Azərbaycan gimnastları Hüseyn Abbasov və Maqsud Maqsudov Avropa Çempionatında gümüş medal qazanıblar İdman

Azərbaycan gimnastları Hüseyn Abbasov və Maqsud Maqsudov Avropa Çempionatında gümüş medal qazanıblar

Azərbaycan gimnastları Hüseyn Abbasov və Maqsud Maqsudov batut, ikiqat mini batut gimnastikası və tamblinq üzrə Avropa çempionatında gümüş medal qazanıblar.

Trend-in məlumatına görə, yarışların son günündə H.Abbasov və M.Maqsudov gənclər arasında batut üzərində sinxron hərəkətlərdə çıxış edərək, 48.520 xalla ikinci yeri tutublar.

Birinci yeri Belarus idmançıları (48.810 xal), üçüncü yeri isə Rusiya idmançıları (48.070 xal) tutublar.

Qeyd edək ki, gənclər arasında tamblinq proqramının finalında çıxış edən Azərbaycan idmançısı Bilal Qurbanov 62.400 xalla 7-ci yeri tutub.

Bundan əlavə, bu gün Azərbaycan gimnastı Selcan Maqsudova batut gimnastikasının fərdi proqramında finala çıxıb. Böyüklər arasında tamblinq üzrə final yarışlarında isə ölkəmizi Mixail Malkin təmsil edəcək.

Xatırladaq ki, ötən gün Azərbaycanın tamblinq üzrə gənclər komandası dünən Avropa Çempionatının bürünc medalını qazanıb.

Qeyd edək ki, Soçidə keçirilən batut, ikiqat mini batut gimnastikası və tamblinq üzrə Avropa çempionatı 29 apreldən 2 may tarixinə qədər keçirilir. Yarışlarda 23 ölkədən idmançılar iştirak edir.