Rusiya və İran prezidentləri birgə bəyanatla çıxış ediblər Dünya

Rusiya və İran prezidentləri birgə bəyanatla çıxış ediblər

Ruhani: "Rusiya-İran-Azərbaycan əməkdaşlığı xalqlarımızın rifahına xidmət edir"

"Rusiya və İran beynəlxalq tranzit marşrutlarının ikitərəfli və çoxtərəfli ticari-iqtisadi əməkdaşlıqda əhəmiyyətli rolunu qeyd edir və "Cənub-Şimal" beynəlxalq nəqliyyat dəhlizinin reallaşdırılması istiqamətində praktik addımların davam etdirilməsi niyyətlərini bir daha təsdiqləyirlər".
Bu barədə Rusiya prezidenti Vladimir Putin və Rusiyada səfərdə olan İran prezidenti Həsən Ruhaninin görüşünün yekununda qəbul olunan bəyanatda deyilir. Bəyanatda tərəflər Qəzvin-Rəşt-Astara dəmir yolu xəttinin bu marşruta tez bir zamanda birləşdirilməsi üçün səylərin artırılmasının vacibliyini qeyd ediblər.
Tərəflər Xəzər regionunda sülh, stabillik və təhlükəsizliyin təmin olunması, gəmiçilik, tranzit və çoxmodullu yükdaşımaları, dayanıqlı inkişaf, ətraf mühitin mühafizəsi, su bioresurslarının mühafizəsi və idarəçiliyi, neft çirklənmələrinə qarşı mübarizə, o cümlədən ticarət, turizm və dəniz elmi araşdırmaları sahələrində çoxtərəfli əməkdaşlığın gələcəkdə də inkişaf etdirilməsinə tərəfdar olduqlarını bildiriblər.
Bununla yanaşı, hər iki prezident Cənubi Qafqaz və Mərkəzi Asiya regionunda sülh və stabilliyin möhkəmlənməsi üçün bu regionlarda siyasi, iqtisadi və digər sahələrdə əməkdaşlığı genişləndirməyə, həmçinin bu regionların ölkələrinin iştirakı ilə çoxtərəfli formatlar çərçivəsində əməkdaşlığa hazır olduqlarını ifadə ediblər.
Bəyanatda qeyd olunur ki, Rusiya və İran Suriya münaqişəsinin siyasi-diplomatik yolla nizamlanmasının tərəfdarıdır: "Rusiya və İran Suriyanın müstəqilliyinə və ərazi bütövlüyünə hörmətlə yanaşır, münaqişənin sülh yolu ilə həllinə alternativin olmadığını hesab edir. Biz Suriya hakimiyyəti, ordusu və xalq müqavimət qüvvələrinin 6 il ərzində İŞİD, Əl-Nusra Cəbhəsi və onlarla əlbir olan digər terrorçu təşkilatlara qarşı mübarizəsini səyləri tam dəstəkləyirik".
Bəyanatda Suriya münaqişəsinə dair Astanada danışıqların keçirilməsinə şərait yaradan Rusiya, İran və Türkiyənin birgə fəaliyyəti xüsusilə vurğulanıb. Qeyd olunub ki, həmin fəaliyyət nəticəndə Suriyada effektiv və davamlı atəşkəs rejiminə nail olunub. Tərəflərin qənaətinə görə, bu əməkdaşlıq BMT himayəsi altında Suriyaya dair keçiriləcək Cenevrə danışıqları yolunda vacib addımdır.
Xatırladaq ki, İran prezidenti Həsən Ruhani Moskvada Rusiya prezidenti Vladimir Putinlə görüşdən sonra keçirilən birgə mətbuat konfransında Rusiya-İran-Azərbaycan üçtərəfli əməkdaşlığı barədə də mövqeyini açıqlayıb. Həsən Ruhani deyib ki, Rusiya-İran-Azərbaycan üçtərəfli əməkdaşlığı xalqlarımızın rifahına xidmət edir.
O, üçtərəfli formatda əməkdaşlığın davam etdiriləcəyini bildirib.