Hücumçumuz Superliqanı bəyənmir: “Həyəcan yoxdur” İdman

Hücumçumuz Superliqanı bəyənmir: “Həyəcan yoxdur”

Voleybol üzrə qadınlardan ibarət milli komandamızın hücumçusu, karyerasını Rusiyanın "Dinamo-Kazan" klubunda davam etdirən Natalya Məmmədova klubun saytına geniş müsahibə verib.
- Sizinlə sonuncu dəfə mövsümün əvvəlində danışmışdıq. İndi isə çempionatın əsas hissəsi geridə qalıb. Bu müddətdə fikirlərinizdə bir dəyişiklik olmayıb?
- Heç bir dəyişiklik yoxdu, əvvəlki hədəflər və planlar davam edir.
- Ölkənizi dəyişib, yeni komandaya gəlmisiniz, bu sizə təsir etmədi?
- Mənə heç bir təsiri olmadı. Hansı ölkədə oynamaq əsas deyil, əsas məsələ komanda və onun şəraitidir.
- Ətrafdakı insanların davranışları da təsir etmir?
- Əlbəttə, bəzi mənfi və müsbət cəhətlər var, amma tədricən alışmaq olur.
- 3 ildən sonra yenidən Rusiyaya qayıtmısız və 6 aydır burda yaşayırsız. Sizcə bu müddətdə çox şey dəyişib?
- Ola bilər, bəlkə də dəyişikliklər olub.
- Kazanla tanış ola bilmisiz? Muzeyə, kinoya, teatra getməyə imkan olub?
- Çalışıram tanış olum, amma hələ ki, muzey və teatra getməyə vaxtım olmayıb.
- Hətta məşhur Şalyapin opera festivalında da olmamısınız?
- Ora əvvəlcədən bilet almaq və çox öncədən planlaşdırmaq lazımdı. Bu cür tədbirlər adətən şənbə-bazar günləri baş tutur ki, onda bizim ya oyunumuz, ya da məşqimiz olur. Qarşıdakı vacib oyunları nəzərə alsaq, teatr hələ gözləyəcək bir az.
- Komandada kiminlə dostluq edirsiz?
- Hamı ilə dostam.
- Normal mövsümün sonuncu görüşü olan "Proton"la matçdan sonra komandaya istirahət verildi. Necə yararlandınız o vaxtdan?
- Kazana gəldim, anam qonaq gəlmişdi, onunla şəhəri gəzdik.
- Digər komanda yoldaşlarınızdan fərqli olaraq istirahət günü ilə bağlı sosial şəbəkələrdə heç foto paylaşmadınız...
- Bəli, mən çox nadir hallarda instaqramda nəsə paylaşıram. İctimaiyyətə qapalı adamam və şəxsi həyatım haqqında nəsə paylaşmağı sevmirəm.
- "Saxalin"lə oyunun afişasındakı fotonuz çox xoşunuza gəlmişdi?
- Onu mənə bir xanım yolladı, heyran qaldım və paylaşmağa qərar verdim. Dostlarımın da çox xoşuna gəldi.
- Qayıdaq voleybola. Mövsümün normal hissəsində cəmi iki oyunda məğlub oldunuz. Rəqibləriniz haqqında nə deyə bilərsiz?
- İlk mərhələni lider kimi bitirdiyimizə çox şadam. Bizim əsas hədəfimiz bu idi. Amma deməliyəm ki, təzyiq çox az oldu. Rəqiblərimiz bizə uzağı 1 və ya 2 set müqavimət göstərə bilirdilər. Oyunun əvvəlindən axırına qədər həyəcan davam etmirdi. Bu isə əlbəttə ki, qane etmir.
- Ola bilərmi ki, rəqiblər sizdən qorxurlar?
- Elə əsas məsələ də budur. Rəqiblər meydana çıxan kimi məğlubiyyətlə barışırlar. Bu da əlbəttə ki əsəblərimi pozur.
- Deyəsən, İsveçrədə – "Volero"da oynadığınız vaxtlardakı vəziyyət yaranıb...
- Xeyr, xeyr. Orda bütün komandalar olmasa da, bəziləri bizimlə mübarizə aparmağa çalışırdı.
- Hər bir halda xoşunuza gələn hansısa komanda olmadı?
- Xeyr. Xüsusi kimisə fərqləndirmək istəməzdim. Hamısı Super Liqada oynamağa layiq komandalardı.
- Rusiya çempionatında "Dinamo-Kazan"la Moskva "Dinamo"su arasında əzəli rəqabət var. Gözlənilirdi ki, sizin də əvvəl birlikdə işlədiyiniz Zoran Terziçin gəlişindən sonra bu komanda daha güclü olacaq, amma xüsusi bir şey nəzərə çarpmadı...
- Düzünü deyim ki, moskvalıların vəziyyətinin mənə dəxli yoxdu. Bizim öz komandamız var, hədəflərimizin arxasınca gedirik. "Dinamo" və Terziçin aqibəti məni maraqlandırmır.
- Anastasiya Samoylenko deyib ki, Terziç çox az şey izah edir və elə düşünür ki, peşəkar oyunçular özləri hər şeyi başa düşməlidilər. Bu barədə siz nə düşünürsüz?
- O, izah edir, ancaq bu, bəzi oyunçuların adət etdiyindən fərqli formada olur. Amma bütün hallarda o, fikirlərini tam çatdırmağa çalışır. Məncə, Terziç normal məşqçidi.
- Amma onun tərzi, məsələn Qilyazutdinovdan fərqlənir...
- Əlbəttə, bütün böyük məşqçilərin özünəxas tərzləri var.

- Baş məşqçiniz demişdi ki, "ilk altılığ"a yenidən nəzər salmaq istəyir, ola bilərmi ki, hansısa dəyişikliklər olsun?
- Bəli, belə problem var. Dediyim ki, bizim oyunlarımızda həyəcan və rəqabət çatışmır. Sonuncu dəfə ideal heyətlə biz Belqradda meydana çıxmışdıq, ondan sonra demək olar ki, praktikamız olmayıb. Bu isə çox təəssüfləndirici məqamdı. Amma qarşıda bizi "Xemik"lə vacib bir görüş gözləyir. Hərçənd ki, "Saxalin"lə oyunda daha çox rəqabət və həyəcan olmasını istərdik. Açıq deyim ki, biz özümüz də komanda olaraq nəyə qadir olduğumuzu bilmirik.
- Çempionlar Liqasında artıq qarşılaşmış olduğunuz rəqiblər sizə Superliqadakı komandalardan daha çox problem yaradıblar?
- Açığını deyim ki, biz elə də güclü qrupa düşməmişik.
- Necə düşünürsüz, "Xemik" (Polşa) sizə ciddi müqavimət göstərə biləcək?
- Bilmirəm, onlar bunu bacaracaqlar, yoxsa yox, amma biz həmin görüşə çox ciddi hazırlaşacağıq.
- Onları yenidən "servis"lərlə "öldürmək" istəyirsiniz?
- Bütün oyun elementlərində (gülür).
- Bəs əgər bu dəfə rəqib sizin "servis"lərinizə qarşı bir çarə tapsa, onları təəcübləndirəcək nəsə düşünmüsünüz?
- Qoy, axtarsınlar. Hər komanda öz tapşırıqlarını yerinə yetirməyə çalışacaq.
- Çempionlar Liqasında digər qruplardakı vəziyyətlə maraqlanırsız? Məsələn, "Volero"dan kimləsə əlaqə saxlayırsız?
- Bəli, digər qrupları da izləyirəm. Bəzən boş vaxtımız olanda dostlarımızla "Volero"nun gələcəyi haqqında danışırıq.
- "Fənərbaxça"nın italiyalılara ardıcıl məğlub olması sizə təəccüblü gəlmədi? Bu barədə Polina Rəhimova ilə danışmısınız?
- Xeyr, Polina ilə danışmırıq. Amma oyunlarını izləyirəm. Gördüyüm qədər onların məşqçi və davamlılıq problemi var. Ola bilsin, buna görə onlar nəticə əldə edə bilmirlər.