Gürcü nazirin “Qazprom” arzusu hələ reallaşmayıb Dünya

Gürcü nazirin “Qazprom” arzusu hələ reallaşmayıb

"Qazprom"la hələ razılıq əldə etməmişik.
Bunu jurnalistlərə açıqlamasında Gürcüstanın Energetika naziri Kaxa Kaladze söyləyib. Onun sözlərinə görə, Lüksemburq görüşündə "Qazprom"la təbii qazın Gürcüstan ərazisində tranziti məsələsi müzakirə olunub:
"Qazprom" ərazimizdən tranzit olunan qazın həcminə görə Gürcüstanın aldığı 10% pul kompensasiyası məsələsini də qabartdı. Hələlik bununla bağlı heç bir razılıq əldə olunmayıb. Biz gərək Gürcüstandan Ermənistana gedən qazdan maksimal xeyir götürək. Çox güman ki, ümumi qərarın formalaşması üçün bir neçə görüş olacaq. Məncə, dekabrın sonuna qədər yekun razılıq əldə edəcəyik".
Qeyd edək ki, "Qazprom" 2014-cü ildə Gürcüstana 0,3 milyard kub metr kommersiya xarakterli qaz ötürüb. Rəsmi Tiflis, ümumiyyətlə, Rusiyadan qaz alışını artırmaq istədiyini bəyan edib. Rusiya ilə bərabər Tiflis enerji mənbələrinin diversifikasiyası üçün İranla da danışıqlara başlamağı nəzərdə tutub. Gürcüstan müxalifəti isə hazırkı hakimiyyətin Rusiya ilə bağlı siyasətinə kəskin etiraz edib. Müxalifət "Gürcü arzusu" koalisiyasını Moskvanın maraqlarına xidmət etməkdə günahlandırıb. Ekspertlər isə müqavilənin imzalanacağı təqdirdə Rusiyanın Cənubi Qafqazda təsirini artıracağını və Ermənistanın enerji ilə təchizatının daha da asanlaşacağını söyləyiblər.
Hazırda Gürcüstanın qaza olan tələbatının böyük bir hissəsini SOCAR ödəyir. Energetika naziri Kaxa Kaladze bir müddət öncə Gürcüstanın qaza olan tələbatının hamısını Azərbaycanın ödəmək iqtidarında olmadığını söyləsə də, SOCAR bunu təkzib edib.
Bundan öncə Gürcüstanla "Qazprom" arasında danışıqlar Milanda baş tutub. Tərəflər arasında danışıqların bu ilin sonuna qədər bitirilməsi nəzərdə tutulub.