıb ki, Azərbaycan Prezidenti Türk Dövlətləri Təşkilatının güclənməsinə xüsusi əhəmiyyət verir: “Təsadüfi deyil ki, Türk Dövlətləri Təşkilatı Naxçıvan Sazişi əsasında 2009-cu ildə məhz Azərbaycanda yaradılıb və o gündən bu günə qədər təşkilatlanma və institusionallaşma istiqamətində çox böyük addımlar atılıb. 2020-ci ildən sonra isə yaranmış yeni reallıq şəraitində Türk Dövlətləri Təşkilatının qarşılıqlı inteqrasiyası bugünkü zirvə toplantısı ilə tamamilə yeni əməkdaşlıq mərhələsinə qədəm qoyub. Bu əməkdaşlıq mərhələsi yeni dövrün iqtisadi, siyasi və təhlükəsizlik tələblərinə cavab verir”.

Zəngəzur dəhlizi Türk dünyasının Avropaya çıxış qapısıdır

Deputatın sözlərinə görə, rəqəmsal İpək Yolu layihəsi, süni intellektlə idarə olunacaq yeni kommunikasiya əlaqələri və yeni iqtisadiyyatın təməlləri ətrafında formalaşacaq münasibətlər gələcəyin əsas istiqamətlərindən olacaq: “Bu gün Zəngəzur dəhlizi Türküstanda yerləşən türk dövlətlərinin, yəni Türk Dövlətləri Təşkilatına üzv ölkələrin Azərbaycan üzərindən Avropaya açılan qapısıdır. Daha doğrusu, Türküstan coğrafiyasında mövcud olan türk dövlətlərinin Avropaya çıxış qapısıdır və bu dəhlizin açarı Azərbaycandır”.

Orta Dəhliz və yeni kommunikasiya xətləri

Hikmət Babaoğlu qeyd edib ki, Türküstan coğrafiyası Macarıstana qədər uzanan geniş bir coğrafiyadır: “Qardaş Türkiyə də daxil olmaqla bu coğrafiya bu gün yaradılmış yeni kommunikasiya xətləri, dəmir yolları və yükdaşıma marşrutları vasitəsilə Orta Dəhlizin əsas xətti kimi çıxış edir. Bu isə Türk dünyasının inteqrasiyasını, onun dünya iqtisadiyyatına və beynəlxalq münasibətlər sisteminə inteqrasiya olunmasını təmin edən əsas layihələrdən biridir”.

Rəqəmsal təhlükəsizlik yeni prioritetlərdən biridir

Deputat əlavə edib ki, bu gün kibertəhlükəsizlik və rəqəmsal təhlükəsizlik kimi yeni çağırışlar da mövcuddur: “Azərbaycan bu prosesdə Rəqəmsal İnkişaf Şurasını yaradıb və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti həmin şuraya rəhbərlik edir. Əgər biz bu gün süni intellektdən və rəqəmsal inkişafdan danışırıqsa, bu istiqamətdə Azərbaycanın həyata keçirdiyi siyasət və təşəbbüslər də xüsusi əhəmiyyət daşıyır”.

Onun sözlərinə görə, rəqəmsal inkişafın yaratdığı qarşılıqlı inteqrasiyadan da danışmaq lazımdır: “Mən düşünürəm ki, məhz Türküstanda keçirilən görüşdə əsas gündəm məsələlərindən biri kimi rəqəmsal təhlükəsizliyin müəyyənləşdirilməsi də yeni çağırışlar fonunda Türk Dövlətləri Təşkilatının yeni prioritetlərinin formalaşdırılmasına hesablanıb”.