Qərb Rusiyanı cəzalandıracağını bəyan edir Dünya

Qərb Rusiyanı cəzalandıracağını bəyan edir

Moskvaya elan olunan "iqtisadi müharibə" Kremli geri çəkilmək məcburiyyətində qoyacaqmı?

Cavid

Ukrayna böhranı ilə bağlı görüşdə "Böyük Yeddilər"ə (G7)daxil ölkələrin nümayəndələri Rusiyaya qarşı sanksiyalarının gücləndirilməsi barədə razılığa gəliblər.
G7 ölkələrinin bəyanatında sanksiyaların təfərrüatlarına varılmır. Lakin ABŞ rəsmiləri konkret addımların tezliklə elan oluna biləcəyini deyiblər.
ABŞ Dövlət Departamenti də bəyan edib ki, Rusiya iqtisadiyyatı staqnasiya mərhələsindədir və Moskva gərginliyi azaldacaq addımlar atmasa, daha ciddi mənfi nəticələrlə üzləşəcək.
"Zənn edirəm ki, hansı vacib sektorlara diqqəti cəmləmək lazım olduğu haqda razılıq mövcuddur. Energetika onlardan biridir. Bank və maliyyə sahəsi digər sektordur. Daha bir sektor isə silahlanmadır", - deyə Ağ Evin adının çəkilməsini istəməyən yüksək səviyyəli nümayəndəsi deyib. O bildirib ki, bu addımların G7 ölkələrinin iqtisadiyyatı üçün də müəyyən təsirləri ola bilər, lakin nəzərə alınır ki, Rusiyanın qlobal iqtisadiyyatdan təcridinin bu ölkəyə mənfi təsiri daha çox olacaq.
Xatırladaq ki, G7 ölkələrinin dövlət başçıları Haaqa görüşünün yekunları əsasında birgə bəyannamə qəbul ediblər. Ukraynanın ərazi bütövlüyünün və suverenliyinin dəstəkləndiyi bəyannamədə Rusiya vəziyyəti gərginləşdirməyə davam edəcəyi təqdirdə daha ciddi sanksiyalarla hədələnir. G7 ölkələri Rusiyanın daxil olduğu G8 formatından da imtina ediblər.
ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Mari Harf bildirib ki, Rusiyanın "Böyük səkkizlik"də təmsil olunması formatın digər iştirakçıları ilə müqayisədə Moskva üçün daha vacib idi və bu formatı digərlərilə əvəz etmək mümkün olmayacaq. Onun sözlərinə görə, Rusiya iqtisadiyyatının inkişaf etmiş ölkələr klubunun tərkib hissəsi olması bu ölkə üçün önəmlidir. BRİCS-in (Braziliya, Rusiya, Hindistan, Çin və CAR-dan ibarət, sürətlə inkişaf edən ölkələr qrupu) Rusiya üçün G8-i əvəz edib-etməyəcəyi haqda suala Harf belə cavab verib: "Rusiya iqtisadiyyatı yaxşı vəziyyətdə deyil. Onlar başqa alternativ axtara bilər, lakin iqtisadiyyat artıq staqnasiya mərhələsindədir və Rusiya gərginliyi azaldacaq addımlar atmasa, daha ciddi mənfi nəticələrlə üzləşəcək".
Harf qeyd edib ki, Rusiya fond bazarı ilin əvvəlindən bəri təxminən 20% azalıb, rublun kursu aşağı düşüb, şirkətlərin kapitallaşması 75 milyard dollar həcmində azalmaya məruz qalıb və bu, Rusiyaya tətbiq olunan sanksiyaların nəticəsidir.
Xatırladaq ki, Rusiyanın xaric işlər naziri Sergey Lavrov G8-dən "yapışmadıqlarını" deyib və bildirib ki, bu format Qərbə lazım deyilsə, dünya problemlərini G-20 və digər formatlarda müzakirə etmək mümkündür.
Qeyd edək ki, Qərb bir qayda olaraq, Rusiyanı Ukrayna şərqindəki separatçıları dəstəkləməkdə ittihamlayır, Moskva bu kimi iddiaları rədd edir.
Qərbin sanksiya hədələrinə məhəl qoymayan Rusiya Ukraynada vəziyyəti gərginləşdirməklə davam edir. Artıq Şərqi Ukraynanın ən azı 7 şəhərində inzibati binalar silahlı rus separatçıları qüvvələr tərəfindən zəbt olunub.
Tərəflər arasında mübahisənin dərinləşdiyi bir vaxtda ABŞ Müdafiə Hazirliyi cümə günü Rusiya hərbi təyyarələrinin Ukrayna hava məkanına daxil olduğunu bildirib. Pentaqonun nümayəndəsi təfərrüatlara varmadan insidentlərin Ukrayna şərqində baş verdiyini qeyd edib.
Qərbin Rusiyaya yönəlik "birja müharibəsi" nəticəsini verir və artıq rubl, iri şirkətlərin səhmləri sürətlə ucuzlaşmağa başlayır, ardınca da neftin ucuzlaşması gözlənilir. Valyuta bazarında sabitlik yaratmaq üçün Rusiyanın Mərkəzi Bankı xarici valyutaya olan tələbatı azaltmaq məqsədilə bazara külli miqdarda valyuta çıxarıb. İqtisadi təhlilçilər ilk saatlarda satışa çıxarılan xarici valyutanın həcminin bütün tarix boyu ən yüksək həddə olduğunu açıqlayıblar. Bunun nəticəsində lokal sabitlik yaratmaq mümkün olub. Mərkəzi Bankın həyata keçirdiyi valyuta intervensiyasının konkret həcmi açıqlanmayıb.
Artıq Rusiyadakı ticarət şəbəkələri təchizatçılardan qida məhsullarının topdansatış qiymətlərinin yüksəldiyi haqda xəbərdarlıq almağa başlayıblar. Yay aylarında şəkər və kartofun qiymətinin 10 faizdən çox yüksəlməsi proqnozlaşdırılır.
ABŞ prezidenti Barak Obamanın administrasiyasında isə Rusiyaya qarşı "iqtisadi hücum" bağlı plan hazırlanıb. "The Daily Beast" analitik-informasiya saytı Amerika administrasiyasındakı adının çəkilməsini istəməyən mənbəyə istinadən xəbər verir ki, Rusiyanın yüksək vəzifəli siyasi və hərbi liderləri, iş adamları və Ukraynadakı rusdilli separatçılar sanksiyaya məruz qala bilər. Hazırda Ağ Evin, ABŞ Dövlət Departamentinin və Maliyyə Nazirliyinin ekspertləri Rusiyaya qarşı sanksiyaların hazırlanması ilə məşğuldur.
Senator Con Makkeyn isə yenidən "Maqnitsk Aktı"nın genişləndirilməsini təklif edib. Lakin Obama administrasiyası sanksiyaların effektini yüksəltmək üçün atılacaq addımları Avropa Birliyi ilə razılaşdırmaq istəyir. 2008-ci ildə Gürcüstandakı böhrana ABŞ-ın reaksiyasını xatırladan amerikalı mənbə "Ukraynada biz yəqin ki, Gürcüstan məsələsində olduğundan daha irəli gedəcəyik" deyib.
Xatırladaq ki, 2008-ci ilin avqustunda Rusiya qoşunlarının Gürcüstana hərbi təcavüzündən sonra qlobal maliyyə böhranı yaşandı və bundan ən çox Rusiya əziyyət çəkdi. Birjalarda səhmlərin dəyəri kəskin ucuzlaşdı, rubl sürətlə dəyərini itirdi. Ən başlıcası Rusiyanın əsas gəlir mənbəyi olan neftin qiyməti sürətlə ucuzlaşmağa başladı. İlin birinci yarısında bir bareli 147 dollara çatan neftin dəyəri ilin sonunda 33 dollara qədər endi. Rusiya iqtisadiyyatı çöküşün bir addımlığında idi. Rusiyalı ekspertlər qlobal böhranın ABŞ-ın Rusiyaya qarşı layihəsi olduğunu bildirirdilər. Hətta o vaxt rus mediasında "ABŞ Rusiyanı ürəyindən vurdu" kimi fikirlər yer alırdı. ABŞ özünün nüfuz dairəsində olan Gürcüstana hərbi təcavüzünü Rusiyaya bağışlamadı. İndi təbii ki, ABŞ Gürcüstandan daha əhəmiyyətli olan Ukrayna məsələsində də geri çəkilməyəcək. Hadisələrin sonrakı gedişatını belə proqnozlaşdırmaq olar:
- Rusiyanı iqtisadi baxımdan zəiflətmək üçün neftin qiyməti ucuzlaşmağa başlayacaq, bu, Rusiyanın büdcə kəsirinin böyüməsi və valyuta ehtiyatlarının tükənməsinə təkan verəcək;
- Qərb investorları Rusiya bazarlarını müvəqqəti də olsa tərk edəcək, Rusiyada işsizlik və yoxsulluğun səviyyəsi kəskin artacaq;
- Rublun dəyərdən düşməsi əhalinin alıcılıq qabiliyyətinə mənfi təsir göstərəcək və sosial təlatümlərə gətirib çıxaracaq.
Bir sözlə, ABŞ Rusiya ilə səngərdə deyil, birjalarda döyüşmək qərarı verib. Rusiyanın zəif iqtisadiyyatı isə bu döyüşə qətiyyən hazır deyil. Sanksiyaların işə düşdüyü ilk 3 gündə real təsirlərin olması da göstərir ki, Rusiya "birja müharibəsini" uduzacaq. Bu sanksiyalar Rusiya Ukraynadan əl çəkənə qədər davam edəcək.
Rusiyanın baş naziri Dmitri Medvedyev isə bildirib ki, Rusiyaya qarşı Ukrayna ilə bağlı tətbiq olunan maliyyə sanksiyaları "cəzasız" qalmayacaq.
Medvedyev bir sıra beynəlxalq maliyyə qurumlarının bəzi yerli banklara göstərdiyi xidməti dayandırmasını pisləyib: "Xarici partnoylar bir neçə Rusiya bankını beynəlxalq ödəniş sistemindən xaric edib. Əlbəttə ki, bu sistemlərlə bağlı qüvvədə olan müqavilələrin kobudcasına pozulması deməkdir. Hesab edirəm ki, bu cəzasız qalmamalıdır. Həmin xarici şirkətləri özlərinə gətirmək üçün var gücümüzü və əlimizdə olan vasitələri ortaya qoymalıyıq. Qoy fors-major hallarını və ya prezident, parlament seçkilərini bəhanə etməsinlər".
Medvedyev Visa və Mastercard-ı mövcud iqtisadi münasibətlər çərçivəsində hərəkət etməyə çağırıb. Medvedyev bir müddət əvvəl Putinin etdiyi bəyanata da toxunaraq, Visa və Mastercard-a rəqib olacaq milli beynəlxalq ödəniş sistemi yaradacaqlarını bildirib.
Qeyd edək ki, Qərbin Krım böhranına görə, Rusiyaya qarşı yeritdiyi sanksiyalardan sonra Visa və Mastercard Sankt-Peterburqda qərarlaşmış Rossiya Bankı və onunla bağlı 2 digər banka göstərdiyi xidmətləri dayandırıb.
ABŞ-ın maliyyə naziri Ceykob Lyu isə bildirib ki, Birləşmiş Ştatlar və onun müttəfiqləri Rusiyanın Ukraynanın şərqində qeyri-sabitliyi qızışdırmağa davam edəcəyi təqdirdə Rusiyaya qarşı əlavə sanksiyalar tətbiq etməyə "tam hazırdır".
Onu da bildirək ki, Ukrayna ilə qarşıdurmanın bir günü Rusiyaya 55 mlrd. dollara başa gəlib. Bunu fond və ticarət bazarındakı hərraclar göstərib. Dollar və avroya nisbətdə rublun usuzlaşması da rekord həddə çatıb.
Bu arada digər bir məlumat yayılıb ki, ABŞ Rusiya iqtisadiyyatının iki nəhəngi - "Rosneft" dövlət neft-qaz şirkəti və "Qazprom" Açıq Səhmdar Cəmiyyətinin rəhbərləri İqor Seçin və Aleksey Millerə qarşı sanksiya tətbiq etməyə hazırlaşır. Sanksiyaların həmin şirkətlərlə əlaqələri olan Azərbaycan şirkətlərinə təsir edib-etməyəcəyini Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban şərh edib. Onun sözlərinə görə, sanksiyaların hansı səviyyədə olacağı hələ dəqiqləşməyib: "Çox güman ki, ABŞ senatorlarının təklif etdiyi o qanun layihəsi Avropanın Rusiyadan enerji asılılığının azalması üçün gündəliyə gətirilir".
Ekspertin fikrincə, Azərbaycanın Rusiya ilə əməkdaşlığı elə bir formadadır ki, bu sanksiyaların Azərbaycan şirkətlərinə təsiri çox aşağı səviyyədədir: "Azərbaycan "Qazprom"a Dağıstanın qazla təmin edilməsi üçün qaz satır. Bu regional əməkdaşlıq çərçivəsində həyata keçirilir. Düşünürəm ki, sanksiyalar bu əməkdaşlığa təsir etməyəcək. Çünki bu, ilk növbədə Avropaya, ikincisi "Qazprom"dan qazın alınmasını azaltmaqla Rusiaynın gəlirlərinin azaldılmasına yönələn addımdır. Sanksiyaların tətbiqi ilə Rusiya iqtisadiyyatı zərbə altına alınır. Bununla Rusiyanın Ukraynaya qarşı mövqeyinin səhv olduğunu başa salmağa çalışırlar".
İ.Şabanın sözlərinə görə, bunu Kremli cəzalandırmaq kimi də qiymətləndirmək olar: "Bizim Rusiya ilə enerji təmasımızda Rusiya Azərbaycana vəsait ödəyir. Bizdən Rusiyanın dövlət büdcəsinə vəsait getmədiyindən, Azərbaycana ciddi təsiri ola bilməz".