“Putin Rusiyanı böyük bir böhrana sürükləyir” Dünya

“Putin Rusiyanı böyük bir böhrana sürükləyir”

Harri Kasparov: "Putinin Türkiyəyə istiqamətlənən addımları viziyonsuz, dar fikirli, çox axmaqca, çox provokasiya xarakterli və əslində Rusiyanın zərərinədir"

Rusiyanın müxalif siyasətçisi, şahmat üzrə 13 dəfə dünya çempionu Harri Kasparov Vladimir Putin rəhbərliyinin Türkiyə ilə gərginliyi qızışdırmasını və iqtisadi sanksiyalar tətbiqini tənqid edib.
Kasparov deyib: "Putinin Türkiyəyə istiqamətlənən addımları viziyonsuz, dar fikirli, çox axmaqca, çox provokasiya xarakterli və əslində Rusiyanın zərərinədir".
Putin rəhbərliyinin təzyiqləri səbəbindən siyasi fəaliyyətini xaricdə davam etdirmək məcburiyyətində qalan Kasparov, yeni kitabının təqdimatı üçün gəldiyi Berlində Anadolu Agentliyinin müxbirinin suallarını cavablandırıb.
Rusiyanın dövlət başçısı Vladimir Putinin iqtidarını davam etdirə bilmək üçün təhlükəli bir siyasət yürütdüyünü və bunun dayandırılması lazım olduğunu qeyd edən Kasparov Türkiyənin hava sahəsini pozan Rusiyanın hərbi təyyarəsinin vurulmasından sonra Rusiyanın gərginliyi qızışdırmağa davam etməsini tənqid edib.
Putinin nəzarət etdiyi təbliğat kanalları ilə Rusiya ictimaiyyətinə fərqli bir münasibət təqdim etdiyini, bu yolla təməli olmayan bir güc nümayişində olduğunu və iqtidarını qüvvətləndirməyə çalışdığını vurğulayan Kasparov deyib:
"Putinin iqtidarını davam etdirmə strategiyası virtual həqiqət üzərində qurulub. Özü barəsində böyük sözlər deyir, böyük reaksiyalar göstərir, "Savaşa girə bilərik" deyir. Ancaq təbii ki, NATO üzvü bir ölkəyə qarşı döyüşə girməyəcək".
Putin rəhbərliyinin Türkiyəyə yönəlik iqtisadi sanksiyalarının əslində Rusiyaya zərər verəcəyi xəbərdarlığını edən Kasparov fikirlərini belə davam etdirib: "Qaynağı yox, amma sanksiya tətbiq edir və bu yolla əslində Rusiya xalqına zərər verir. Vəziyyət ciddidir. Bütün Rusiyanı böyük bir böhrana sürüyür.
Onsuz da Rusiyanın Avropa ölkələri ilə iqtisadi əlaqələri kəsilib, indi Türkiyə ilə kəsilir. Türkiyəyə sanksiyalar səbəbindən Rusiya turizm sektoruna zərər dəydi, bu sektor az qala ölüb. Putinin Türkiyəyə yönəlik addımları, dar fikirli, çox axmaqca, çox provokasiyalı və əslində Rusiyanın zərərinədir. Çox təəssüf ki, Putin qısa vədəli oyunları hesabına Rusiyanın mənfəətlərini qoruya biləcəyini düşünür".
Putinin xaosdan bəsləndiyi xəbərdarlığını edən Kasparov deyib:"Xaosun ölçüsünü və hara çatacağı onun umurunda deyil. Ukrayna, Baltik ölkələri, Ermənistan-Azərbaycan, ya da Suriya… Hara olursa-olsun, yetər ki xaos olsun. Suriya təbii ki, Putin üçün ideal bir məkandı.
Çünki tamamilə xaosa bürünüb. Ayrıca Rusiya bir müddətdir NATO ölkələrinin hava məkanlarını pozaraq NATO-nun dayanıqlılığını test edirdi. Türkiyə ilə yaşanan qarşıdurma zamanı Putin böyük sözlər işlətdi, ancaq geri addım atdı. İndi nüvə müharibəsi ifadəsindən istifadə edir. Bunlar hamısı göz dağı, şantajdır. Məğlubolmaz olduğunu göstərmək məcburiyyətindədir. Bu diktatorun dayandırılması lazımdır".
Qərbin Putinin addımlarına etiraz edəcək tutarlı bir siyasət yeritməsinin lazım olduğunu iddia edən Kasparov bildirib: "Qərbin bu anda Putinə qarşı təəssüf ki, tutarlı siyasəti yoxdur. Eynilə soyuq müharibə dövründə olduğu kimi ortaq siyasət yürüdülməlidir. Qərbin bir planla ortaya çıxmasının böyük əhəmiyyəti var, ancaq bu ana qədər gerçək mənada bir liderlik görə bilmədik".