OPEC Rusiyaya müttəfiqlik təklif edir Dünya

OPEC Rusiyaya müttəfiqlik təklif edir

OPEC rəhbəri əl-Bədri: "Çətin vaxtlar çətin seçimlər edilməsini tələb edir"

Cavid

Neft ixrac edən ölkələrin karteli OPEC investisiyaların getdikcə azalmasının gələcəkdə böyük problemlərə səbəb ola biləcəyi ilə bağlı xəbərdarlıq edərək xam neft hasilatını azaltmaları üçün rəqib istehsalçılara müraciət edib. Rusiyaya isə rəsmi razılaşma təklif olunub.
"Telegraph" yazır ki, Kartelin 2014-cü ildən bəri neft qiymətlərinin 72 faiz azalmasından sonra rəqibləri ilə uzlaşma üçün müzakirələrə hazır olduğunu bildirən OPEC rəhbəri əl-Bədri deyib: "Çətin vaxtlar çətin seçimlər edilməsini tələb edir. Böyük neft istehsalçılarının bir araya gəlib həll yolu tapması mühüm əhəmiyyət daşıyır".
Cənab əl-Bədri tükənməkdə olan neft yataqlarının yeniləri ilə əvəz olunması üçün 10 trilyon investisiyaya ehtiyac olduğunu və 2040-cı ilə qədər bir gündə 17 milyon barrel neft tələbatının qarşılanmasının vacibliyini qeyd edib. Halbuki, bütün layihələr sürətlə təxirə salınır. IHS şirkətinin apardığı araşdırma ilə məlum olub ki, 2015-2020-ci illər üçün nəzərdə tutulmuş investisiya 1,8 trilyon dollara qədər azaldılıb.
Rusiyanın "Lukoil" şirkətinin vitse-prezidenti Leonid Fedun OPEC siyasətinin təşviş yaratdığını bildirib və Kremli neft hasilatının həddən artıq çox olması probleminin həll edilməsi üçün kartellə siyasi razılaşma hazırlamağa çağırıb: "İki barrel nefti 30 dollara satmaqdansa, bir barrel nefti 50 dollara satmaq daha sərfəlidir."
Rəhbərlərin bu düşüncəyə gəlməsi əlamətdar bir hadisədir. Belə ki, uzun müddətdir Rusiya şirkətlərinin OPEC-lə qüvvələrini birləşdirə bilməyəcəyi iddia edilirdi. Səbəb isə Sibirdə hava şəraitinin hasilatı istədikləri vaxt dayandırıbdavam etdirməyə imkan verməyəcəyinin düşünülməsi və siyahıya alınan şirkətləin Kreml qarşısında yox, səhmdarlar qarşısında məsuliyyət daşımalarıdır.
Cənab Fedun bildirib ki, OPEC onsuz da hasilatı azaltmağa məcbur olacaq. "Bu mayda, ya da yay aylarında baş verə bilər. Bundan sonra isə vəziyyətin sürətlə düzələcəyinin şahidi olacağıq." Leonid Fedun karteli səriştəsizlikdə günahlandıraraq əlavə edib: "OPEC qiymət müharibəsini başladanda ABŞ şirkətlərinin tezliklə iflas etmələrini gözləyirdi. Ancaq sonradan ABŞ istehsalının 50 faizinin hedcinq alətləri vasitəsilə qorunduğu məlum oldu."
Cənab Fedun qeyd edib ki, ABŞ istehsalının qorunması üçün alınan kontraktlar 2015-ci ildə sənaye üçün bir günə 150 milyon dollar dəyərində subsidiya rolunu oynayıb. İstifadə müddəti başa çatmaqda olan hedcinq alətləri bu il hasilatın sadəcə 11 faizini əhatə edəcək. İraqın baş naziri Heydər Abadinin Davosda ABŞ-ın neft ekspertlərinə kontraktların istifadə müddətinin nə vaxt başa çatacağını soruşduğu məlum olub. Bu isə bu məsələnin OPEC liderlərinin fikrini nə qədər məşğul etdiyini göstərir.
İtaliyanın "Eni" neft-qaz şirkətinin rəhbəri Klaudio Deskaltsi OPEC-in artıq xam neft üzrə "nizamlayıcı" rolunu oynamadığını, bazarların 80:1 nisbəti ilə əsl neft satışını üstələyərək "kağız üzərində neft satışı" ilə məşğul olan maliyyə qüvvələrinin əlinə keçdiyini bildirib.
Dünyanın aparıcı maliyyə qurumlarından biri olan "Barclays" şirkəti son həftələrdə müşahidə olunan vəziyyətin 1999-cu ilin əvvəlini, analitiklərin dünyanın "neftdə boğulduğunu" söylədikləri son dövrü xatırlatdığını bildirib. Belə ki, 2015-ci ilin son rübündə neft hasilatı bir günə 2,1 milyon barrel olmaqla ən yüksək həddə çatdı. Bu ilin ilk rübündə isə sanksiyaların qaldırılması ilə İran neftinin yenidən bazara çıxarılmasına baxmayaraq, artıq neft təchizatının bir gün üçün 1,2 milyon barrelə qədər azalması gözlənilir.
Bu ilin sonuna qədər "kiçik bir çatışmazlıq" ola bilər. Həmin vaxta qədər artmaqda olan tələbatın ödənilməsi üçün OPEC-in bir günə çıxardığı 32 milyon barrelə ehtiyac olacaq. Rekord həddə çatmış ehtiyatların azaldılması üçün isə hələ çox vaxt lazım olacaq. İqlimlə bağlı əldə olunan qlobal razılaşmalar və elektriklə işləyən nəqliyyat vasitələrinin oyuna daxil olması da vəziyyətə öz təsirini göstərir. Ancaq əsas bazarda vəziyyət 1999-cu ildə olduğundan daha gərgindir. Belə ki, üstünlük uğrunda sünni-şiə qarşıdurmasının parçaladığı Yaxın Şərqdə geosiyasi risklər indi daha çoxdur.
Qətərin enerji naziri Salih əl-Sadə hər şeyin sona çatdığını demək üçün çox tez olduğun bildirib: "Daha bir böhran dövrü keçirəcəyik, ancaq vəziyyəti yenə bərpa edəcəyik. Neft qiymətləri sabit olmur." Cənab əl-Sadə bu vəziyyətin qaz sənayesində də müşahidə ediləcəyi ilə bağlı xəbərdarlıq edib. Belə ki, bu il həddən artıq mayeləşdirilmiş təbii qaz təchizatı Avstraliya, Anqola və ABŞ-dan gözlənilir.