Körfəz ölkələri və Misir vətəndaşların İranla mümkün əlaqələrini yoxlayır Gündəm

Körfəz ölkələri və Misir vətəndaşların İranla mümkün əlaqələrini yoxlayır

Fars körfəzi ölkələri Misir ilə birlikdə, ABŞ və İran arasında silahlı münaqişənin yenidən başlanması təhlükəsinin artdığı bir vaxtda siyasi, kəşfiyyat və təhlükəsizlik sahəsində əməkdaşlığı gücləndiriblər.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə Livanın "Al Akhbar" qəzeti məlumat yayıb.

Çoxtərəfli məsləhətləşmələrin əsas məqsədi region ölkələrinin milli təhlükəsizliyini qorumaq və daxili sabitliyə mənfi təsirlərin qarşısını almaqdır. Qahirə və ərəb paytaxtları arasında koordinasiya Misir Prezidenti Əbdülfəttah əs-Sisinin BƏƏ-yə son səfərindən sonra daha da intensivləşib. Qeyd olunur ki, bu səfər "Abu-Dabinin qəzəbinin cilovlanmasına və münasibətlərin bərpasına kömək edib", baxmayaraq ki, tərəflər arasında gərginlik səfərdən sonra belə "davam etməkdədir".

Xüsusi diqqət Körfəz ölkələrində çalışan Misir vətəndaşlarının İranın güc strukturları ilə mümkün təmaslarının yoxlanılmasına yönəldilib. "Al Akhbar"ın mənbələri bildirir ki, bu cür sorğuların işlənməsi artıq minimum vaxt aparır, müvafiq qurumlar isə şübhəli şəxslərin ailə üzvləri, habelə onların maliyyə vəziyyətində və ya həyat səviyyəsində baş verən kəskin dəyişikliklər barədə ətraflı hesabatlar alırlar.

Məryəm Quliyeva