Türkiyə seçim qarşısında Dünya

Türkiyə seçim qarşısında

Ya Rusiya, ya Qərb...

Cavid

Rusiyaya məxsus döyüş təyyarələrinin ikinci dəfə Türkiyə sərhədini pozması Ankaranı hərəkətə gətirib. Türkiyə Silahlı Qüvvələrinin Suriya sərhəd bölmələri döyüş vəziyyətinə gətirilib, hava hücumundan müdafiə sistemləri Rusiya hərbi bazasının yerləşdiyi Tartus şəhərinə yönəldilib. Təhlükəsizlik tədbirləri ilə əlaqədar Keltəpə, Keldağı və Kurtnasır təpəsində radarlar gücləndirilmiş rejimə keçib. Türkiyə Baş Qərargahı Suriya tərəfdən hava sahəsinin pozulacağı təqdirdə hədəfin dərhal məhv edilməsinə göstəriş verib. Hatay üzərindən cənub sərhədinin təhlükəsizliyini qoruyan qüvvələr Aralıq dənizi üzərindən gələ biləcək hər hansı təhlükəyə qarşı Ziyarət təpə adlandırılan nöqtəyə raket sistemi yerləşdirib.
Bölgədə baş verən məlum hadisələrə münasibətində politoloq Fərhad Mehdiyev bildirib ki, Qərb Türkiyəni Rusiya ilə üz-üzə qoymağa cəhd edəcək. Politoloq Qərbin Türkiyəni seçim qarşısında qoyacağını qeyd edib: "Əvvəla, Rusiyanın bu müharibəyə müdaxiləsi Türkiyənin xeyrinə də ola bilər, o şərtlə ki, İŞİD və ASO-dan sonra Rusiya YPG-nin də mövqelərinə zərbə endirsin. Belə olan halda Əsəd qüvvələri Suriyanın şimalını təkrar ələ keçirə bilər. Bu da şimali Suriyada sığınacağı olan PKK-ya böyük bir zərbə olardı. Lakin Rusiyanın belə bir addım atacağı məlum deyil, eyni zamanda, Ərdoğan da bu məsələni aydınlaşdırmayıb. Əslində Rusiyanın bu şəkildə müdaxiləsi tarixdə əvvəllər də təkrarlanıb. Məsələn, Koreyada olan müharibə, Rusiyanın Kubaya müdaxiləsi kimi. Bildiyiniz kimi, hər iki ixtilafda vaxtilə SSRİ müəyyən uğurlar əldə edə bilmişdi. Rusiyanın son addımı Qərbin müəyyən maraqlarını da təhlükə altına qoyur".
Politoloqun qənaətinə görə, Rusiyanın Suriyaya bu şəkildə müdaxiləsi daha böyük bir savaşın çıxmasına səbəb ola bilər: "Qərb Türkiyəni Rusiya ilə üz-üzə qoymağa cəhd edəcək və çox güman ki, Türkiyəni seçim qarşısında qoyacaq: ya Qərb, ya da Rusiya. Hətta NATO Rusiyaya gözdağı vermək istəsə, bunu Türkiyənin əli ilə etməyə çalışacaq. Ancaq hava hücumuna qarşı müdafiə sistemləri zəif olan Türkiyə buna getməyəcək. Belə olan halda isə nəticədə Türkiyə məcburən Qərbi seçəcək, halbuki bu konfliktdə Rusiyanın yanında olmaq kürd probleminin həlli baxımından Ankaraya daha sərfəlidir. Türkiyə NATO kartını seçəcək və böyük ehtimalla, Patriot raketlərinin quraşdırılmasını istəyəcək. Bu variant isə Türkiyə üçün daha təminatlı ola bilər. Rusiya kürdlərin müstəqilliyini və Suriyanın bölünməsini onsuz da dəstəkləməyəcək. Çünki nə Əsəd, nə də İran bunu istəyir. Üstəlik, bu, Qərb və İsrailin maraqlarına uyğun olduğu halda, Rusiyanın marağına uyğun gəlmir".
Qeyd edək ki, ötən gün Rusiyaya aid bir döyüş təyyarəsi Hatay sərhədində Türkiyə hava sahəsini pozmuşdu. Hadisədən sonra Türkiyə Xarici İşlər Nazirliyi Rusiyaya xəbərdarlıq etmişdi. Rusiyanın Xarici İşlər Nazirliyi isə döyüş təyyarəsinin Türkiyə hava fəzasına daxil olduğunu etiraf edərək hadisənin naviqasiya xətası nəticəsində baş verdiyini bildirmişdi. Ancaq bütün bunlara baxmayaraq, Amerika Türkiyəni Rusiyaya qarşı müharibəyə təhrik edən bəyanatlar verməkdə davam edir.
Politoloq Adıgözəl Məmmədov isə deyib ki, Ankara ilə Moskvanı qarşı-qarşı qoymaqla Türkiyəni Avrasiya coğrafiyasından uzaqlaşdırmağa cəhd edəcəklər.
Onun sözlərinə görə, bu məsələdə Türkiyənin mövqeyindən çox şey asılıdır: "Faktiki olaraq Rusiyanın da Yaxın Şərqlə bağlı öz çıxarları var. Bu gün regionda Türkiyənin ən böyük ticarət ortaqlarından biri Türkiyədir. Bəzi qüvvələr Rusiya-Türkiyə münasibətlərində soyuqluq yaratmağa çalışırlar. Burada iqtisadi cəhətdən ən böyük zərər Türkiyəyə dəyəcək. Eyni zamanda, iki ölkə arasındakı ortalama hesabla 30 milyard dollar dəyərində olan atom enerji layihələri də təhlükə altında qala bilər. Məqsəd Ankara ilə Moskvanı qarşı-qarşı qoymaqla Türkiyəni Avrasiya coğrafiyasından uzaqlaşdırmaqdır. Moskva diplomatik kanallar vasitəsilə Türkiyəyə öz narahatlığını çatdırıb. Bir məqamı da unutmayaq ki, Hələb ətrafında türkmən müxalif qüvvələri Türkiyə tərəfindən dəstəklənir və Ankara da qarşı tərəfdən öz maraqlarının Suriyada təmin olunmasını istəyir. Yəqin ki, bu istiqamətdə danışıqlar aparılacaq. Bunu başa düşən beynəlxalq oyunçular isə Rusiya ilə Türkiyənin kritik məqamlarda belə anlaşa bilməsini əngəlləməyə çalışırlar".