Molla rejimi uşaqlara türk adı verməyə icazə vermir! Güney Azərbaycan

Molla rejimi uşaqlara türk adı verməyə icazə vermir!

İran rejimi Güney Azərbaycanda asimilasyon siyasətini davam etdirərək türk uşaqlarına öz ana dilində ad qoymağa mane olur.
Bu barədə çoxsaylı xəbər yayılıb. Lakin son fakt azərbaycanlı milli-mədəni fəal Firuz Yusifi ilə bağlıdır.
F.Yusifi bu barədə qələmə aldığı açıq məktubda deyib: "Oğlumuzun doğum günündən 50 gün keçib, lakin Alporhanın hələ də vəsiqəsi (şinasnamə) yoxdur".
O sözlərinin davamında qeyd edib ki, oğlu doğulduqdan sonra vəsiqə almaq üçün Tehranın qərb məntəqəsinin Qeydiyyat İdarəsinə (İdareye Səbt-i Əhval) müraciət edib, lakin məsullar oğluna Alporhan adının verilməsinə qarşı çıxıblar. Bundan sonra o bir neçə səlahiyyətli orqanlara müraciət edib, ama nəticə əldə edə bilməyib."
F.Yusifi sonda vurğulayıb ki, "onlar Alporhan sözünün mənasını yaxşı bilirlər və bu adı İran qanunları, uşaq hüquqları və beynəlxalq hüquqlar əsasında öz uşaqlarına vermək istəyirlər və bundan heç vaxt geri çəkilməyəcəklər, və hətta əgər uzun illər keçsə də öz uşaqlarına başqa ad verməyəcəklər". F.Yusifi uşaqlarının kimliyinin müəyyənləşməməsi, onun sənədsiz oldması və bundan dolayı yaranan problemlərin məsuliyyətini Qeydiyyat İdarəsinin daşıdığını bildirib.
Qeyd edək ki, İranda türk millətinə qarşı tətbiq olunan asimilasyon siyasəti uğrunda təkcə uşaq adlarına qadağa qoyulmayıb. Bu zəmində coğrafi adlar dəyişdirilir, mağaza və iş yerlərinə türk adı vermək mümkün deyil, tarix kitabları təhrif olur və s. Azərbaycan türkləri uzun illərdir bu prosesi dayandırmağa çalışsalar da, hələlik rejimin asimilasyon dəyirmanı işləyir.