Obama ABŞ-da müsəlmanların izlənməsi sistemini ləğv edib Dünya

Obama ABŞ-da müsəlmanların izlənməsi sistemini ləğv edib

"The Guardian" yazır ki, Obama administrasiyası 11 sentyabr hücumlarından sonra ABŞ-da ərəblərin və müsəlmanların izlənməsi üçün yaradılmış nəzarət sistemini ləğv edib. Məqalədə deyilir ki, bu, müsəlmanların ABŞ-a buraxılmamasını təklif edən Donald Trumpın bütün gələcək planlarını poza bilər. ABŞ-ın Daxili Təhlükəsizlik Nazirliyi bildirib ki, Milli Təhlükəsizlik Giriş-Çıxış Qeydiyyatı Sisteminin (National Security Entry-Exit Registration System - NSEERS) hələ də qüvvədə olan son mexanizmləri ləğv olunur.
"The Guardian" yazır ki, 11 sentyabr hücumundan sonra tətbiqinə başlanmış bu sistem Buş administrasiyasının ən çox nifrət doğuran elementi idi. Bu sistemə əsasən əsas əhalisi ərəblər olan 25 ölkədən ABŞ-a gələnlərdən barmaq izləri alınırdı və onlar vaxtaşırı qeydiyyatdan keçmək üçün nazirliyə gəlməli olurdular. Bu sistem 80 min insanı əhatə edirdi və onlardan 14 mini heç bir terror və ya zorakı hərəkətlərdə bulunmamasına baxmayaraq deportasiya siyahısına salınmışdı.
"The Guardian" yazır ki, Obama prezidentliyinin son günlərində NSEERS sistemini ləğv etməklə bir çox insan haqları müdafiəçisinin ürəyindən xəbər verib. Ekspertlər bu qənaətdədirlər ki, bu sistemin ləğvi ilə Trampın antimüsəlman planlarına "tormoz qoyulub".
Onlar deyirlər ki, Donald Trampın bu və ya buna bənzər sistem tətbiq etməsinə aylarla vaxt lazım gələ bilər. "The Guardian" yazır ki, sözü gedən sistemin memarlarından biri olan Kris Kobac Trampın keçid administrasiyasına daxildir və işə başlayan kimi sistemi daha da təkmilləşdirəcəyini vəd etmişdi. Tramp və Putin nüvə yarışına "start veriblər". "Financial Times" qəzeti yazır ki, Vladimir Putin və Donald Tramp ehtimalən bir-birindən xəbərsiz, amma eyni vaxtda öz ölkələrinin nüvə qüdrətini artırmaq niyyətində olduqlarını bildiriblər. Məqalədə deyilir ki, bu hadisə Rusiya və ABŞ-ın qlobal məsələlərdə tezliklə dil tapacaqlarına dair ümidlərlə üst-üstə düşmür.
Rusiya Müdafiə Nazirliyinin rəhbərliyi ilə müşavirə keçirən Putin deyib ki, "istənilən hazırkı və gələcək havadan müdafiə sistemlərini yara biləcək nüvə raketlərinin hazırlanması" Moskvanın vacib vəzifələrindəndir. Bundan bir neçə saat sonra cənab Tramp Twitter hesabından yazıb ki, Birləşmiş Ştatlar "dünya nüvə silahı barədə ağlını başına yığanadək" özünün nüvə qabilləytini genişləndirməlidir.
Washington-da mənzillənən Silahlara Nəzarət Assosiasiyasının rəhbəri Daryl Kimball deyib ki, Trampın postundan söhbətin artıq mövcud modernizasiya planlarından, yoxsa nüvə başlıqlarının əlavə olaraq artırılacağından getdiyi aydın olmur. Kimball deyib ki, burada söhbət çox güman modernizasiya proqramından gedir, amma ola da bilər, cənab Trump nüvə başlıqlı raketlərin sayının artırılmasından söz açıb. Əgər belədirsə, ABŞ onilliklər bundan əvvəlki siyasətinə qayıdacaq.
Trampın keçid komandasının sözçüsü Jason Miller deyib ki, burada söhbət sülhün əldə olunması üçün nüvə qabiliyyətinin artırılmasından gedir. Miller nüvə başlıqların artırılıb-artırılmayacağı barədə suala konkret cavab verməyib. Kimball isə deyib ki, dünyanın ən böyük nüvə dövlətinin başçısı üçün siyasətinin gələcək istiqamətini Tvitterdə bəyan etmək böyük məsuliyyətsizlikdir.