PKK İstanbulda küçə döyüşlərinə hazırlaşır Dünya

PKK İstanbulda küçə döyüşlərinə hazırlaşır

Hakimiyyət nəzarəti gücləndirib

Cavid

Ankaranın mərkəzində törədilmiş növbəti qanlı terror hücumunun ardınca PKK və ona bağlı terror qruplaşmaları bu dəfə İstanbulda silahlı hücumlara hazırlaşır.

Bu haqda sosial şəbəkələrin Türkiyə seqmentində həyacanlı məlumatlar yayılmaqdadır.

Ankarada, Qızılay meydanında törədilmiş terror hücumundan sonra Türkiyənin xüsusi xidmət orqanları və asayiş qüvvələri bütün iri şəhərlərdə, o cümlədən İstanbulda fövqəladə təhlükəsizlik tədbirləri görüb. Bəzi xarici səfirliklər yeni terror hücumları təhlükəsinə qarşı Novruz bayramı günlərində fəaliyyətini dayandırıb. Xüsusi xidmət orqanları PKK və ona bağlı qruplaşmaların bomba yüklü maşınlarla yeni hücumlar planlaşdırdıqları barədə əməliyyat məlumatlarına malikdir.

Bir qayda olaraq PKK-çılar Novruz bayramı günlərində xüsusi fəallıq edir və yazın gəlişini simvolizə edən bu günləri əslində özlərinin terrorçu-separatçı ideologiyalarını təbliğ etmək üçün istifadə edir. Bu baxımdan qarşıdakı günlərdə Türkiyədə terror təhdidinin yüksək olaraq qalacağı şübhə doğurmur. Və sosial şəbəkələrdə mümkün terror hücumları barədə məlumatlar paylaşılır.

Məsələn, "Kemal Soydere" adlı sosial şəbəkə istifadəçisi yazır: "Dostlar, panikaya qapılmayın, ancaq imkanınız varsa cümə axşamından etibarən ailənizlə İstanbulu tərk edin. Cümə günü və həftə sonları mümkün olduqca evdən çıxmayın, uşaqlarınızı küçəyə buraxmayın. Bu dəfə bomba deyil, küçə iğtişaşları və atışmaları gözlənilir. Dünən təkcə Fatihdə bir evə edilən basqında 175 "Kalaşnikov" çıxdı. Nə qədər belə hücrə evi olduğunu və nə qədər silah yığınağı həyata keçirildiyini təxmin belə etmək mümkün deyil. 48 saatdır davamlı olaraq evlərə əməliyyatlar təşkil edilir, ancaq çox ayrı səmtlərdə və dağınıq olaraq yer alırlar".

"Kemal Soydere" daha sonra yazır ki, məlumatları Diyarbəkirin Sur qəsəbəsindəki döyüşlərdə iştirak edən əsgərlərdən alıb. "Əsgərlər Surda terrorçuları yaxalayıblar, danışdırıblar, İstanbulda törətmək istədikləri hücumlar barədə məlumat alıblar. İstanbulu martın 20-də qan gölünə çevirmək istəyirlər"-istifadəçi yazır.

"Kesin Bilgi" adlı istifadəçi isə yazır ki, martın 19-da İstanbulda bombalı hücum gözlənilir. Onun iddiasına görə İstanbulda xəstəxanalar mümkün terror hücumuna qarşı hazırlıq vəziyyətinə gətirilib.

Sosial şəbəkələr bu cür müzakirələrlə doludur və virtualaz.org Türkiyədəki mənbələrdən əhali arasında ciddi təşviş hökm sürdüyünü təsdiqləyən əlavə məlumatlar alıb. İstisna deyil ki, bu cür məlumatların paylaşılması Ankara terrorundan sonra yaşanan panikanın nəticəsidir. Ancaq orası da aydındır ki, Türkiyə PKK terrorçuları ilə müharibənin daha qanlı fazasına daxil olub. Nə qədər güclü təhlükəsizlik tədbirləri görülsə də yeni terror hücumları ilə bağlı narahatlıqları çox yüksəkdir.