Rusiya aviazərbələrə fasilə verə bilər Dünya

Rusiya aviazərbələrə fasilə verə bilər

Putin Berlində Poroşenko ilə də razılaşıb

Rusiya prezidenti Vladimir Putin Almaniya və Fransa liderləri ilə Berlində keçirilən görüşün təfərrüatları barədə jurnalistlərə açıqlamasında bəyan edib ki, onun ölkəsi Suriya ərazilərində aviazərbələrin endirilməsində fasilə verə bilər. Lakin bir şərtlə ki, onlar Hələbdə terror qruplaşmalarının fəallıqları ilə qarşı-qarşıya gəlməməlidirlər. Putin vurğulayıb ki, amerikalı partnyorlarımızın öz sözlərində duracaqlarına və "Cəbhət ən-Nüsra"nın, eləcə də "mülayim müxalifət" silahlılarının oradan çəkilmələri üçün çalışacaqlarına ümid edirik: "Ki, sonradan birgə işlərimizi davam etdirə bilək".
Qeyd edək ki, dünəndən etibarən, Suriyanın Hələb şəhərində atəşkəs elan olunub və bu müddətdə silahlılar tərəfindən, o cümlədən, mülki vətəndaşlardan olan xəstə və yaralılar atəş altında qalmış nöqtələrdən çıxarılacaqlar. Bu barədə Rusiyanın baş qərargahının operativ idarəsinin rəisi, general-leytenant Sergey Rudskoy da bəyan edib.
Bu arada Fransa prezidenti Fransua Olland da öz növbəsində baş verənlər barədə danışarkən, Hələbdəki situasiyanı "hərbi cinayət" adlandırıb və bu şəhəri "əzabkeş şəhər" kimi qiymətləndirib.
Lakin Parisdə Rusiyanın bir neçə saatlıq humanitar fasiləyə imkan verməsi mənasız adlandırılıb: "Biz, hələ ki, yaxın günlərdə hansı hadisələrin baş verəcəyi barədə dəqiq fikir deyə bilmərik. Bu atəşkəs bir neçə saatlıq ola bilməz, belə olan halda onun heç bir mənası yoxdur. Hazırda humanitar yardım vasitəsilə Hələbdəki müəyyən silahlıq qruplaşmaların şəhərdən çıxmalarına imkan verilməlidir".
Qeyd edək ki, Rusiya tərəfi bəyan edib ki, terrorçu hesab etdiyi silahlı qruplaşmalar və Qərbin "mülayim müxalifət" adlandırdığı tərəflər Hələbdən çıxmayacaqları halda onların tam məhvinə qədər hərbi əməliyyatları davam etdirmək niyyətindədir. Sözdə müxalifətçi olan silahlı qruplar və "Cəbhət ən-Nusra" terror təşkilatının üzvləri isə mülki əhalini canlı qalxan kimi istifadə edir. Nəticədə minlərlə insan atəş altında qalaraq həyatlarını itirir.
"112 Ukrayna " telekanalı isə xəbər verir ki, Berlində Poroşenko Putinlə razılaşdı.
Ukrayna prezidenti Pyotr Poroşenko Berlində keçirdiyi brifinqdə bəyan edib ki, Rusiya Donbas regionuna ATƏT-in polis missiyasının yeridilməsinə razılıq verib.
"Minsk razılaşmalarının yerinə yetirilməsi üçün "yol xəritəsi" noyabrın sonuna qədər işlənib hazırlanacaq. Bu, eyni zamanda sərhəd məsələlərinə də aiddir. Hesab edirəm ki, hazırda Normand formatının alternativi yoxdur", - deyə Poroşenko vurğulayıb.

Onun sözlərinə görə, görüşdə hər hansı bir sənəd imzalanmayıb. Poroşenko bildirib ki, yaxın vaxtlarda "Normand dördlüyü" ölkələrinin XİN rəhbərlərinin görüşü baş tutacaq.

Qeyd edək ki, ötən gün Almaniyanın paytaxtı Berlində "Normand dördlüyü"nün sammiti keçirilib.

Almaniya kansleri Angela Merkelin dəvəti ilə Rusiya Prezidenti Vladimir Putin, Fransa Prezidenti Fransua Olland və Ukrayna Prezidenti Pyotr Poroşenko Berlinə gəliblər. "Normand dördlüyü"nün liderləri Ukraynanın şərqində münaqişənin nizamlanmasına dair əsas məsələləri müzakirə ediblər.

Görüş 3 saatdan çox davam edib.