Kreml prezidentlər arasında telefon danışığı barədə məlumat yayıb Dünya

Kreml prezidentlər arasında telefon danışığı barədə məlumat yayıb

Kreml Rusiya və Türkiyə prezidentləri arasında baş tutmuş telefon danışığı barədə məlumat yayıb.
Kremlin mətbuat xidmətinin məlumatında bildirilir ki, Rusiya tərəfinin təşəbbüsü ilə baş tutan telefon danışığı zamanı Vladimir Putin türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğana iyunun 28-də İstanbulun Atatürk Beynəlxalq Hava Limanında baş verən terror aktı ilə əlaqədar başsağlığı verib.
Söhbət zamanı hər iki tərəf terror təhlükəsinə qarşı mübarizədə beynəlxalq əməkdaşlığın gücləndirilməsinin vacibliyi qeyd olunub.
Rusiya prezidenti Nazirlər Kabinetinə iqtisadi-ticarət və digər sahələrdə ikitərəfli əməkdaşlığın bərpa edilməsi haqqında göstəriş verəcəyini bildirib.
Qeyd olunub ki, rusiyalı turistlərə Türkiyəyə səyahət etməyin məhdudlaşdırılması tədbirləri geri götürülür. Bununla bərabər Türkiyə hökumətinin Rusiya vətəndaşlarının təhlükəsizliyini təmin etməsi istiqamətində əlavə addımlar atması arzulanıb.
Həmçinin Rusiya və Türkiyə XİN başçılarının iyulun 1-də Soçidə görüşü razılaşdırılıb. Bu görüşdə regiondakı vəziyyət, Suriya böhranı və Rusiya-Türkiyə əlaqələrinin gələcək inkişafı məsələləri müzakirə olunacaq. Hər iki ölkə lideri yaxın perspektivdə görüşün keçirilməsinin mümkünlüyü barədə razılaşıblar. Ümumilikdə görüş işgüzar, konstruktiv xarakter daşıyıb və çoxplanlı ikitərəfli əməkdaşlığın bərpa olunmasına istiqamətlənib.