Dünya təşviş içindədir Dünya

Dünya təşviş içindədir

Neftin qiymətlərinin kəskin düşməsi qlobal iqtisadiyyata necə təsir göstərəcək?

Cavid

Bir barreli 30 dollara düşərək yeni minimuma çatan neft qiymətləri daha da ucuzlaşaraq ABŞ və Yaxın Şərq istehsalçıları üzərində təzyiqi artıra bilər. Neft qiymətlərinin kəskin düşməsi qlobal maliyyə bazarları və neft ixracatçılarının vəziyyətini çətinləşdirib. Ancaq bir çoxları üçün neftin ucuz olması yaxşıdır. Bununla belə, neftin ucuz olmasının səbəb olduğu gərginlik artmağa başlayır. Neft qiymətlərinin aşağı olmasından qalib və məğlublar kimlər olacaq?
"Telegraph" yazır ki, əksər qiymətlər kimi əmtəə qiymətlərini də iki faktor müəyyənləşdirir: təklif və tələb. Ötən ay OPEC-in yeni istehsal səviyyəsi ilə bağlı razılığa gələ bilməməsi ixracatçıların hələ də qiymətlərin aşağı olması ilə necə başa çıxacaqlarını bilmədiklərini göstərdi.
Dünyanın ikinci ən böyük iqtisadiyyatına sahib olan Çinin enerji tutumlu sənaye inkişafından uzaqlaşıb daha çox istehlak yönümlü inkişaf modelinə doğru getməsi ilə xam neftə tələbat azaldı. Bu şərait isə inkişaf etməkdə olan bazarlarda zəiflik əlamətlərinin olduğu bir vaxta təsadüf etdi. Bu isə neftə tələbatın daha da aşağı düşəcəyini göstərir.
Neft qiymətlərinin daha da aşağı düşməsinə səbəb ola biləcək bir sıra amillər var. Bəzi analitiklər qiymətlərin 20 dollara, hətta bundan da aşağı düşmə ehtimalı olduğunu bildirib.
İranın hədəflərini həyata keçirməyə çalışdığı və ABŞ-ın şist neft istehsalının güclü olduğu bir şəraitdə neft təchizatı da arta bilər. ABŞ-ın şist neft istehsalı artmasa belə, azalmaması neftin qiymətinə mənfi təsir göstərəcək. Neft qiymətlərinin düşməsi artıq bir çox neft ixracatçılarına öz təsirini göstərib. Onlar arasında Rusiya və Venesuela, Kolumbiya və Ekvador kimi Latın Amerikası ölkələri də var.
Rusiya Prezidenti Vladimir Putin ötən ay ölkədə iqtisadi böhranın yüksək həddə çatdığını bildirib. Analitiklər isə Rusiya rəsmilərini diversifikasiyalı iqtisadiyyat yarada bilmədiklərinə görə tənqid edib. Körfəz dövlətlərinin vəziyyəti də ürəkaçan deyil. Belə ki, Səudiyyə Ərəbistanının ötən ilki büdcə defisiti 67 milyard funt-sterlinq təşkil edib.
"Deutsche Bank" analitikləri bildiriblər: "Tarix Yaxın Şərqdəki geosiyasi gərginliklərin neft qiymətlərini yüksəldə biləcəyini göstərir və regiondakı qeyri-stabillik istehsala mane ola bilər." Yaranan vəziyyətin yüksək səviyyəli qurbanları hələ ki inkişaf etməkdə olan bazarlar arasından çıxıb. Neftin ucuz olması inkişaf etmiş ölkələrdə bəzi sektorlara ağır zərbə olsa da, bu zərbələr istehlakçıların götürdüyü mənfəətlərlə zərərsizləşdirilib.
Bununla belə, analitiklər xəbərdarlıq edirlər ki, qiymətlər bir çox neft istehsalçılarının defolt riski ilə üzləşdiyi ABŞ iqtisadiyyatı üçün də dönüm nöqtəsinə yaxınlaşır. Neft sektoruna qoyulan investisiya ABŞ ÜDM-sinin yalnız 1 faizini təşkil etsə də, ötən il qiymətlərin düşməsi ilə ÜDM 0,4 faiz azaldı. Qiymətlərin aşağı olmasının bu il də ÜDM-ni aşağı sala biləcəyi düşünülür. Ötən ilin ikinci yarısında sektorda müşahidə olunan müflisləşmə halları maliyyə böhranında rast gəlinən müflisləşmə səviyyəsini üstələdi. Bu haqda Amerika Bankı məlumat verib.
Neftin mənfi təsirləri dərhal hiss olunur, müsbət təsirlərin reallaşması isə daha uzun çəkir. Avrozona ölkələri üçün xəbərlər daha yaxşıdır. Almaniya bankı 2016-cı ildə neft satışının avrozona ölkələri üçün artıma müsbət təsir göstərəciyini düşünür. Ucuz neft valyuta blokuna yenidən kömək edəcək.