Neo-mühafizəkarların İranla dərdi nədir? Dünya

Neo-mühafizəkarların İranla dərdi nədir?

Qarşıda həmişə yeni bir müharibə təhlükəsi olur...

Cavid

"Huffingtonpost.com" yazır ki, prezident Obama Amerika Universitetindəki çıxışlarının birində nüvə razılaşmasını qəti şəkildə müdafiə etdi. Onun prezident olduğu müddətdə xarici siyasətdə verilmiş bir qərarın ilk dəfə geniş şəkildə izahını verdiyi bu çıxışı əslində "bəlağətli" olmasına görə yox, əsaslı fikirlər səsləndirdiyinə görə xatırlanan ilk çıxışı idi. Prezidentin nitqi gözlənildiyi kimi bəziləri tərəfindən tənqid də edildi.
Çıxışa 2003-cü il İraq müharibəsinə haqq qazandıran ideologiyadan danışmaqla başlayan Obama dedi: "Biz bizi bu səviyyəyə qədər gətirib çıxaran, hərbi müdaxiləni diplomatiyadan üstün tutuan, beynəlxalq səviyyədə fikir birliyi əldə etmək əvəzinə ABŞ-ın birtərəfli fəaliyyətini seçən zehniyyətə son qoymalıydıq. Müharibənin vuracağı zərərlərlə bağlı Amerika xalqına dürüst davranmayan liderlər dünyanın tamamilə fərqli mədəniyyət və tarixə sahib olan bir hissəsində istəklərimizi asanlıqla yerinə yetirə biləcəyimizi iddia etdilər və təbii ki, özlərini güclü və qətiyyətli, onlarla razılaşmayanları isə zəif adlandırdılar."
Obama bu gün İsrailin maraqlarını ön planda tutan amerikalıları nəzərdə tutaraq, konstitusiya ilə öhdəliyinə götürdüyü vəzifələri xatırladır. Obama Netanyahunun Amerikanın maraqları ideyasını dəstəkləmək üçün seçilmədiyi kimi İsrailin maraqları ideyasını dəstəkləmək üçün israillilər tərəfindən də seçilməmişdir.
Obama prezident olduğu müddətdə İrandan danışarkən həm əlaqələrin yaxşılaşdırılmasına ümidi olduğunu deyib, həm də bu ölkəni sərt tənqidlərə məruz qoyub. Bunu etməkdə məqsədi hörmət etdiyi siyasi elitanın şübhələrini yox etməkdir. Əslində isə bu strategiya düzgün deyil. Franklin Ruzvelt və Uinston Çörçil 1941-ci ildə Sovet İttifaqını tənqid etmədən diktator İosif Stalinlə tərəfdaş oldular. Stalinin törətdiyi cinayətlər isə İrana aid edilə biləcək istənilən fəaliyyəti ötüb keçmişdir. Mühüm bir müttəfiqin tənqid edilməsi adəti cəfəngiyyatdır və bu adət demokratiya şəraitində sıravi insanların baş verənləri düzgün dəyərləndirməsinə mane olur.
Neo-mühafizəkarlarla respublikaçıların nüvə razılaşmasının ləğv edilməsinə nail olmaları ehtimalı nə qədərdir? Prezident Ronald Reyqanla Mixail Qorbaçov arasında Reykyavik, Vaşinqton və Moskvada müvafiq olaraq, 1986, 1987 və 1988-ci illərdə baş tutmuş görüşləri götürək. Həmin vaxtlar neo-mühafizəkar hərəkat hələ yeni formalaşırdı. Hərəkatın Riçard Perl kimi ilk liderlərindən bəziləri Reyqan administrasiyasında çalışırdılar və onların hamısı 1988-ci ildə Avropada orta-mənzilli nüvə silahlarının ləğvi ilə bağlı imzalanmış sazişə qarşı idilər. Bu razılaşma ilə 2611 raket məhv edildi və bu, 1963-cü ilin sonunda nüvə silahlarının sınaqdan keçirilməsinin qadağan olunması haqqında imzalanmış sazişdən sonra atılmış ən böyük addım idi.
Ancaq həmin dövrdə Reyqanın göstərdiyi bütün diplomatik cəhdlər təkcə neo-mühafizəkarlar tərəfindən yox, eyni zamanda "diplomatik irəliləyiş"də öz sözünü demiş şəxslər tərəfindən də bəyənilmirdi: keçmiş prezident Riçard Nikson və keçmiş dövlət katibi Henri Kissincer; Corc Uill və Uilyam Safir və s. Reyqan və Qorbaçovun danışıqlarına şübhə ilə yanaşanlar arasında Robert Qeyts və o vaxtkı vitse-prezident Corc Buş kimi siyasi və təhlükəsizlik qurumlarının "realist" və "mötədilləri" də var idi. Niyə görə Qeyts? Çünki o, MKİ-nin direktor müavini idi və MKİ Sovet Rusiyası ilə rəhbərliyinin heç vaxt dəyişməyəcəyindən əmin idi. Bəs Buş niyə? Çünki o da həmin dövrdə prezidentliyə namizədliyini irəli sürmüşdü.
Həmin dövrdə də bu gün İranla nüvə razılaşması nəticəsində olduğu kimi Prezident Reyqanın 1986-cı ildə siyasətdə dəyişiklik ediləcəyini bildirməsi siyasi qurumlar və medianın təəcübünə səbəb oldu. Bu dəyişikliyi bildirən 1983-cü ildə Sovet İttifaqını "şər imperiyası" adlandıran həmin Ronald Reyqan idi. Ondan hələ də bu fikirdə olub-olmadığı soruşulduqda isə belə cavab vermişdi: "Xeyr. O dövr başqa idi. Düşünürəm ki, bu dəyişikliyin əsas səbəbkarı əvvəlki liderlərdən fərqli olduğunu düşündüyüm Mixail Qorbaçovdur." 1987-ci ilə qədər Reyqana rəğbət həddən artıq azalsa da, o, Qərbin dünya kommunizminə qarşı qüsursuz müdafiəçisi kimi öz reputasiyasını saxladı. Reyqan sonda Senatda Sovet İttifaqı ilə nüvə sazişi bağlanmasına 93-5 nisbətində səs çoxluğu ilə nail oldu.
ABŞ-ın hərbi və təhlükəsizlik qüvvələri prezidentin yanındadır. Bir də bu fakt çoxlarına məlum olmasa da, müdafiə və təhlükəsizlik məsələləri üzrə danışmaq səlahiyyəti olan israillilərin böyük əksəriyyəti də Obamanın tərəfindədir. Hətta İsrailin prezidenti Reuven Rivlin də Netanyahunun Amerikanın siyasi işlərinə müdaxilə etməsinin düzgün olmadığını düşündüyünü qeyd edib. Keçmiş baş nazir Ehud Barak isə İsrailin nüvə razılaşmasını qəbul etməli və razılaşmanın pozulacağı halda hansı tədbirlər görüləcəyi ilə bağlı ABŞ-la uzlaşma yaratmalı olduğunu bildirib. Bundan başqa, 6-sı Nobel mükafatçısı olmaqla, nüvə sahəsində təcrübəsi olan 29 amerikalı alim tərəfindən yazılan məktubda razılaşmanın ciddiliyinə zəmanət verilir və İranın sahə təftişini gecikdirməsinə 24 günlük məhdudiyyət qoyulması təriflənir. Belə ki, alimlərin bildirdiyinə görə, bu müddət nüvə fəaliyyətinin izlərini gizlətməyə kifayət etməyəcək qədər qısadır.
Nüvə razılaşmasını dəstəkləyən başqa iki məktub da var. Bunlardan birincisi keçmiş ABŞ diplomatları, digəri isə keçmiş admiral və generallar tərəfindən tərtib edilib. ABŞ-ın hərbi, diplomatik və elmi birlikləri arasında müəyyən bir razılaşmanın faydaları üzrə yekdilliyə bu qədər yaxınlaşıldığına nadir hallarda rast gəlinib. Bu cür dəstək verilməsi ümid etməyə əsas versə də, neo-mühafizəkarlar və onları dəstəkləyən repsublikaçılar tükənməz enerji ilə bunun əleyhinə gedirlər.
İndiyə qədər "Terrorizmlə Mübarizə" haqqında mediada müxtəlif məqalələrlə çıxış edən fəal iştirakçıların fikirlərinə baxaq. Məsələn, Buşun prezident olduğu dövrdə Dövlət Departamentində çalışmış, Xarici Əlaqələr Şurasının keçmiş prezidenti Riçard Haas İraq müharibəsinə qarşı heç vaxt açıq bir etirazla çıxış etməyib. Neo-mühafizəkar müəssisə kapitalisti Mark Dubovitz İraqın işğalını fəal şəkildə təbliğ edən Ruel Mark Qerext ilə birgə bir sıra məqalələr yazıb. Ötən ilin noyabrında "The Wall Street Journal" qəzetində yayımladıqları məqalədə danışıqların İranın nüvə silahı əldə etməsini asanlaşdıracağını iddia edirdilər. Onların fikrincə, həddən artıq zəif olan Obama öz səhvlərinin ucbatından vəziyyətdən alternativ çıxış yolu tapa bilmir. Ancaq daha ağıllı və güclü prezidentin baxacağı üç həll yolu irəli sürürlər. Birincisi, "Ağ Ev diplomatiyanı bir kənara qoyub, ilkin olaraq, İranın nüvə obyektlərinə zərbə vura bilər". İkincisi, "administrasiya hazırkı danışıqları ləğv edib sanksiyalara qayıda bilər." Üçüncüsü isə "yeni, hətta daha sərt sanksiyalar qəbul edilə bilər".
Bu ssenarilər neo-mühafizəkarların "seçimləri"ni təcəssüm etdirir. 2013-cü ildə "The Atlantic" jurnalında çıxan məqaləsində Dubovitz İranda Həsən Ruhaninin prezident seçilməsinin qeyd ediləcək bir şey olmadığını yazırdı. Onun fikrincə, İranın dini liderinin sadiq qulu olan Həsən Ruhani ABŞ-ı İranın nüvə silahı əldə etməsinin qarşısını almağa yaxınlaşdırmır.
Bu şəxslər İraqın bombalanmasının və işğal edilməsinin yaxşı nəticə verəcəyini düşündükləri kimi indi də İrana hücum edilməsinin fayda gətirəcəyini düşünürlər. Əslində, Qerexti Dubovitzdən fərqləndirən odur ki, o, Buşun İraq strategiyası rəsmi şəkildə tətbiq edilməmişdən əvvəl İrana hücum edilməsini təklif etmişdi. Belə ki, MKİ-nin Yaxın Şərq üzrə keçmiş əməkdaşı Qerext 2002-ci il avqustun 26-sı Terrorizmlə Mübarizə haqqında ilk dəfə rəsmi məlumat verən Dik Çeynini qabaqlamışdı.
Ümumi proqnozlar verməklə kifayətlənməyən neo-mühafizəkarların nümayəndəsi Qerext 2002-ci ildə İraq və İranda qarışıqlıq olmasının faydalarını sadalamışdı: "Amerikanın İraqı işğal etməsi, çox güman ki, İranda üsyanlara səbəb olacaq. Böyük şəhərlərdə üsyanların başlaması ilə İnqilabi Qvardiya hərəkətə keçəcək və elə bundan sonra da Buş azadlığın səsi olub uzaq məsafədən xeyirxahlığını göstərəcək. Təbii ki, Prezident Buşun İslam Repsublikasına səsini eşitdirməsi üçün İran televiziyasına ehtiyacı yoxdur. Onun dediyi hər şey işıq sürəti ilə bütün ölkəyə yayılır. Prezident sadəcə azadlığın müsəlmanların haqqı olduğunu deməyə davam etməlidir."
Beləliklə, neo-mühafizəkarların Yaxın Şərqə demokratiya gətirmək planı belə idi: Corc U. Buşun sözlərini insanlara çatdır, İraqı işğal et və İranda demokratik üsyan başlat, lazım olarsa, bunun üçün ABŞ bomba hücumları və əsgərləri yardıma gəlsin.
Qerext 2014-cü ilin iyununda "The Weekly Standard" jurnalında çıxardığı "Düşmənimin düşməni düşmənimdir" adlı məqaləsində İslam Dövlətinə qarşı mübarizədə İrandan kömək almağa qarşı etiraz etdi və əslində sünni terroristlərin Amerikanın maraqları üçün faydalı ola biləcəyi, təşkilata qarşı döyüşlərdə həlak olan iranlıların sayının artmasının 2003-cü ildə reallaşmayan üsyana gətirib çıxara biləcəyi haqqında yazdı.
Əgər bu gün Konqresin üçdə ikisi İranla razılaşma əleyhinə səs verməyə hazırdırsa, bu vəziyyət illərdir sürən etinasızlığın nəticəsidir. Respublikaçılar partiyası və onların milyarder dəstəkçiləri Obamanın Konqresin nüvə razılaşması əleyhinə səs verməsinə veto qoymasının qarşısını almaq üçün üçdə iki səs çoxluğu almağa ümid etsələr də, bu ehtimalın gerçəkləşəcəyini gözləmirlər. Bununla belə, istənilən razılaşmanın qəbul edilməsi üçün təkcə Konqresin təsdiqi yox, xalqın dəstəyi də lazımdır. Buna görə də, sazişin legitimlik qazanmasını istəməyənlər xalqın dəstəyini azalda biləcəklərini və yeni prezidentlə yeni Konqres üzvlərinin bu saziş üçün göstərilən cəhdləri davam etdirməyə cəsarət edə bilməyəcəklərinə ümid edirlər.
Daniel Levi belə bir nəticəyə gəlir ki, Netanyahunun iki seçimi var - səs çoxluğu ilə istədiyinə nail ola bilməsə belə, İranla sazişin siyasi baxımdan ziddiyətini saxlaya və İranla əlaqələrin yaxşılaşdırılmasına mane ola bilər. Belə olan halda, ABŞ-ın yeni administrasiyasının 2017-ci ilin yanvarında vəziyyəti əvvəlki halına qaytara biləcəyi ümid edilir...